19 oktyabr 2023 14:02
215

Zəfər yolu

44 günlük şanlı qələbəyə gedən Zəfər yolu  şübhəsiz ki, 4 günlük Aprel döyüşləri və 2020-ci il Tovuz döyüşləri ilə başladı. 2016-cı ilin aprelin əvvəlində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi və hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı, yüzlərlə evlər dağıdıldı.Azərbaycan öz vətəndaşlarını müdafiə etmək üçün əks-hücum əməliyyatına başladı. Dörd günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" yüksəkliyində nəzarəti ələ keçirdilər. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını da təmin etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirən zaman da qeyd etmişdir ki: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır”.

Aprel döyüşlərindəki məğlubiyyətlə barışmayan düşmən daha bir təxribata əl atdı. Belə ki, 2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Azərbaycan silahlı qüvvələrinin əks həmləsi nəticəsində Tovuz döyüşləri başladı və bu döyüş də Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırdı və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə etdi. Tovuz döyüşləri zamanı bölgədəki hərbi qüvvələr dərhal bu təcavüzün qarşısının alınmasına səfərbər olundular, xüsusilə pilotsuz uçan təyyarələr Ermənistanın sərhəd boyunda olan hərbi obyektlərini darmadağın etdi, düşmən ağır itki verərək geri çəkilməyə məcbur edildi. Beləliklə, qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasının addım səsi oldu. Tovuz döyüşlərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq” bəyanatı isə göstəririrdi ki, qəhrəman ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyi gün çox da uzaqda deyil.

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusu 44 gün davam edən əks-hücum əməliyyatına başladı. Cənab Ali Baş Komandanın “Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik” sözləri, Qarabağ Azərbaycandır! şüarı 44 günlük müharibənin rəmzinə çevrildi.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində həlledici hadisəyə çevrildi. Şuşa şəhərinin azad edilməsi ilə müharibənin gedişində çox böyük strateji üstünlük əldə edildi, Ermənistanın hərbi-siyasi rəhbərliyi noyabr ayının 10-da kapitulyasiya sənədini imzalamalı oldu. Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edildi. Bəli 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...

30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.

“Qarabağ bizimdir!”,

“Qarabağ Azərbaycandır!”

Aynur Qənbərova,
Bakı şəhəri, Xıtai rayonu, 263 nömrəli tam orta məktəbin uşaq birliyi rəhbəri
YAP Xətai rayon təşkilatının "Mehmandarov 78" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini