03 noyabr 2023 12:15
378

Xalq-Ordu birliyinin təcəssümü - Dəmir yumruq

Qarabağ münaqişəsi Azərbaycanın son yüz ildə yaşadığı çətin, ağrılı problemdir. XX əsrin 90-cı illərdə yaşanılan şərait qiymətləndirilərkən müstəqilliyini qazanan bir dövlət üçün xarici havadarlara arxalanan namərd qonşudan zərbələr alması vəziyyəti daha mürəkkəbləşdirirdi. Ermənilərin əsassız torpaq iddiaları qarşısında peşəkar, sistemli orduya sahib olmayan, iqtisadi cəhətdən çətinliklər yaşayan Azərbaycan tək mübarizə aparırdı. Hakimiyyətdə hökm sürən siyasi səriştəsizlik itkilərimizin səbəbi idi. Təəssüf ki, I Qarabağ müharibəsində 10 mindən çox şəhid verdik, 4 mindən çox vətəndaşımız itkin düşdü. Ərazimizin 20% işğala məruz qaldı, 1 milyondan çox soydaşımız 30 il köçkünlük həyatı yaşadı.

Ötən illər ərzində Azərbaycan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə çalışdı. Bununla bərabər müstəqil dövlət üçün zəruri sayılan peşəkar orduya sahib oldu. 90-cı illərin qarışıq vəziyyətindən istifadə edərək “qələbə” qazanan ermənilər Azərbaycanın bu səbrini fərqli anlayaraq daha da azğınlaşırdı. Ölkəmizin yaşadığı itkiləri öz qüvvələri sayaraq himayədarlarının kölgəsinə sığındıqlarını unudurdular. Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi, müdafiə naziri David Tonoyanın “yeni torpaqlar üçün yeni müharibə” çağırışı və buna bənzər müxtəlif illərdə Ermənistan hökümətinin səsləndirdiyi fikirlər məsələnin həllində danışıqların nəticə verməyəcəyini göstərirdi.

Erməni işğalına son qoyma qərarı 27 sentyabr 2020-ci ildə baş verdi. Belə ki, səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və qarşıdurma İkinci Qarabağ müharibəsinə çevrildi. Əməliyyatın “Dəmir yumruq” adlandırılması məsələni kökündən həll ediləcəyinə göstəricisi idi.

30 il ərzində baş verənlər təkrarlanırdı. Yenə də Azərbaycana müxtəlif ölkələrin, beynəlxalq təşkilatların hərbi əməliyyatları dayandırmaq, danışıqları davam etdirmək kimi çağırışları səsləndirilirdi.

Vətən müharibəsində ermənilər döyüş meydanında məğlubiyyətlərini gördükdə mülki əhalini hədəfə alır, zərbələr vurmağa çalışırdılar. Azərbaycan Ordusu beynəlxalq qaydalara əməl edərək, əsl hərbi peşəkarlığı nümayiş etdirərək erməniləri döyüş meydanında məğlub edirdilər. Bir addım da geri çəkilmədən, əzmlə irəliləyərək 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatını həyata keçirərək Zəfərə imza atdılar. Şuşa şəhəri dağıdıcı silahlarla deyil, yüngül silahlarla, əsasən üzbəüz əlbəyaxa döyüşlə düşməndən təmizləndi.

Sonda Müzəffər Azərbaycan Ordusunun əzmi qarşısında gücsüz qalan  Ermənistan höküməti məğlubiyyətlərini etiraf etməyə məcbur oldular. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin iştirakı ilə imzalanmış üçtərəfli bəyanatla Ermənistanın hərbi kapitulyasiyası imza atmalı oldu.

10 noyabrda 30 illik ədalətsizliyə öz hərbi gücümüz sayəsində son qoyulduğunu xalqa efir vasitəsiə bəyan edən Ali Baş Komandan cənab İlham Əliyev çıxışını bu sözlərlə tamamlamışdı: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri