03 noyabr 2023 12:09
491

Əsrə bərabər 44 gün…

Tarix uca bir dağa bənzəyir. Ondan uzaqlaşdıqca onun əsl əzəməti daha aydın görünür. 8 noyabr 2020-ci il Azərbaycan tarixində sadəcə Zəfər günü deyil. Tariximizin şanlı milad günüdür. Yenidən varoluş günüdür. Üç il öncə bu Zəfərin yarımçıq olduğunu, torpaqlarımızın tamamilə azad edilmədiyini düşünənlər var idi. Lakin keçmişi bilən, bu günü doğru anlayan və sabahı doğru hesablayanlar yalnız qələbə tarixini yaza bilir.  8 noyabr 2020-ci il tarixi bunun parlaq sübutu, əyani təzahürüdür.

Uzun müddət Azərbaycan dövləti öz torpaqlarını azad etmək üçün sülh siyasətindən istifadə etdi. Lakin düşmən və onun havadarları bunu doğru qiymətləndirə bilmədilər. Məşhur hərbi strateqlərdən biri müharibənin siyasətin hərbi yolla davamı adlandırır. Bütün sülh yolları tükəndikdə Azərbaycan öz torpaqlarını azad etmək üçün öz təbii hüququndan istifadə etdi.

Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetinə çevrilmişdi. Nəticədə müasir və qüdrətli ordu quruldu. Onun döyüş qabiliyyətinin mükəmməlləşdirilməsi, maddi-texniki təchizatı, müasir silahlarla təmin edilməsi həyata keçirildi. Məhz bu amil Azərbaycan ordusunun yüksək səviyyədə beşinci nəsil müharibə aparma qabiliyyətinə malik olmasına gətirib çıxardı. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaratdı. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Məhz sülh danışıqları dövründə 44 möhtəşəm gün ilmək-ilmək hörüldü. Səbrlə, ustalıqla və dahiliklə. Bunun məntiqi nəticəsi isə işğal altında olan torpaqlarımızın azad edilməsi oldu.

Əslində 27 sentyabrdan başlanan 44 şərəfli günün hər biri Böyük Zəfər abidəsinə qoyulan bir kərpic idi. Bu möhtəşəm Zəfər abidəsinin memarı Müzəffər Ali Baş Komandan idi. Hər gün kəndlər, qəsəbələr və şəhərlər azad edilirdi. Sanki qədim və zəngin tarixə malik nəfis Qarabağ xalçasına irili-xırdalı naxışlar vurulurdu. Son naxış isə Şuşa oldu. Hər günü şərəfli qələbələrlə yazılan nəticə etibarilə əsrlərə bərabər 44 günlük Zəfər yolumuzun tacı yenilməz dağların zirvəsində olan qala-şəhərimiz Şuşanın azad edilməsi oldu. Şuşanın azad edilməsi misilsiz qəhrəmanlıqla yanaşı, dahi sərkərdələrin belə qibtə edə biləcəyi hərbi strategiyanın nəticəsi idi. Şuşanın azad edilməsindən sonra işğalçı Ermənistan təslim olmağa məcbur oldu.  

Tarixi təcrübə sübut edir ki, müharibələrin taleyini yalnız müasir silahlar və qabaqcıl texnologiya həll etmir. Baş komandanın strateji addımları, doğru zamanda doğru qərar qəbul etməsi və ordunun mənəvi ruhu, qəhrəmanlığı həlledici amillərdir. Məhz bunların nəticəsi olaraq müharibələr tarixində ilk dəfə olaraq döyüşən tərəflərdən biri hərbi əməliyyatların gedişində bir addım belə geri çəkilmədi.  Qəhrəman Azərbaycan Ordusunda heç bir fərari olmadı.

Bu həm də ona görə baş berdi ki, bu bizim üçün mənəvi və tarixi baxımdan müqəddəs müharibə idi. Çünki biz Vətən uğunda, onun bütövlüyü və azadlığı uğrunda vuruşurduq. Bu müharibədə dövlətimizlə bərabər onu təşkil edən, onun dayağı olan xalqımız bütövlükdə savaşırdı. Ön cəbhədə şanlı ordumuzun qəhrəmanlığı ilə, arxa cəbhədə Azərbaycan xalqının bütün fərdlərinin Ali Baş Komandana inamı vəhdət təşkil edirdi. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ifadəsi reallığa çevrilmişdi. Həqiqətən bütün Azərbaycan Qarabağ üçün bir ürək və bir yumruq oldu. Məhz bu “Dəmir yumruq” Qarabağı yenidən Azərbaycan etdi. Azərbaycan dövləti, ordusu və xalqı Dəmir yumruğa çevrilərək 44 günlük müharibənin hər gününü qızıl hərflərlə yazılan şanlı tarixə çevirdi.  

Biz haqlı idik və qalib gəldik. Qələbə yalnız müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanlarında deyil, həmçinin diplomatiya və informasiya cəbhəsində də qazanıldı.

Müdrik siyasi və sosial-iqtisadi islahatlar müasir Azərbaycan intibahının  rəhni oldu. İqtisadi güc hərbi gücün təməlinə çevrildi.  Uzun illər ərzində ölkəmizin büdcə xərcləri əsas yerlərdən birini məhz hərbi xərclər təşkil etmişdir. Hətta böyük qələbədən sonra da mühüm yer tutmaqdadır. Bu ölkə başçısı, Ali Baş Komandan tərəfindən doğru olaraq belə əsaslandırılmışdır:

"Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaq".

Məhz bu dahi strateji düşüncə, postmüharibə dövründə Böyük Zəfəri daha da möhkəmləndirdi. Antiterror əməliyyatlarında düşmən ordusunun tör-töküntüləri bir neçə dəfə qısa müddət ərzində məhv edildi. Ali Baş Komandanın ifadə etdiyi kimi “Dəmir yumruq” hər zaman yerində idi. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və süverenliyimiz tamamilə bərpa edildi.

İşğaldan azad edilmiş torpaqlarda bu gün intibahın, tərəqqinin addımları atılır.  Zəngilan, Laçın və Füzulidə müasir tələblərə uyğun kəndlər və qəsəbələr qurulmuşdur. Füzuli və Laçın şəhər mərkəzlərində artıq həyat başlanmışdır. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları istifadəyə verilmiş, Laçında isə inşası davam etməkdədir. İşğal dövründə barbarlıqla talan edilmiş, dağıdılmış şəhərlər abad və firavan günlərinə başlamışdır.

Hafiz Cabbarov,
Heydər Əliyev adına liseyin  tarix müəllimi,
YAP Xətai rayon təşkilatının  “Natiq Əliyev 50“ ünvanı üzrə ərazi partiya təşkilatının üzvü