21 avqust 2026 19:35
81

Naxçıvan üçün yeni inkişaf modeli formalaşdırılır

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyur. Şübhəsiz, bu prosesdə Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar və həyata keçirilən genişmiqyaslı layihələr mühüm rol oynayır. Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində də bu məqamlara toxundu. Qeyd edək ki, Naxçıvan da digər bölgələrimiz kimi Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən Prezident İlham Əliyevin daim diqqət və qayğı göstərdiyi bölgələrdəndir.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri regionun sosial-iqtisadi, enerji, nəqliyyat, müdafiə və mədəni inkişafı baxımından mühüm hadisələrlə yadda qaldı: “Səfər çərçivəsində bir sıra mühüm layihələrin təməli qoyuldu, yeni obyektlər istifadəyə verildi və Naxçıvanın gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdi ki, son illər Naxçıvanın hərtərəfli inkişafı istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Dövlət başçısının sözlərinə görə, bundan sonra da qəbul ediləcək qərarlar və həyata keçiriləcək layihələr Naxçıvanın sürətli sosial-iqtisadi inkişafını təmin edəcək: “Yəni dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək”.

Ölkə başçısı Zəngəzur dəhlizindən də söz açaraq bu məsələdə 2025-ci il avqustun 8-də keçirilmiş tarixi Vaşinqton Zirvə Görüşünün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Dövlət başçısının: “Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”,  - fikirləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Şübhəsiz, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantının təmin edilməsi muxtar respublikanın iqtisadi coğrafiyasını əhəmiyyətli dərəcədə dəyişəcək. Bu, uzun illər davam edən nəqliyyat məhdudiyyətlərinin aradan qalxması ilə yanaşı, Naxçıvanın Azərbaycanın ümumi iqtisadi məkanına daha sıx inteqrasiyasına imkan yaradacaq. Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətləri ilə əlaqələrin genişləndirilməsi isə Naxçıvana yeni logistika və tranzit imkanları qazandıracaq. Prezidentin də vurğuladığı kimi, bu dəhliz yalnız Azərbaycan üçün deyil, daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyacaq.

Naxçıvanın gələcək inkişafının digər mühüm istiqaməti enerji sektorudur. Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikası üçün enerji təhlükəsizliyi həllini tapıb. İndi söhbət gedir ki, artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq”, - fikirləri qarşıdakı dövrdə muxtar respublikanın enerji xəritəsində tamamilə yeni mövqeyə sahib olacağını göstərir. Günəş və su enerjisi potensialından səmərəli istifadə Naxçıvanın təkcə öz enerji tələbatını ödəməsinə deyil, gələcəkdə yaşıl enerji ixrac edən bölgələrdən birinə çevrilməsinə imkan yarada bilər”.

Müsahibimiz daha sonra dedi: “Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri göstərdi ki, muxtar respublikanın qarşıdakı inkişaf mərhələsi kompleks və uzunmüddətli layihələr əsasında qurulur. Naxçıvanın gələcək iqtisadi inkişafında xüsusi rol oynayacaq Naxçıvan Sənaye Parkının yaradılması, “Naxçıvan” Mehmanxana Kompleksinin və 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlinin qoyulması, Regional DOST Mərkəzinin istifadəyə verilməsi, yeni elektrik stansiyalarının tikilməsi, günəş və su enerjisi potensialından istifadə, nəqliyyat infrastrukturunun yenilənməsi, kənd təsərrüfatının və turizmin inkişafı, eləcə də tarixi-mədəni irsin qorunması bu siyasətin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 avqust 2026-cı il tarixli Sərəncamında nəzərdə tutulan tədbirlər də bu inkişaf xəttinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir.

Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətt əsasında Naxçıvan üçün yeni inkişaf modeli formalaşdırılır. Bu model muxtar respublikanın nəqliyyat blokadasından çıxmasını, Azərbaycanın əsas hissəsi ilə bağlantılarının genişlənməsini, enerji ixracatçısına çevrilməsini, sənaye və investisiya imkanlarının artmasını, eyni zamanda əhalinin sosial rifahının yüksəldilməsini özündə birləşdirir. Qarşıdakı illərdə həyata keçiriləcək layihələr Naxçıvanın Azərbaycanın iqtisadi sisteminə daha sıx inteqrasiyasına və regionun mühüm nəqliyyat, logistika və enerji mərkəzlərindən birinə çevrilməsinə yeni imkanlar yaradacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”