03 noyabr 2023 23:12
395

Ocağı sönməyə qoymayanlar...

Unutmayın ki, o ocaqda elə özünüz "yanıb kül olacaqsınız"

Azərbaycan regionda mövqelərini daha da möhkəmləndirərək söz sahibinə çevrilmiş, beynəlxalq müstəvidə layiqli yerini tutmuş, dünya dövlətləri sırasında yüksək nüfuz qazanmışdır. Hər zaman milli maraqlarında qətiyyətli mövqe nümayiş etdirən dövlətimiz Cənubi Qafqazda sülhün bərqərar olmasına var gücü ilə çalışır və sülh müqaviləsinin imzalanmasının təkcə iki ölkənin deyil, bütün regionun xeyrinə olacağını bəyan edir. Gələcəyə xoş ümidlər bəsləyən Azərbaycan sülh, tərəfdaşlıq mövqeyini ortaya qoyaraq Ermənistana sülh razılaşması üzərində çalışmaq, düşmənçilik səhifəsini çevirmək və sərhədlərin delimitasiyasını təklif edir. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasını, sərhədlərinin delimitasiyasını, kommunikasiyaların açılmasını nəzərdə tutan, 5 baza prinsipi əsasında irəli sürülən sülh sazişinin imzalanması regiona əmin-amanlıq gətirmək istəyində olan Azərbaycanın dəyişməz mövqeyidir.

 Qalib Azərbaycan sülh və sabitliyin əldə olunması üçün bütün vacib addımaları atıb, üzərinə düşən öhdəlikləri yerinə yetirib - Ermənistan isə  hələ də mövqeyini dəqiq müəyyənləşdirməyib - rəsmi İrəvan hələ də sülh prosesini manipulyasiya etməklə məşğuldur. Bəzi məqamlarda bəhs olunan əməkdaşlıq formatlarının yaranmasında, hətta orada iştirakda maraqlı olduğunu deyən İrəvan nəticəyə hədəflənən iradə nümayiş etdirmir. Təəssüfləndirici haldır ki, bu kimi müşahidələr Ermənistanın regional əməkdaşlıqda maraqlı olmadığını açıq-aşkar təsdiqləyir. Görünən odur ki, Ermənistanda hələ də reallıqdan uzaq, səfeh utopik xəyallarla yaşayan siyasi qüvvələr qalmaqdadır və həmin qüvvələr xaricdəki erməni lobbisi ilə birləşərək qərarlara təsir edə bilirlər.

Bəllidir ki, Avropa İttifaqı (Aİ) Şura­sının Prezidenti Şarl Mişelin vasitəçi­lik təşəbbüsü kimi meydana çıxan və “Brüssel formatı” adı alan danışıqlar platforması qurulmuşdu. 2021-ci il dekabrın 14-dən etibarən “Brüssel formatı” çərçivəsində səmərəli gö­rüşlərin keçirilməsinə başlanılmış­dı. Bu görüşlərdə konkret məsələlər müzakirə olunur, tərəflər arasında fikir ayrılıqları yaradan məqamlar aradan qaldırılır, beləliklə, müəyyən nəticələr əldə edilirdi. Fransa ilk dəfə 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada “Avropa Siyasi Bir­liyi”nin I zirvə görüşü çərçivəsində “Brüssel formatı”nda keçirilən görüşə özünü dürtdü. Bununla da Fransa faktiki olaraq, Brüssel formatını pozdu.

Bunun nəticəsidir ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində “Avropa Siyasi Birliyi”nin III zirvə görüşü çərçivəsində Azərbaycan Preziden­ti və Ermənistan baş naziri arasında keçirilməli olan görüş baş tutmadı. Azərbaycan Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun da qatılacağı görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakını təklif etdi. Ancaq məhz Makron bunun əleyhinə çıxdı. Nə­ticədə dövlət başçımız haqlı olaraq görüşə qatılmadı.

