21 avqust 2026 11:00
109

Azərbaycan turizmi üçün yeni hədəflər müəyyənləşdirildi

Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı: Yeni marşrutlar, yeni bazarlar, yeni hədəflər

Azərbaycan turizm sektorunda qarşıdakı illər üçün daha iddialı hədəflər müəyyənləşdirir. 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramında məqsəd yalnız ölkəyə gələn turistlərin sayını artırmaq deyil, turizmin iqtisadiyyatda yaratdığı dəyəri böyütmək, regionların turizm potensialını daha geniş şəkildə dövriyyəyə cəlb etmək və Azərbaycanın beynəlxalq turizm bazarındakı mövqeyini gücləndirməkdir. Sənəddə nəzərdə tutulan tədbirlər göstərir ki, növbəti mərhələdə əsas diqqət turistin ölkəyə gətirilməsindən başlayaraq onun səfərinin planlaşdırılmasına, yerləşdirilməsinə, regionlara yönləndirilməsinə və ölkədə daha çox vaxt keçirməsinə qədər bütün zəncirin inkişafına yönələcək.

Turizmdə hesab artıq təkcə turistlə aparılmır

Proqramın müəyyən etdiyi rəqəmlər qarşıya qoyulan məqsədin miqyasını göstərir. Turizm üçün xarakterik sahələrin qeyri-neft-qaz ÜDM-də payının 2025-ci ildəki 7,5 faizdən 2030-cu ildə 8,6 faizə yüksəldilməsi nəzərdə tutulur. Eyni dövrdə bu sahələrdə yaradılan əlavə dəyərin 6,963 milyard manatdan 12,171 milyard manata çatdırılması, turistlərin Azərbaycanda xərclərinin isə 3,3 milyard manatdan 6,3 milyard manata qədər artırılması hədəflənir. Başqa sözlə, söhbət yalnız daha çox turist qəbul etməkdən deyil, hər turistin ölkə iqtisadiyyatına yaratdığı töhfəni artırmaqdan gedir.

Bu yanaşmanın mühüm tərəflərindən biri turizm bazarına həm tələb, həm də təklif istiqamətindən təsir göstərmək cəhdidir. Dövlət Proqramında çarter uçuşlarının təşkilatçılarının xərclərinin kompensasiya edilməsi, hədəf bazarlara əlavə müntəzəm aviareyslərin subsidiyalaşdırılması, Azərbaycana xarici turist gətirən turoperatorlara dəstək verilməsi və turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya mexanizmlərinin yaradılması nəzərdə tutulur.

Turisti gətirmək qədər onu ölkədə saxlamaq da vacibdir

Bu mexanizmlərin mahiyyəti ondan ibarətdir ki, turist axınının formalaşmasında yalnız bazarın öz imkanlarına güvənmək əvəzinə, ilkin mərhələdə dövlət dəstəyi ilə yeni marşrutların, bazarların və turizm məhsullarının yaradılması stimullaşdırılır. Xüsusilə yeni aviareyslər məsələsi burada ön plana çıxır. Çünki turist üçün ölkənin cəlbedici olması qədər həmin ölkəyə rahat və münasib qiymətlərlə çatmaq imkanının olması da vacibdir. Turizm axınının artması isə öz növbəsində hotellərdən restoranlara, nəqliyyatdan əyləncə sektoruna qədər çoxsaylı sahələrdə əlavə tələb yarada bilər.

Yerləşmə infrastrukturu ilə bağlı nəzərdə tutulan subsidiya mexanizmi də diqqət çəkir. Yeni tikilib istifadəyə verilən hər hotel otağına görə subsidiya verilməsi planlaşdırılır. Bununla yanaşı, turizm və rekreasiya zonalarında hotellər, digər yerləşmə vasitələri, sanatoriya-kurort müəssisələri, qış idmanı obyektləri, konqres və peşəkar salonlarla bağlı investisiya layihələrinin manatla götürdüyü kreditlər üzrə faiz subsidiyalarının tətbiqi nəzərdə tutulur.

