03 noyabr 2023 22:37
495

Biz böyük Türk dünyasının bir hissəsiyik - ŞƏRH

Dövlət başçısı İlham Əliyev Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə bir daha belə bir əminliyi ifadə etdi ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq

Azərbaycanın xarici siyasətində Türk dünyasının birliyi prioritet məsələ kimi öndə dayanır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövrünün reallıqları bir daha bu birliyin təqdimatı oldu. Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən  10-cu yubiley Zirvə görüşü bir daha birliyimizin  dünəninə, bu gününə və gələcəyinə işıq saldı.

Zəfərimiz türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi

Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçısı İlham Əliyev ötən il   Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə bu çağırışı etmişdir ki,  Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

  Təhlillər əsasında bu fikir xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir sənəd münasibətlərin inkişafında  hüquqi bazadır. Prezident İlham Əliyev Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən  10-cu yubiley Zirvə görüşündəki çıxışında bu məqamı xüsusi qeyd etmişdir ki, son iki ildə  Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər edib.  Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Dövlət başçısı İlham Əliyevin Qazaxıstana bu səfəri son 2 ildə   sayca 3-cü səfəridir.

     Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan ediblər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən tikiləcək Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini və sair qeyd etmək olar. Eyni zamanda, bu ilin fevralında qardaş Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına Türk Dövlətləri Təşkilatına  üzv dövlətlərin dəstəyi xüsusi vurğulanmalıdır. Tam əminliklə söyləmək olar ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.

Birliyi diktə edən şərtlər

Prezident İlham Əliyev hələ bir neçə il əvvəl təşkilatın gözəl gələcəyinin olacağını böyük uzaqgörənliklə bildirmişdir: «Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir.»

Dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının  inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayıb.

 Dövlət başçısı İlham Əliyev yubiley Zirvə görüşündəki çıxışında bir daha diqqəti bu məsələlərə yönəldərək bildirmişdir ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard  dollardan çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur

Azərbaycan  ən yüksək tribunalardan bu reallığı diqqətə çatdırır ki, dünya hüquq problemini yaşayır. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanması fonunda bu reallıq öz təsdiqini tapır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası, beynəlxalq hüququn norma və  prinsiplərinin tətbiqi üçün vahid mexanizm yoxdur. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana  gəldikdə isə 27 il gözləməli olduq. «Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır» söyləyən dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, səfəri yoxdur ki, 30 illik işğal dövründə yaşadıqlarımız, ermənilərin törətdikləri vəhşiliklər dünya ictimaiyyətinin diqqətinə çatdırılmasın. Dövlət başçısı İlham Əliyevin daim çağırışlarında bu məqam xüsusi yer tuturdu ki, bir ölkənin problemləri digərini düşündürməli, həlli istiqamətində birgə addımlar atılmalıdır. 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə dövrünün reallıqları Türk dünyasının bu sahədə göstərdiyi birliyin, həmrəyliyin nümayişi oldu. Azərbaycan daim bu birliyin möhkəmləndirilməsinə davamlı töhfələri ilə diqqətdə olub. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır.

Naxçıvandan başlanan yol

 Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  yaradılıb. O vaxt Sazişi dörd ölkənin rəhbərləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına  çevrilib və onun üzvlərinin sayı artıb. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var.

Azərbaycan Türk Şurasına sədrlik etdiyi dövrdə bu birliyin təmin edilməsi istiqamətində biri-birindən mühüm addımlar atdı. Təkcə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi  zamanlarda Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşü keçirildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, bu ilin fevralında qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ böyük insan tələfatına, dağıntılara səbəb oldu. Azərbaycan ilk dəstək göstərən ölkə oldu. “Biz sizinləyik qardaş Türkiyə” devizi altında həyata keçirilən yardım kampaniyası dünyaya Türk dünyasının növbəti birlik mesajı oldu. O da məlumdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Bu, bir daha  Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkdilər, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar.

Əbədi dost, qardaş və müttəfiq

Onu da qeyd edək ki,  Astanada  Prezident İlham Əliyevin Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü oldu. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması məmnunluqla vurğulandı. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını Xankəndi və Xocalı şəhərlərində Azərbaycan Bayrağını ucaltması münasibətilə təbrik etdi. Söhbət zamanı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi qeyd olundu.

Görüşdə ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 Qürurverici olan bu məqamı da xüsusi qeyd etmək istərdik ki, dünya daim Azərbaycan-Türkiyə münasibətlərinin fonunda Türk dünyasının birliyinin şahidi olur. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin təqdimatında öz sözünü dedi. İlk gündən dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu birlik, həmrəylik tarixi Zəfərimizdən sonra Şuşa Bəyannaməsində rəsmiləşdi. Qarabağın tacı Şuşadan dünyaya birlik mesajı ünvanlandı.

Türk dünyasının birliyinə iki dost, qardaş ölkənin verdiyi töhfələr  2021-ci ildə Azərbaycan Prezidentinin, 2022-ci ildə isə Türkiyə Prezidentinin Türk Dünyasının Ali Ordeninə layiq görülməsində aydın ifadəsini tapır.

Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi

Dövlət başçısı İlham Əliyev yubiley Zirvə görüşündə  diqqəti bir daha  44 günlük İkinci Qarabağ müharibəsinin yaranma səbəblərinə yönəldərək dünyanın ikili standartlara əsaslanan siyasətininın  yaratdığı problemlərdən bəhs etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi.

   Cənab İlham Əliyev bu mühüm məqama da xüsusi diqqət yönəltdi ki,   2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi. 2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi.

   Hər bir tədbir əhatə etdiyi mövzu ilə yanaşı, iştirakçı ölkələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın atdığı hər addımında əlalətə və beynəlxalq hüquqa söykənməsi, dünyaya bununla bağlı çağırışlar etməsi beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Sözügedən tədbir, eyni zamanda, Azərbaycanın təkmil dirçəliş modelinin dünyaya təqdim edilməsində öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev çıxışında bu statistik rəqəmə diqqəti yönəltdi ki, üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard  dolların ayrılacağı nəzərdə tutulur. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur: «Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.» Dövlət başçısı İlham Əliyev belə bir çağırışı da səsləndirdi ki, biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.

Statistik rəqəmlərə diqqət yetirsək Türk dövlətləri arasında iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini görərik. Belə ki, ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon  dollar dəyərində ümumi daxili məhsula və 855 milyard dollardan çox ticarət dövriyyəsinə malik Türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək artırılması hədəflənir.

Ümumilikdə  Astanada Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşündə ötənilki sammitdən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirildi. Təşkilatın inkişafı və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Dövlət başçıları müxtəlif sahələr üzrə əsas məsələlərə dair qərarlar qəbul etdilər, üzv və müşahidəçi dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektləri nəzərdən keçirildi. Türk Dövlətləri Təşkilatına sədrlik Özbəkistandan Qazaxıstana keçdi. Yubiley Zirvə görüşü üzv dövlətlər arasında  əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz sözünü dedi. Tədbirin mövzusu günümüzün əsas çağırışlarını, hədəflərini özündə ehtiva edir. Böyük ailə olan Türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi günümüzün əsas tələbidir.

Təbii ki, hər bir tədbirin mahiyyətini açıqlayan müzakirəyə çıxarılan məsələlər, həmçinin keçirildiyi məkandırsa, gələcək üçün hədəflərini nümayiş etdirən isə sonda imzalanan Bəyannamədir. Yubiley Zirvə görüşünün sonunda Astana Aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının Ali Ordenini təqdim etdi.

Yeganə Əliyeva, "İki sahil"