07 oktyabr 2024 23:36
88

Cənab Prezident İlham Əliyevin çıxışı azərbaycançılığın qüdrəti kimi tarixləşdi

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Azərbaycanın torpaqları işğaldan azad edildi, ərazi bütövlüyü tam bərpa olundu. Bununla da işğal sonlandırıldı. İşğaldan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ayrı-ayrı rayonlarda quruculuq işlərinə başlanıldı. Böyük miqyaslı quruculuq işləri böyük məsuliyyətlə davam etdirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə işğaldan azad edilmiş rayonlar üçün xüsusi günlər müəyyənləşdirilib. Belə günlərdən biri də Cəbrayıl şəhəri Günüdür. Oktyabrın 4-ü bu ovqatla yaşanıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhəri Günündə çıxışında tarixi Zəfərin qüdrətindən, Azərbaycan Ordusunun qətiyyətindən, ordu ilə xalqın birliyindən və s. danışaraq qeyd etdi ki, İkinci Qarabağ müharibəsində işğaldan azad edilən ilk şəhər Cəbrayıl şəhəri oldu. Bu qələbə müharibənin sonrakı döyüşlərində döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da. Cəbrayıl şəhəri Günündə dövlət başçısı dedi: “Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətılə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir”.

Vətən müharibəsində sonrakı böyük qələbələrdən biri Hadrutun işğaldan qurtuluşu oldu. Bu əməliyyat istər hərbi dəyərinə görə, istərsə də mənəvi dəyərinə görə həmişə qürurla anılacaqdır. Bu əməliyyat Azərbaycan əsgərinin qətiyyətinin, Vətənə sevgisinin, yüksək peşəkarlığının təsdiqi kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəbrayıl şəhəri Günündə çıxışında bu əməliyyatdan da söz açdı, onun müharibədə qazanılan vacib bir qələbə olduğunu xatırlatdı: “Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişik. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu”.

Azad edilmiş torpaqlarda aparılan işlərin öz miqyasına görə xüsusi xarakter daşıdığını, heç yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələrdə bərpa işlərinin bu sürətlə aparılmadığını, quruculuq işləri aparılan ərazilərdə baş planların təsdiq edildiyini, hər bir kənddə bütün lazımi infrastrukturun nəzərdə tutulduğunu xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə qarşı düşmənçilik siyasətinin dayanmadığını da bildirdi: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistanın başladığı ədalətsiz müharibə səbəbindən Azərbaycanın ərazilərinin 20 faizinin işğal olunduğunu, münaqişənin sülh yolu ilə həllinə göstərilən cəhdlərin Ermənistanın işğalçılıq siyasəti səbəbindən baş tutmadığını qətiyyətlə bildirmişdi, demişdi ki, nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Belə də oldu. Azərbaycan Ermənistanı döyüşdə məğlub etdi. Ancaq “Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi bir fikir Azərbaycanın sabahlarına böyük inamın ifadəsidir: “Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik”. Cəbrayıl şəhəri Günündə dövlət başçımızın çıxışı azərbaycançılığın qüdrəti kimi tarixləşdi...

Səbinə Xasayeva,
Milli Məclisin deputatı