21 avqust 2026 19:36
84

Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək - Sahil Kərimli

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər yüksələn xətt üzrə inkişaf edir, ölkələrimiz arasında bütün sahələri əhatə edən dostluq və qardaşlıq əlaqələri daha da dərinləşir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər qədim tarixə və qardaşlıq ənənələrinə əsaslanır.

“Bu münasibətlər son illərdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən daha da dərinləşdirilib. Nəzərə almalıyıq ki, Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada xüsusi çəkisi və mövqeyi olan ölkələrdir. Bu iki qardaş ölkənin bir-biri ilə əlaqələrini dərinləşdirməsi həm regionumuz, həm də ölkələrimiz üçün çox ciddi amillərdən biridir”, – siyasi şərhçi qeyd edib.

S.Kərimli bildirib ki, Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə dair sənədlərin imzalanması ikitərəfli əlaqələrin daha da inkişafına mühüm töhfə verir.

“Burada 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması da xüsusi vurğulanmalıdır. Bu Şuranın yaradılması münasibətlərimizin inkişafına əlavə təkan verib. İqtisadiyyat, siyasət, hərbi, mədəni və humanitar sahələrdə ölkələrimiz arasında münasibətlər getdikcə dərinləşir”, – o vurğulayıb.

Siyasi şərhçinin sözlərinə görə, qarşılıqlı sərmayələrin yatırılması, idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin inkişaf etdirilməsi də Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

“Neft-qaz və enerji sahəsində də qarşılıqlı əlaqələr mövcuddur. Azərbaycanın strateji coğrafi mövqeyi həm nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsinə, həm də digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsinə imkan yaradır”, – S.Kərimli deyib.

O, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyətinin dolğun şəkildə ifadə olunduğunu bildirib:

“Prezident İlham Əliyevin müsahibəsi zamanı bu münasibətlərin nə qədər önəmli olduğunu bir daha gördük. Dövlətimizin başçısı Azərbaycanın mövqeyini aydın və qətiyyətli şəkildə ifadə etdi, münasibətlərimizin bütün konturlarını və gələcək yol xəritəsini ortaya qoydu. Hesab edirəm ki, Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək”.

S.Kərimli Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Həm Azərbaycan, həm də Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvlərindəndir. Bu amil ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verir. Hesab edirəm ki, gələcəkdə də Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq və müttəfiqlik münasibətləri sarsılmaz olacaq”, – siyasi şərhçi bildirib.