Sonra Nikol Paşinyan “bəzi sə­bəbləri” əsas gətirərək oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasına qatılmaqdan imtina etdi. Pa­şinyan bununla həm də Rusiyanın va­sitəçilik səylərinə qarşı çıxmış oldu. 

Avropa İttifaqı Bakını və İrəvanı 2023-cü ilin sonuna qədər yekun sülh sa­zişinə imza atmağa çağırır. İlk baxışdan bu çağırışlar xoş niyyətdən, sağlam ya­naşmadan xəbər verir. Doğrudan da ilin sonunadək Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin bağlan­ması üçün münbit şəraitin yarandığı hiss olunur. İntəhası, Aİ özünün ikibaşlı dav­ranışına, qurumun üzvü olan bəzi ölkələ­rin açıq pozuculuq fəaliyyətinə həssas və diqqətli yanaşsa, bölgəyə sülh daha tez gələr. Bəli, Fransa və onunla eyni mövqedən çıxış edən Qərbin bir çox ölkələri indiki məqamda Cənubi Qafqaz­da sülh prosesinə ciddi əngəl törədirlər və Aİ özündə cəsarət tapıb bunu etiraf et­məli, üzərindəki basqını yenməyi bacar­malıdır.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yalnız iki ölkənin deyil, ümumilikdə regionun inkişafına, iqtisadi əlaqələrin möhkəmlənməsinə imkan yaradacaq. Lakin tarixən savaşlar, münaqişələr məkanına çevrilən Cənubi Qafqazda sülhün bərqərar olması bəzi dövlətlərin maraq dairəsində deyil və onlar öz maraqlarını təmin etmək üçün Ermənistandan forpost ölkə kimi istifadə edirlər. Cənubi Qafqaza xüsusi meyil göstərən Avropa İttifaqı, Fransa, ABŞ kimi ölkələr regionda üstünlük qazanmaq və geosiyasi, geoiqtisadi maraqları uğrunda fəal rəqabət aparırlar. Göründüyü kimi, “yuyulmamış çömçələrin” siyasi arenadakı canfəşanlığı ucbatından iki ölkə arasında danışıqlar prosesi faktiki olaraq, po­zulmuş durumdadır. Sülhə gedən yolları dalana dirəyən səbəblər təkcə siyasi arenada tükənmir.  Bunun hələ hərbi tərəfləri də var…

Oktyabrın 30-da Ermənistanın 2024-cü il üçün dövlət büdcəsi layihəsinin par­lamentin daimi komitələrində ilkin müza­kirəsi zamanı N.Paşinyan bildirib ki, gələn ilin dövlət büdcəsində müdafiə xərcləri 309 milyard dram (768 milyon 656 min ABŞ dolları) artırılacaq. O qeyd edib ki, hökumət üçün silahlı qüvvələrdə islahatların aparılma­sı mühüm əhəmiyyət kəsb edir. Üstəlik, N.Paşinyan müzakirələr zamanı qeyd edib ki, bununla da 2024-cü ildə büd­cədən müdafiəyə ayrılan xərclər 2018-ci illə müqayisədə 125 faiz artmış olacaq.

Doğrudur, Paşinyan büdcədə müda­fiə xərclərinin artırılmasının yarada bilə­cəyi suallardan yayınmaq üçün dərhal əlavə edib ki, xərclərin artan dinamikası heç bir halda bəyan etdikləri sülh gün­dəliyinə zidd deyil. Ancaq buna inanmaq çətindir. Çünki fakt faktlığında qalır. Fakt isə odur ki, rəsmi İrəvan bir tərəfdən sülhdən danışır, di­gər tərəfdən gələn ilin müdafiə xərcləri­ni artırır. Bu az imiş kimi, hələ bir iddia da edir ki, xərclərin artımı heç bir halda sülh gündəliyinə zidd deyil. Ermənistan iqtisadçılarının hesablamalarına görə, bununla da 2024-cü ildə ölkənin müdafiə büdcəsi, orduya ayrılan xərclər əvvəlki illə müqayisədə iki dəfə artırılmış olacaq.

Hazırkı ağır iqtisadi durumda  məğlub Ermənistan  yenidən silahlanmaq eşqinə düşərək  dünyanın müxtəlif ölkələrindən “yığdığı” silahlarla vahid təhlükəsizlik sistemini formalaşdırmaq istəyir. Bu baxımdan, Ermənistanın son vaxtlar Fransa və Hindistandan silah-sur­sat alması da diqqətdən yayınmamalı­dır. Oktyabrın 23-də Parisdə Fransa və Ermənistan müdafiə nazirləri – Suren Papikyan və Sebastyan Lekornyu “Tha­les” şirkətinin istehsalı olan üç ədəd “GM 200” radarının alqı-satqısına dair müqa­vilə və gələcəkdə Fransanın “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair anlaşma memorandumu imzalayıblar. Paralel olaraq, Avropa İttifaqının Er­mənistandakı Mülki Missiyası (EUMA) adlanan, əslində isə hərbiləşdirilmiş strukturun gücləndirilməsi prosesi gedir. 

Rusiya mənbələri yazır ki, Ermənistan 2022-ci ildə Hindistandan ümumilikdə 244,7 milyon dollar dəyərində silah və sursat, o cümlədən “Pinaka” reaktiv yaylım atəşi sistemləri alıb. 2023-cü ilin yanvarında Hindistan mediası Ermənistan hakimiyyətinin “Sovet S-125 Peçora” zenit-raket komplekslərini hind MRASM-ı ilə əvəz etmək niyyətində olduğu barədə məlumat yaymışdı. Bundan əlavə, Ermənistanın Hindistandan ATAGS özüyeriyən haubitsalar alması barədə də məlumat verilib. ABŞ-ın “Forbes” jurnalı isə yazır ki, Ermənistan 2019-cu ildə Rusiyadan aldığı dörd “Su-30 SM” döyüş təyyarəsini modernləşdirmək və müasir raketlərlə təchiz etmək üçün Hindistana göndərməyə hazırlaşır.

Parislə İrəvanın silah satışı üzrə bağladığı müqavilə isə Ermənistanın vəziyyətini normallaşdırmaqdan çox gərginləşdirməyə xidmət edəcək. Bu da Rusiya ilə münasibətlərin getdikcə pisləşməsinə, eyni zamanda, erməni cəmiyyətində siyasi parçalanmanın dərinləşməsinə gətirib çıxaracaq, rusiyayönümlü qüvvələrlə qərbyönümlülərin savaşı güclənəcək. Azərbaycan və Türkiyə kimi güclü dövlətlərlə münasibətlərin normallaşması, nəticədə Ermənistan iqtisadiyyatının dirçəlməsi perspektivi zərbə altına düşəcək.

Rusiyalı hərbi ekspertlərin fikrincə, əlbəttə, bu ölkə özünün müdafiə imkanları ilə qətiyyən öyünə bilməz, bunu Azərbaycanla müharibədəki ağır məğlubiyyət də sübuta yetirib. Rus mütəxəssislər əmindirlər ki, Fransa ilə müttəfiqlik Ermənistanı heç də düşdüyü vəziyyətdən çıxarmağa qadir deyil. Moskva Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov İrəvanın Parislə silah alışına dair bağladığı müqaviləni Ermənistanın silah təchizatı üçün ciddi addım hesab etmir. Puxovun fikrincə, fransız silahları həm çox bahalıdır, həm də olduqca kaprizli sayılır. Fransa istehsalı silahlar alan ölkə həmin sursatın istifadəsi üçün mütləq Fransadan bu silahlar üzrə ixtisaslaşmış kadrlar dəvət etməlidir.

