04 noyabr 2023 01:29
371

İnformasiya cəbhəsinin də Ali Baş Komandanı

44 gün davam edən Vətən müharibəsində  xarici KİV-lərə  müsahibələrində  Azərbaycan həqiqətlərini dünyaya çatdıran Prezident  İlham Əliyev  jurnalistlərə tövsiyələrini də  bildirirdi: «Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun!»

«Qılıncın kəsmədiyini söz kəsər» müdrik kəlamı İkinci Qarabağ müharibəsində də hikmətini doğrultdu. Hayastanın bütün cəbhə boyu törətdiyi  növbəti   hərbi təxribatına cavab olaraq başlanan, xalqımızın  yurd həsrətinə 44 gündə son qoyan Vətən  müharibəsində  Silahlı Qüvvələrimizin döyüş meydanında  qazandığı uğurları xarici KİV-lərə müsahibələri, müxtəlif ölkələrin rəsmi nümayəndələri ilə görüşləri zamanı məntiqli açıqlamaları ilə tamamlayan Prezident İlham Əliyev  30 ildə  xalqımızın çəkdiyi  əziyyətləri sözün qüdrəti ilə dünya birliyinə çatdırdı. Bəyan  etdi ki,   müharibənin taleyi yalnız  döyüş meydanında deyil, informasiya cəbhəsindəki mübarizlikdən də asılıdır. « Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim» söyləyən dövlət başçımız hədəfinə siyasi  iradəsi sayəsində nail oldu.

Erməni lobbisinin  dünya ictimaiyyətini çaşdıran yalanlarını təkzib edən,  anti-Azərbaycan təbliğatın məkrli məqsədini və məramını  dünya  ictimaiyyətinə çatdıran  Prezident İlham Əliyev məntiqli açıqlamaları ilə  hayların ideoloji təxribatlarını , ölkəmizə qarşı  yaratdıqları  informasiya blokadasını darmadağın etdi.  Hər kəs gördü ki, ayaq tutan yalan sonda onu uyduranlara qənim kəsildi.  Azərbaycana qərəzli mövqeyi ilə tanınan  dairələr tərəfindən  maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən «jurnalistlərin» «qara piar», «feyk» xarakterli məkrli  suallarını belə təmkinlə , səbrlə cavablandıran Prezident İlham Əliyev siyasi hazırlığı, yüksək intellekti, dövləti idarəetmə təcrübəsi ilə müsahiblərini  heyrətləndirirdi.  Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız mübarizəni,  beynəlxalq hüquqa əsaslanan haqq işimizi düşünülmüş siyasəti, tarixi faktlarla  dünya ictimaiyyətinə çatdıraraq informasiya savaşının da qalibi oldu.  Quruculuq məharəti, ədaləti ilə  tarix yazan və  müasir dünyada baş verən hadisələri zəkasının gücü ilə düzgün təhlil edən uzaqgörən siyasətçi,  Prezident İlham Əliyev  tarixi şəxsiyyət olduğunu liderlik fəaliyyəti ilə təsdiqlədi.

Artıq tarixə qovuşan qondarma  «Dağlıq Qarabağ münaqişəsi»nin  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunacağına inamını «Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Amma bizə gəldikdə görürsünüz ki, münasibət fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır, ədalətsizlikdir. Hər bir görüşdə, ən yüksək səviyyədə keçirdiyim görüşlərdə bu sözləri mən bax, dediyim ifadələrlə tərəf-müqabillərimə çatdırıram. Bu riyakarlığa, ikili standartlara son qoyulmalıdır. Ermənistan Azərbaycanın tarixi, qanuni torpaqlarını işğal edibdir. Ancaq rəsmi bəyanatlara gəldikdə, çox mücərrəd ifadələr işlədilir. Biz öz sözümüzü deyirik, deyəcəyik» sözləri ilə bildirən Prezident İlham Əliyev  bütün müsahibələrində torpaqlarımızın bütövlüyü uğrunda haqq savaşında qalib  gələcəyimizi inamla ifadə edirdi. Ən çətin məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə  məsuliyyəti öz üzərinə götürən, məqsədinə çatan, İkinci Qarabağ müharibəsinə qədərki dövrdə  bütün  beynəlxalq arenalarda, ən yüksək kürsülərdən  Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu   «Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması danışıqların mövzusu ola bilməz”»  həqiqətini  qətiyyəti ilə bildirən,  «Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir…  Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz» sözlərinə  44 gün davam edən Vətən müharibəsində qazandığımız Zəfərlə möhür vuran Prezident  İlham Əliyev  prinsipiallığı ilə bütün maneələri dəf etdi. 44 gün ərzində informasiya cəbhəsində, diplomatiyada durmadan, dincəlmədən sözün əsl mənasında vuruşan dövlət başçımızın bu qətiyyəti qarşısında   «qeyri-kafi» qiymət alan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də   « sinifdə qaldılar.»

