05 noyabr 2023 01:54
1108

Dünyanı heyran edən Böyük Qayıdış

Hazırda Böyük Qayıdış sürətlə, planauyğun, həm də mərhələli şəkildə davam edir. Bütün bunlar isə Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində  həyata keçirilir. Elə bu Proqram çərçivəsində 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın qayıdışı nəzərdə tutulur.

Təbii ki, yalnız köçürülmə ilə iş bitmir. Həmin yaşayış məntəqələrində 30 il vaqonlara, çadır düşərgələrinə, yataqxanalara sığınan insanların normal yaşaması məqsədilə hər cür infrastruktur da yaradılıb. Şübhəsiz, bu şərait onlara çəkdikləri çətinlikləri - yeməyə çörək, içməyə su, geyinməyə paltar tapmadıqları günləri unutduracaq. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçən əhalinin 70 faizinin məşğulluğu da təmin edilib. Yeri gəlmişkən qeyd edək ki, noyabrın 4-də Ağdamda “Əhalinin dayanaqlı məskunlaşmasında məşğulluğun rolu – görülmüş işlər və çağırışlar” mövzusunda keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, məcburi köçkünlər Qarabağda ən gözəl mənzillərlə təmin olunsa da, ən vacib amillərdən biri onların məşğulluğudur: “Məhz bu istiqamətdə də işlər dövlət başçısının diqqətindədir”.

Bu məqamda “Hər zaman mənim gözlərimin önündə onlar idi” deyən dövlət başçımızın 2020-ci il mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkün ailələri üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışında söylədiyi aşağıdakı sözləri xatırlamaq yerinə düşərdi: "Bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq". Bütün vədlərini yerinə yetirən dövlət başçımız müdrik siyasəti ilə bu dediklərini də reallaşdırdı. Qeyd edək ki, həmin kompleks keçmiş məcburi köçkünlər üçün salınmış sonuncu müvəqqəti yaşayış kompleksi olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun sözlərinə görə, son 30 ildə isə Azərbaycanın 30-dan çox şəhər və rayonunda 116 yeni müasir yaşayış kompleksi keçmiş qaçqın və məcburi köçkünlərin istifadəsinə verilib.

Amma bu, bir həqiqətdir ki,  münaqişəyə məruz qalmış ərazilərin erməni vandalları tərəfindən minalarla geniş miqyasda çirklənməsi yenidənqurma, abadlıq işlərinin daha səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz dogma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin bitməsindən ötən 3 ildə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçib və onlar arasında mülki şəxslər üstünlük təşkil edir. Noyabrın 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi (ANAMA) və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin birgə təşkilatçılığı ilə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmə zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov mina və partlamamış silah-sursat ucbatından torpaqların kəskin eroziyaya məruz qaldığını diqqətə çatdırıb: “Bu ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, hadisələr qaçılmaz olur. ANAMA-nın məlumatına əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlayışı hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb, 7 nəfər isə həyatını itirib. Eyni zamanda, 6 ədəd kənd təsərrüfatı texnikası yararsız hala düşərək sıradan çıxıb”. Sözügedən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mina problem ilə beynəlxalq təşkilatları da Azərbaycana dəstək verməyə çağırırıb.

Bu kimi çətinliklərə rəğmən ötən müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda o qədər genişmiqyaslı layihələr həyata keçirilib ki, onları saymaqla qurtarmaz. Artıq istifadəyə verilmiş Füzuli və Zəngilanda Beynəlxalq Hava limanları ilə bərabər, Laçındakı üçüncü hava limanının tikintisi sürətlə davam edir. Hətta işğaldan azad edilmiş bəzi məkanlarımız indi beynəlxalq tədbirlərə də qucaq açıb. Məsələn, sentyabr ayında Zəngilan Konqres Mərkəzi Kompleksi 50-dən çox ölkədən 450-yə yaxın yerli və xarici nümayəndənin iştirakı ilə keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi edib. Bu isə o deməkdir ki, artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb.

Yeri gəlmişkən qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması,, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə dövlət  büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Son 9 ayda Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 741 milyon manat vəsait yönəldib. Növbəti il üçün planlaşdırılan  minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Özü də Azərbaycan bütün bunları öz dövlət vəsaiti hesabına, yəni  bu və ya digər ölkədən  heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almadan həyata keçirir. Qeyd edək ki, burada iki qardaş ölkə - Özbəkistan və Qazaxıstan istisnadır. Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə bu məsələyə toxunan Prezident İlham  Əliyev Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və inşa edilən yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirərək deyib: “Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür”.

Bu gün Böyük Qayıdışımız həm də dünyanın diqqət mərkəzindədir. Dünya bu quruculuğu alqışlayır, hətta heyran qaldığını belə gizlətmir. Məsələn, bu günlərdə ukraynalı jurnalist Yuri Romanenko işğaldan azad edilən ərazilərimizdə infrastrukturun bərpasında əldə olunan uğurlardan söz açarkən deyib: “Azərbaycanın gördüyü iş bizim baxmalı və öyrənməli olduğumuz bir modeldir”. "Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından, işğalın izlərinin qısa müddətdə silinməsindən məmnuniyyət hissi duyuram".  Bu sözlər isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur.

Bəli, artıq üç ildir ki, yeni tarixi reallıqlar içərisində yaşayırıq. Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərimizin Azərbaycanın ən inkişaf etmiş regionuna çevriləcəyi şəksizdir. Bütün bunlar isə böyük Zəfərimizin sayəsindədir. Məhz bu qələbənin nəticəsi olaraq Vətən həsrətli keçmiş məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdırlar. Bu mənada Böyük Qayıdışı şanlı Zəfərimizin şah əsərlərindən biri adlandırmaq olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”