15 noyabr 2023 02:36
349

Doğmaların gəlir, aç qoynunu, Laçınım!

Azad və abad şəhər əzəli sahiblərinin nəfəsi ilə canlanacaq, vüqarına qayıdacaq, firavan və xoşbəxt günlər görəcək  

Uca dağlar qoynunda məskən salan yurdumuz-Laçının işğaldan azad edilməsinin üçüncü ildönümü ərəfəsindəyik.  Laçın dağlarından bu gözəl diyarın himninə çevrilmiş,  30 ilə yaxındır dillərdən düşməyən, yurd həsrəti ilə yanıb-tutuşan, o dağların eşqi ilə yaşayanların laylası olan “Laçınım mənim” mahnısı səslənir… Dillər əzbəri olan bu nəğməni daha kədər, nisgil, həsrət dolu duyğularla yox, qürur, sevinc, zəfər ab-havası ilə gözümüz yaşlı deyil, üzümüzdə təbəssümlə dinləyirik, iliyimizə işləyən, sarı simə toxunan misralarını ifaçı ilə birgə zümzümə edirik. Bu, yuxu deyil, gərçəkdir. Bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun tarixə həkk etdiyi qızıl səhifədir.

Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi.

Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir. Xatırladaq ki, dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın Şəhəri Gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

Laçın özünün yeni dövrünə qədəm qoyub

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2021-ci il fevral ayının 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Ərazidə dövlət sərhədlərinin möhkəmləndirilməsi ilə yanaşı,  fərqli təyinatlı yol, enerji infrastruktur layihələrinin reallaşdırılması istiqamətində işlərə başlanıldı. Bu gün Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir, mehmanxana kompleksinin təməli qoyulub. Bu il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinin, mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib. Avqustun 26-sı isə işğaldan azad olunmuş Laçının ilk dəfə Şəhər Günü böyük təntənə ilə qeyd edilib. Bu günə kimi Laçında 620-si fərdi yaşayış binası və 144 mənzilli 9 çoxmərtəbəli bina olmaqla 700 bina inşa edilib və bu işlər davam edir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərinin daxili yollarının bərpası layihəsini sürətlə və keyfiyyətlə icra edir. Dövlət Agentliyindən bildirilib ki, uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidən qurulması mərkəzi küçələrin və məhəllədaxili yolların bərpasından ibarətdir. Küçə və məhəllədaxili yolların eni 4-11 metrarası dəyişir. Laçın şəhərinin daxili yollarının bərpası ilə şəhər ərazisində müasir yol infrastrukturu qurulur ki, bu da burada yaşayan əhalinin və bura gələn qonaqların rahat gediş-gəlişini təmin edir.

Əhalinin doğma torpağına qaytarılması ilə yanaşı, həm də sənaye infrastrukturu yaradılır, yeni iş yerləri ərsəyə gətirilir. Ümumilikdə Laçın şəhərinin və Laçın rayonunun sosial-iqtisadi inkişafına əsaslı zəmin formalaşdırılır.  Yaxın günlərdə isə əhalinin gediş gəlişini yaxşılaşdırmaq üçün ictimai nəqliyyat fəaliyyətə başlayacaq.

Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

Göründüyü kimi, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır.

Laçınlıların yeni həyatı başlayıb

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yaranıb. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın  və Füzuli şəhərlərinə  keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir. Bu gün Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı, 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidirik.

Mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri  325  ailəyə qucaq açıb və 1245 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşdırılıblar.

Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğaldan azad olmuş torpaqlarımız tezliklə bərpa olunacaq və daimi sakinlərinin  yurd yeri olacaq. Bu işdə hər birimiz ölkə başçımıza əməli işimizlə dayaq olmalıyıq və olacağıq.

Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində çıxış edən ölkə Prezidenti İlham Əliyev  bildirdiyi kimi, bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq.

Yaqut Ağaşahqızı, “İki sahil”