  Təəccüblü odur ki, Vətən müharibəsinin davam etdiyi günlərdə belə  Ermənistanı dəstəkləyən dövlətlərin təlimatlandırdıqları jurnalistlər, beynəlxalq təşkilatların  nümayəndələri Azərbaycana qarşı qərəzli informasiya müharibəsini davam etdirərək təxribat xarakterli əməllərindən əl çəkmədilər. Prezident İlham Əliyev isə belə sualların «müəlliflərini» məntiqli cavabları ilə  susdurur, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə xalqımızın haqlı  olduğunu  faktlarla sübut edirdi.

Azərbaycanın Ermənistanın işğalı altında qalan torpaqlarında erməni vandallarının törətdikləri vəhşilikləri görsə də haylara dəstək  münasibətini    «Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır» sualı ilə bildirən Almaniyanın ARD televiziya kanalının əməkdaşına Prezident İlham Əliyevin cavabı  ədalət dərsi idi: « Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.» 

 Ermənistanın havadarlarının təlimatlandırdıqları ABŞ-ın «Fox News»” televiziya kanalını təmsil edən jurnalistin məkrli «… Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz”» sualını  «Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər» sözləri ilə  cavablandıran Prezident İlham  Əliyev  bir daha bildirdi ki, Azərbaycan xalqı bu müharibədə haqq-ədalət uğrunda vuruşdu  və qalib gəldi.
«Əl-Ərəbiyə»” televiziya kanalına müsahibəsində   bölgədə gərginliyi artıran Fransanın qərəzli mövqeyinə  sərt münasibətini «Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar» sözləri ilə bəyan edən dövlət başçımız   ölkəmizə  qarşı təxribatlar törədən, aksiyalar təşkil edən,  Azərbaycanın haqq işinə qərəzli yanaşanları məntiqli açıqlamaları, ədalətin hökmü, zamanın diktəsi ilə susdurdu. 

 Prezident İlham Əliyevin ötən ay   Bakıda keçirilən  « Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik» mövzusunda   konfransın iştirakçılarına  müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması dövlət başçımızın bütün zamanlar üçün aktual, xarakterik olan uzaqgörən siyasətinin bariz nümunəsidir.
  26 fevral 2021-ci ildə, Xocalı  soyqırımının ildönümünə təsadüf edən mətbuat konfransının bəzi məqamlarını  xatırlayaq. Xarici və yerli jurnalistlərlə  görüşüb,  sualları təmkinlə cavablandıran, Vətən müharibəsinin başlanma səbəbləri, hərbi əməliyyatlarda Azərbaycanın üstünlükləri, Ermənistanın fərari ordusu barədə  ətraflı məlumatları ilə jurnalistləri heyrətləndirən Prezident İlham Əliyevin  uzaqgörənliyinə hər kəs heyran oldu.      
Böyük Britaniyadan olan  müstəqil jurnalistin «Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım» sözləri dövlət başçımızın liderlik təcrübəsinin, şəxsi nüfuzunun, siyasi hazırlığının və qətiyyətinin nümunəsi  kimi tarixə yazıldı.

  İkinci Qarabağ müharibəsi dövründəki açıqlamaları ilə sonra   baş verəcək hadisələrə «bələdçilik» edən dövlət başçımızı həmkarlarından fərqləndirən,  anoloqu olmayan xüsusiyyətlərindən biri də gələcəyə  keçmişin gözü  dəyərləndirməsi, təhlil etməsidir.
 Son günlərdə  Xankəndini könüllü, sərbəst, heç bir maneə olmadan  tərk edən ermənilərin   guya «etnik təmizləmə siyasəti»nə məruz qalmaları barədə  qərəzli məlumatların əsası olmadığını diqqətə çatdıraq. İki il bundan əvvəl Türkiyənin Qlobal Jurnalistlər Şurasının rəhbərinin sualını cavablandırarkən erməni lobbisinin yalanlarını ifşa edən dövlət başçımızın cavabı bu gün üçün də xarakterikdir: «Mən sizə bir misal gətirim. Azad edilmiş bir kənddə iki yaşlı insan yiyəsiz qalmışdı. Yəni oradan qaçan «qəhrəman” erməni əsgərləri» onları qoyub qaçmışdılar. Bir qadın idi, bir də kişi. Onların yaşı çox idi. Onları biz gətirdik, xəstəxanaya yerləşdirdik. Ondan sonra da Ermənistan tərəfi ilə əlaqə saxladıq ki, biz dövlət sərhədində onları təhvil vermək istəyirik. Biz onları sərhədə gətirəndə onlar yaşlı qadını qəbul etdilər, yaşlı kişini qəbul etmədilər. Dedilər ki, bu, artıq xəstədir.» Azərbaycan əsgərinin  yaralı erməni hərbçisinə göstərdiyi yardımı bütün dünya izlədi və  xalqımızın xeyirxahlığına heyran qaldı. Buna görə də erməni şovinistlərinini «etnik təmizləmə» siyasətindən bəhs etmələri bulanıq suda balıq tutmaq adətlərinin davamıdır.