Bir tərəfdən Nikol Paşinyan Avropa Parlamentinin tribunasından “sülh çağırışı edir”, digər tərəfdən, xarici işlər naziri Ararat Mirzoyan Tehranda əməkdaşlığın inkişafına eyham vurur, üçüncü tərəfdən isə müdafiə naziri Suren Papikyan  Parisdə ölkəsinin silahlandırılması üçün yeni - köhnə “mənbələr”dən silah yığır. Təbii ki, bu hal birmənalı qarşılana bilməz və Ermənistanın bu “ikiüzlü” siyasi xətti fərqli assosasiya yaradır - məğlub ölkə regionda yeni müharibə axtarışındadırmı? Maraqlıdır, Ermənistan sülh  istəyir, yoxsa yumruq, özü də “dəmir yumruq”? 

Bu gün Zəngəzur dəhlizi üzərindən manipulyasiya etməyə çalışan Ermənistan düşünməlidir ki, Fransanın “çətiri” ona iqtisadi-siyasi azadlıq vəd etmir. Əksinə, Paşinyanın da aylar öncə etiraf etdiyi kimi, onsuz da “kupçasız dövlət” sayılan Ermənistan bu yolla özünü uçurumun düz kənarına gətirib çıxaracaq - ən yaxşı halda Fransa və başqa maraqların “dəyənəyi”nə çevirəcək.

Hazırda Ermənistanda baş verən daxili çəkişmələr, həyata keçirilən uğursuz daxili və xarici siyasət, revanşist ideyalar sülhə əngəl törədərək onların tərəqqi yolunu bağlayır. Bundan başqa, Qarabağdan gəlmiş ermənilərlə yerli ermənilər arasında yaranan narazılıqlar, onlara "qaçqın" statusunun verilməsi ilə bağlı absurd işlərlə məşğul olmaq ermənilərin bu fürsəti əldən qaçırmalarına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, hazırkı vəziyyət Ermənistan üçün əsl fürsətdir. Çünki antiterror tədbirləri nəticəsində Azərbaycan istəyinə nail olub, üstəlik, Zəngəzur dəhlizinə alternativ yol çəkilir. Yəni, bundan sonrakı mərhələdə Ermənistanın sülhdən yayınması Azərbaycanı maraqlandırmaya bilər. Azərbaycan özü təkbaşına haqq-ədaləti bərpa etmək gücündədir.

Ermənistan rəhbərliyi düşünməlidir ki, bu gün sülh sazişinin imzalanmaması, kommunikasiyaların açılmaması onu nə qədər geri atır. Boş vədlər verilməsinə baxmayaraq, kimsə onların iqtisadiyyatını dirçəldən deyil. Nəzərə almaq lazımdır ki, hər ölkənin öz maraqları var. Eyni zamanda, erməniləri silanlandırmaq da onları boyunduruğa salmaq, gələcəkdə asılı vəziyyətə qoymaq niyyətindən irəli gəlir. Ermənistan bu gedişlə müstəmləkə siyasətinin qurbanına çevrilə bilər. Ona görə də onun yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdır.

Azərbaycanla sülh Ermənistana 29 min kv.km-lik kupça verəcək.  Azərbaycan İrəvana humanizm və sülh əlini uzatmaqla onların dövlət kimi təşəkkül tapmasına imkan yaradır, onların beynəlxalq münasibətlər sisteminin müstəqil subyektinə çevrilməsini şərtləndirir və nəhayət, 30 ildən sonra da olsa, “kupça” alaraq dünyanın dövlətçilik tarixində yer almasına zəmin formalaşdıracaq. Ermənistan bundan istifadə etsə nə xoş ona… Əks halda, ermənilər əbədi olaraq problemlər və çətinliklərlə yaşamağa məhkum olacaqlar.

Proses isə onu göstərir ki, Paşinyan və komandası Ermənistana kupça almaq üçün ya maraqlı deyillər, ya da iradələri çatmır. Ermənistanın onu gözləyən böhrandan xilas olması üçün bir yolu var: uzaq Fransanın qanadı altına sığınmaq yox, Qafqaz qonşuları ilə sülh şəraitində yaşamaq.

Yaqut Ağaşahqızı, “İki sahil”