19 oktyabr 2023 02:58
323

Cənablar, gedin ağlınıza dua yazdırın...

Prezident İlham Əliyev Füzulidə yerli sakinlərlə görüşündə bir çox məsələlərə toxunub. Dövlətimizin başçısı bildirib ki, Azərbaycana dost ölkələr bizi hər zaman dəstəklədikləri kimi, azad edilmiş Qarabağ ərazilərinin abadlaşdırılmasında da öz köməklərini əsirgəmirlər. Baxmayaraq ki, Azərbaycan heç kimdən kömək istəməyib.  Qarabağda aparılan tikinti-təmir işlərindən söz açan Prezident deyib: "Sağ olsun özbək qardaşlarımız gözəl məktəb tikdirdilər və qazax qardaşlarımız da indi Yaradıcılıq Mərkəzini inşa edirlər. Ondan başqa bizə bir dənə də mismar da hədiyyə edilməyib."

Dövlətimizin başçısı çıxışının davamında xüsusi vurğulayıb: "Biz bu illər ərzində həm iqtisadiyyatı qurduq, həm ehtiyatlar yığdıq. Nə üçün? Bilirdik ki, bu gün gələcək, o vəsait bizə lazım olacaq və biz haraya xərcləyirdik - orduya. Birinci yerdə ordu xərcləridir, ikinci təhsil xərcləridir. Həmişə bizim büdcəmizdə, bu iki əsas prioritet var idi. İndi ordu xərclərinə biz yenə də vəsait ayırmalıyıq. Çünki yumruq daim yerində olmalıdır. Ancaq, eyni zamanda, indi vəsaitin əsas hissəsi Qarabağın bərpasına gedir."

Ancaq Azərbaycanın müstəqil olaraq bütün problemlərini özü həll etməsi, kimsəyə boyun əyib yardım istəməməsi, bəzi dövlətlərin xoşuna gəlmir.  Bu mövzuda danışan dövlətimizin başçısı qənaətlərini sakinlərlə belə bölüşüb: "Ona görə heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik. Ona görə bəlkə də bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki onlar öyrəşiblər ki, gəlsinlər onların qabağında baş əysinlər, o da icazə versin, verməsin. Bəziləri hesab edirdilər ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq. Yəni, biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq. Bu, çox zərərli məntiqdir. Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur."

Bizdən hesab soranlardan biz də hesab sora bilərik. Ermənistan Azərbaycan ərazilərini işğal etməzdən əvvəl onlardan icazə almışdımı? Əgər icazə istəmişdisə onda həmin "beynəlxalq ictimaiyyat" Ermənistana hansı haqla icazə verirdi? Əgər Ermənistan "beynəlxalq ictimaiyyət"in fikri ilə razılaşmırdısa niyə etirazlarını bildirmir, ona  sanksiyalar tətbiq etmirdilər? Suallar çoxdur, ancaq cavablarına ehtiyac yoxdur. Çünki işğalın davam etdiyi 30 ildə  bu suallara özləri lazımınca cavablar veriblər. Əraziləri işğal olunan Azərbaycana qarşı ikili standartlar, qadağalar, basqılar, təpkilər, çər-böhtan kampaniyaları baş alıb gedirdi. Həmin "beynəlxalq ictimaiyyətdir" ki, əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımına seyrçi münasibət göstərdi. Torpaqları işğal olunan, soyqırımlara məruz qalan, şəhər və kəndləri dağıdılıb xarabazara çevrilən Azərbaycan həm də günahkar çıxarılırdı. Unutmamışıq və min il də keçsə unutmayacağıq.

Bədxahlar bilməlidirlər ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməkdə, burada gizlənib qalmış separatçı-terrorçuları təmizləməkdə heç kəsdən icazə almalı deyildi. Əgər kimsə Azərbaycandan bunu umursa çox böyük səhvə yol verir, getsin əməllərinə düzəliş etsin, ağlına dua yazdırsın.

Vəli İlyasov, "İki sahil"