 Yunanıstanın «Real Qroup Media» şirkətinin həmin konfransda  bu günlə səsləşən, Ermənistandakı böhran və onun sülhə təsiri,   atəşkəs və üçtərəfli Bəyanatla  bağlı sualını « Atəşkəs və üçtərəfli Bəyanatın icrası ilə bağlı diqqətinizi Prezident Putinin cavabına yönəltmək istərdim. Ona sual verildi ki, Ermənistan bu Bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq? O da dedi ki, bu, Ermənistan üçün sui-qəsd olacaqdır. Mən də bu məsələdə Prezident Putinlə tamamilə razıyam» sözləri ilə  cavablandıran Prezident İlham Əliyevin sözləri  son zamanlarda      Rusiya ilə körpüləri yandıran Ermənistanda yaranan vəziyyətin dövlət başçımız tərəfindən  eksklüziv açıqlaması idi. 

 İranın Mehr agentliyinin təmsilçisinin  region üçün təhlükə olan terrorçuluğa qarşı «kollektiv mübarizə» ilə bağlı,  düzgün  ünvana  istiqamətləndirilməyən   sualını da məntiqlə, regionda yaranan reallıqlara  uyğun  cavablandıran dövlət başçımızın «Bir məsələni aydınlaşdırmaq istəyirəm. Siz müharibə zamanı terrorçu qrupların fəaliyyət göstərməsi haqqında danışırsınız, hansı məlumatlara, kim tərəfindən verilən məlumatlara istinad edirsiniz?» sözləri məsuliyyətdən və  obyektivlikdən qaynaqlanan yanaşma idi. Qeyri-obyektiv, müəmmalı cavabı ilə çaş-başlıq yaradan  iranlı jurnalistin «Region ölkələrindən olan xəbər agentlikləri belə məlumat yayırdılar. İcazənizlə onların adlarını çəkməyim» sözlərinin ittiham xarakterli olduğunu  ilk baxışdan sezən  dövlət başçımız  jurnalistə  peşə dərsi  keçərək, jurnalist etikasını xatırladaraq bildirdi ki,  istənilən məlumat haqqında danışmaq olar, ancaq mənbə region, ölkə  qeyd edilməlidir. Mənbə göstərilmədən kimisə ittiham etmək asandır.  Dediyinizin arxasında dayanmaq daha çətindir. Nəticədə  Prezident İlham Əliyevin qətiyyəti , prinsipiallığı qarşısında günahını «Cənab Prezident, mən üzr istəyirəm, ancaq zənnimcə, mənim terrorçu qruplarla bağlı sualım yanlış anlaşıldı. Mən Azərbaycan tərəfindən terrorçu qrupların fəaliyyətini nəzərdə tutmurdum. Mən Qarabağ müharibəsi zamanı regionda İŞİD kimi qrupların fəaliyyətini nəzərdə tuturdum» sözləri ilə etiraf edən  iranlı  jurnalistin bədniyyətli  cəhdi baş tutmadı.

  Azərbaycana qarşı ədalətsizliyə qarşı  mübarizə aparan Prezident İlham Əliyev xüsusilə  müstəqil olmayan media şirkətlərini obyektivliyə səsləyir, tövsiyələrini verirdi. «Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun… Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı.»

 Məhz o illərədə bütün dünya ictimaiyyəti  üçün aydın oldu ki, yalnız siyasi, iqtisadi, hərbi biliklərə mükəmməl yiyələnən dövlət başçısı eyni zamanda informasiya  cəbhəsində də  qalib adını qazana bilər. Prezident İlham Əliyev  kimi!

Xuraman İsmayılqızı, "İki sahil"