19 oktyabr 2023 17:00
283

Tariximizin zəfər səhifələri

2003-cü ilin 15 oktyabr tarixində cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. “Heydər Əliyev İli”ndə Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda ucaldan dövlətimizin başçısı Ümummilli Liderin 20 il bundan öncə Ona olan inamını, etimadını doğrultdu, verdiyi bütün vədləri yerinə yetirdi. 2003-cü ildə Prezident seçilmiş İlham Əliyev xalqımıza müraciət edərək Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını daim müdafiə edəcəyini  və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına söz vermişdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. Dövlət başçısı iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayandan etibarən Azərbaycan xalqını müqəddəs Qələbəyə kökləyirdi. Bu Qələbə şanlı Azərbaycan Bayrağının o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılmasını özündə ehtiva edirdi. 20 il sonra – 2023-cü il 15 oktyabrda isə o, Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Eyni zamanda, oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev tariximizin zəfər səhifələrini daha da zənginləşdirdi.

Son üç ildə hər birimiz üçün qürurverici məqamlardan biri ölkəmizin həyatında əhəmiyyətli rol oynayan tarixlərin, bayramların işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunması və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu məkanlardan mesajlarını çatdırmasıdır. Torpaqlarımızın 30 ildən  sonra tarixi sahibinə qovuşması, ölkəmizin həyatında yeni mərhələnin başlanması tariximizin zəfər səhifəsi kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edəcək. Bu 20 il ərzində Azərbaycan dünya miqyasında güclü dövlət olaraq formalaşdı. Azərbaycan qlobal və regional səviyyədə bir çox strateji əhəmiyyətli  təşəbbüslərin müəllifidir. Ermənistan-Azərbaycan münaqişəsini həlli güclü bir siyasi və hüquqi zəmin yardılmasını tələb edirdi. Güclü iqtisadiyyat olmadan bunları etmək qeyri mümkün olardı. Azərbaycanın güclü iqtisadi potensialını yaradan məhz Prezident İlham Əliyev olmuşdur. Son 20 ildə Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox artıb. Güclü iqtisadiyat və güclü ordu sarsılmaz müstəqilliyinin əsas komponentləridir.

Hazırda Qarabağda geniş quruculuq, tikinti işləri həyata keçirilir. Qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdışı təmin edilir. Hər gün Bakıda və digər bölgələrdə olan məcburi köçkünlərimiz Füzuliyə, Laçına, Zəngilana yola salınır.  Ali Baş Komandanın rəhbərliyi altında güclü və qalib orduya çevirilən Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Həm Vətən müharibəsi dövründə, həm də antiterror əməliyyatları zamanı şanlı ordumuz bizim gücümüzü düşmənin başını əzməklə göstərdi və yenilmiş düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Belə güclü ordu və şücaət yalnız Prezident İlham Əliyevin müzəffər sərkərdəliyi altında mövcud ola bilərdi. Bu Qələbə gələcək nəsillər boyu xalqımızın əbədi yaddaşına həkk olunacaq. Bütöv, tam suveren və xalqı qarşısında verdiyi sözə sadiq, müzəffər Prezidenti olan Azərbaycanın vətəndaşı olmaq qürurlu, şərəfli və məsuliyyətlidir. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Azərbaycan güclü dövlətə çevrilib, qüdrətli Ordumuz var. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir.

Gənc nəsilin vətənpərvər, milli-mənəvi ruhda böyüməsi bizim qələbəmizi qaçılmaz etdi. 44 günlük Vətən müharibəsində gənclərimiz böyük həvəslə, coşqu ilə döyüşə gedirdilər. Ermənistandan fərqli olaraq bizim bir nəfər də olsun fərarimiz olmadı. Hətta elə bir əməliyyat, döyüş olmadı ki, orada hərbçilərimiz taktiki olaraq geri çəkilsinlər. Onlar ya qalib olurdular, ya da şəhidlik zirvəsinə ucalırdılar. Belə bir vətənpərvər gəncliyin, belə bir güclü Ordunun yetişməsinə, formalaşmasına görə biz cənab Prezidentə minnətdar olmalıyıq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Torpaqlarımızı geri qaytardıq, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri