20 oktyabr 2023 00:37
453

Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur     

Dövlət başçısı İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bildirdi ki,  xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə, ordusuna,  gün gələcək burada durub sizinlə bu bayram gününü qeyd edəcəyimizə inanıb

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə son səfərləri Zəfərimizin təqdimatı ilə çoxəsrlik tariximizə qızıl hərflərlə yazıldı. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaldan dövlətimizin başçısı “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bəyan etdi ki, bu torpaqlarda üçrəngli bayrağımız ədəbi dalğalanacaq.

Tarixi Zəfərimizdən üç il vaxt keçsə də  onun yaratdığı reallıqlar, 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapan müddəalardan irəli gələn öhdəliklərin Azərbaycan və Ermənistan tərəfindən hansı səviyyədə yerinə yetirilməsi bu gün də  müzakirə olunmaqdadır. Azərbaycan bütün öhdəliklərə sadiqdir və onların yerinə yetirilməsi istiqamətində səylər göstərir.  Regionda davamlı sülhün, təhlükəsizliyin təmin edilməsində, Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasında ölkəmizin mövqeyini ən yüksək tribunalardan bəyan edən cənab İlham Əliyev   oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bu mühüm məqama xüsusi diqqət yönəltmişdir ki, indi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, bu cəhdləri qəbul edirik. Amma Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır: “Bizə belə vasitəçilər lazım deyil. Bu birincisi. İkincisi, kimsə vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir.”

   Azərbaycan Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə keçirilən görüşləri dəstəkləyərək sülh müqaviləsinin tezliklə imzalanmasına çalışdığını bəyan edir. Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan havadarlarının təkliflərinə deyil, günün çağırışlarına, həqiqətlərinə önəm versə bu addımın qısa zamanda atılması qaçılmazdır. Hər zaman ölkəmizə qarşı qərəzli mövqeyi ilə diqqətdə olan Avropa Parlamentinin oktyabrın 5-də qəbul etdiyi qətnamənin ardınca oktyabrın 17-də keçirilən sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın qərəzli bəyanatlarına geniş imkanlar yaratması qurumun yürütdüyü siyasətə bir daha aydınlıq gətirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir. 30 ilə yaxın müddət ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törətmiş bir ölkə olan Ermənistanın Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin “etnik təmizlənməsi”ndə ittiham etməsi əsassız olmaqla yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir.

   Onu da qeyd edək ki, Nikol Paşinyan  sentyabrın 21-də  Ermənistan ictimaiyyətinə müraciətində Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini bildirmişdi. Bu gün baş nazirin havadarlarının iddialarına uyğun olaraq fərqli yanaşma nümayiş etdirməsi heç də təəccüblü görünmür. Müstəqilliyi formal xarakter daşıyan bir ölkənin  hərdən bir hala düşməsi qaçılmazdır.

   Ermənistanın tarixin və faktların açıq şəkildə saxtalaşdırılmasında nə qədər məşhur olduğunu nəzərə alsaq  sözügedən ölkənin baş nazirinin bu cür ziddiyyətli açıqlamalarını eşitmək təəccüb doğurmur. Ermənistanın Azərbaycan və Türkiyəni blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur. İşğalçı ölkənin hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur. Belə görünür ki, Ermənistan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra da buna son qoymaq niyyətində deyil. Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda, bu istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir. Ermənistanın, həmçinin Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur. Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə bu ölkənin baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl gətirir.

    Cənab İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində də 30 illik işğal və hazırkı postmünaqişə dövründə havadarlarının Ermənistana dəstəklərinin hansı problemlərə gətirib çıxardığına xüsusi diqqət yönəltdi. “Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, o ölkələr 1992-1993-cü illərdə Ermənistanın yanında idi. Ermənistanı  işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı: “Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır. Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur.”

  Bu və ya digər dövlətlərin maraqlarının həyata keçirilməsində bir vasitə kimi istifadə edilən ermənilər görünür aldıqları dərsləri tez unutmaq məcburiyyətində qalırlar. Nəhayət, İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi və müzəffər Azərbaycan Ordusu öz doğma torpaqlarını azad etdi. Düşünürdük ki, Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan silahlı qüvvələri aldıqları dərsdən nəticə çıxarar.  Çünki Ermənistan ordusu tamamilə dağılmış vəziyyətdədir. Müharibə dövründə 10 min fərarisi olan ölkə nə fiziki, nə də  mənəvi cəhətdən müharibə aparmaq iqtidarındadır. Azərbaycan Ordusunun məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikasının say tərkibinə və dəyərinə diqqət yetirmək kifayətdir. Ermənistan kimi kasıb ölkənin belə hərbi texnikaya malik olması, ən əsası məhv edildikcə yenilərinin əvəzlənməsi maraq doğurmaya bilməz. Münaqişənin həllinin  30 il uzanmasında belə ikili siyasətlərin rolu inkaredilməz idi. Bir tərəfdən Ermənistana maddi və mənəvi dəstək göstərilir, silahlandırılır, işğalçı dövlət olduğu dilə gətirilmir, digər tərəfdən də  münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü barədə fikirlər söylənilirdi. Bu gedişlərin nəticəsi göz önündədir. «Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi» söyləyən  dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki,  Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər: «Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli Bayrağımız dalğalanır.»

    Cənab İlham Əliyev qeyd etdiyimiz səfərləri çərçivəsində Azərbaycanın tarixi Zəfərə gedən yolunu geniş təhlil edərək hazırda sahibinə qovuşmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin  geniş vüsət aldığını statistik rəqəmlər vasitəsilə diqqətə çatdırdı. Dövlət başçısının Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi reallığı özündə ehtiva edən  rəqəmlər  2026-ci ildə başa çatması nəzərdə tutulan Birinci Qayıdış Proqramının uğurlu icrası barədə aydın təsəvvür yaratdı. Bildirildi ki, Füzuli indi tamamilə yenidən qurulur. Səfər çərçivəsində mühüm  obyektlərin təməli qoyuldu. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməlqoyma mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev bu kimi addımları ilə soydaşlarımızın bu torpaqlarda rifah içində yaşayışının prioritet olduğunu nümayiş etdirir. Azərbaycan dünyaya təqdim etdiyi təkmil  dirçəliş modeli ilə, həmçinin şəhərsalma təcrübəsini təqdim edir. Cənab İlham Əliyev sözügedən görüşündə Ağdam və Zəngilanda keçirilən Milli Şəhərsalma forumlarından bəhs edərək vurğuladı ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Bunu  bir çox beynəlxalq ekspertlər qeyd edirlər. Rahat yaşamaq üçün bütün infrastruktur var. Bütün şəhərlərimiz Füzuli kimi olacaq. Çünki Füzulidə  birinci şəhərsalma layihəsi icra edilir.

  Füzuli rayonunun timsalında görülən işlər ümumilkdə Böyük Qayıdış Proqramının tezliklə uğurla başa çatacağına əminlik yaradır.  O da məlumdur ki, bərpa-quruculuq işləri soydaşlarımızın bu torpaqlara qayıdışı ilə müşayiət olunur.  Füzuli rayonunda 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonuna qədər Füzuliyə  22 min insanın qayıdışı nəzərdə tutulub. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Dövlət başçısı belə bir əminliyi ifadə edir ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq: “Çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər.”

  Təbii ki, bunları qeyd etməyimiz səbəbsiz deyil. Ermənistan bu reallığı unutmamalıdır ki, Azərbaycanın sülh təklifi onun üçün son şansdır. Ölkəmiz qalib tərəf olaraq yeni reallıqların qəbulu və icrası istiqamətində addımlarını davamlı şəkildə atır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi,  Azərbaycan istədiyinə kimin hansı mövqedə olmasından asılı olmayaraq, nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir.

   30 ilin işğalına son qoyduq. Son üç ildə tariximizə yazılan zəfər səhifələri göz önündədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  bu çağırışı da gələcək barədə aydın təsəvvür yaradır: “Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.”

Bugünkü reallıqlardan bir daha belə qənaət yaranır ki, Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi olaraq regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səylərini  real addımları ilə təsdiqləyir.

Yeganə Əliyeva, İki sahil”