Bu addımlar göstərir ki, qarşıdakı illərdə turizm infrastrukturu məsələsi yalnız hotellərin sayının artırılması kimi nəzərdən keçirilmir. Məqsəd müxtəlif turist qruplarının ehtiyaclarına uyğun daha geniş yerləşmə və xidmət imkanlarının formalaşdırılmasıdır. Qış turizmi, sağlamlıq turizmi, işgüzar turizm və digər istiqamətlərin inkişafı üçün infrastrukturun genişləndirilməsi Azərbaycanın turizm məhsulunun daha çoxşaxəli olmasına imkan yarada bilər.

Turist axınının artırılmasında viza siyasətinin yumşaldılması da əsas alətlərdən biri kimi müəyyənləşdirilib. Proqramda hədəf ölkələrin sayının artırılması və aralıq mərhələdə 28, yekun olaraq isə 34 ölkənin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, çoxdəfəlik elektron vizaların verilməsi prosedurlarının təkmilləşdirilməsi, “ASAN Viza” sisteminin texniki imkanlarının yenilənməsi və elektron viza tətbiq ediləcək ölkələrin siyahısının genişləndirilməsi planlaşdırılır.

Yeni turist tipi üçün yeni viza

Bu istiqamətdə daha fərqli addımlardan biri isə “rəqəmsal səyyah” viza altnövünün təsis edilməsidir. 2027–2028-ci illərdə beynəlxalq təcrübənin öyrənilməsi, qanunvericiliyə müvafiq dəyişikliklərin hazırlanması və yeni viza altnövünün elektron formada tətbiqinə başlanılması nəzərdə tutulur.

Turizmin gələcək inkişafında bu kimi rəqəmsal həllərin əhəmiyyəti xüsusilə böyükdür. Çünki müasir turist üçün səfərin rahatlığı artıq yalnız otel və nəqliyyatla məhdudlaşmır. Viza prosesinin sadələşdirilməsi, səfərin onlayn planlaşdırılması, nəqliyyat və turizm xidmətləri barədə məlumatların asan əldə edilməsi də ölkənin seçilməsinə təsir edən amillərə çevrilib.

Xəritədə görünən yerlər turizm bazarında da görünməlidir

Proqramın digər mühüm istiqaməti regionların turizm dövriyyəsinə daha geniş cəlb edilməsidir. 2027–2030-cu illərdə üç yeni turizm və rekreasiya zonasının yaradılması, həmin ərazilərdə ən azı üç turizm mərkəzinin formalaşdırılması nəzərdə tutulur. Seçilmiş turizm mərkəzlərinin yollar, mühəndis-kommunikasiya və digər zəruri infrastrukturlarla təmin edilməsi, daha sonra isə özəl investisiyaların cəlb olunması və dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Dağlara yol açılır, amma məsələ təkcə yol deyil

Dağ turizmi də bu strategiyada ayrıca yer tutur. Mövcud 40 haykinq və trekinq marşrutunun qiymətləndirilməsi, əlavə səkkiz dağ-piyada marşrutunun müəyyənləşdirilərək işarələnməsi və rəqəmsal xəritələndirilməsi nəzərdə tutulur. Seçilmiş marşrutlarda baza düşərgələrinin və yüngül turizm infrastrukturunun yaradılması da planlaşdırılır.

Burada əsas məsələ regionlara turist göndərmək deyil, regionların özünəməxsus turizm məhsulunu formalaşdırmaqdır. Əgər turist yalnız paytaxtda qalırsa, ölkənin turizm potensialının böyük hissəsi iqtisadi dövriyyədən kənarda qala bilər. Halbuki dağ, təbiət, sağlamlıq, mədəniyyət və digər turizm istiqamətlərinin inkişafı həm turistlərin ölkədə qalma müddətini artıra, həm də turizmdən əldə olunan gəlirin regionlar arasında daha geniş bölüşdürülməsinə şərait yarada bilər.

Turistin Bakıdan kənara çıxması üçün nə dəyişməlidir?

Bu baxımdan nəqliyyat məsələsi də xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramında regionlardakı əsas turizm məntəqələrinin avtomobil, avtobus və dəmir yolu əlaqələrinin yaxşılaşdırılması, turistlərin səfərlərinin planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi və turizm informasiya xidmətlərinin genişləndirilməsi nəzərdə tutulur. Dəmir yolu biletlərinin Qlobal Paylama Sisteminə inteqrasiyası, turistlər üçün gündəlik, həftəlik və aylıq bilet paketlərinin yaradılması da bu yanaşmanın bir hissəsidir.

Naxçıvan turizm xəritəsində ayrıca yer tutur

Naxçıvanla bağlı ayrıca tədbirlərin nəzərdə tutulması da diqqət çəkən məqamlardandır. Sənəddə Naxçıvana turist səfərlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi, hava nəqliyyatı ilə turist səfərlərinin təşkilinin inkişaf etdirilməsi və regiona səfər edənlərin sayının artırılması gözlənilir.

Turizmin yeni mərhələsində sağlamlıq turizminə də ayrıca yanaşılması nəzərdə tutulur. 2026–2030-cu illər ərzində sağlamlıq turizminin inkişafı strategiyasının və fəaliyyət planının hazırlanması planlaşdırılır. Bu istiqamətdə Səhiyyə Nazirliyi Dövlət Turizm Agentliyi və TƏBİB ilə birlikdə fəaliyyət göstərəcək.

Azərbaycanın turistə görünən üzü dəyişir

Bütün bunların üzərinə Azərbaycanın beynəlxalq tanıtımının gücləndirilməsi də əlavə olunur. 2026–2030-cu illərdə Turizm Səfiri Proqramının yaradılması, tanıtım səfərlərinin təşkili, sosial media və rəqəmsal platformalarda kampaniyaların keçirilməsi, ən azı bir beynəlxalq tanınmış şəxsin Turizm Səfiri kimi cəlb olunması və hazırlanan rəqəmsal məzmunların ən azı 50 milyon baxış əldə etməsi qarşıya məqsəd qoyulur.

Beləliklə, yeni Dövlət Proqramının əsas fərqi turizmə ayrı-ayrı layihələrin məcmusu kimi deyil, bir-biri ilə əlaqəli iqtisadi ekosistem kimi yanaşılmasıdır. Viza siyasətinin yumşaldılması turistin ölkəyə girişini asanlaşdırır, aviareyslərə dəstək onun Azərbaycana çatmasını təmin edir, hotel və digər infrastruktura subsidiya turistin yerləşdirilməsinə imkan yaradır, regionlarda yeni turizm məhsullarının yaradılması isə səfərin coğrafiyasını genişləndirir. Rəqəmsal həllər və tanıtım mexanizmləri isə bütün bu imkanların xarici turistə çatdırılmasına xidmət edir.

Böyük hədəf turist sayından kənarda başlayır

Ən böyük hədəf isə rəqəmlərdə görünür. 2030-cu ilədək turizm üzrə daxilolmaların 3,3 milyard manatdan 6,3 milyard manata çatdırılması planlaşdırılır. Bu, turizm siyasətində əsas ölçünün sadəcə turist sayından daha geniş götürüldüyünü göstərir. Əsas məsələ Azərbaycana gələn turistin sayını artırmaqla yanaşı, onun ölkədə daha uzun qalması, daha çox xidmət alması, regionlara səfər etməsi və nəticədə turizmin yaratdığı iqtisadi dəyərin böyüməsidir.

Əgər nəzərdə tutulan tədbirlər ardıcıl və effektiv şəkildə həyata keçirilərsə, 2026–2030-cu illər Azərbaycan turizmi üçün kəmiyyət artımından çox, keyfiyyət və struktur dəyişiklikləri dövrünə çevrilə bilər. Çünki artıq qarşıya qoyulan hədəf sadəcə turist qəbul edən ölkə olmaq deyil, müxtəlif turizm məhsulları təklif edən, regionlarını bu prosesə qoşan, rəqəmsal imkanlarını genişləndirən və turizmdən daha böyük iqtisadi gəlir əldə edən ölkə modelinə keçməkdir.

Nigar Orucova, "İki sahil"