19 oktyabr 2023 02:15
337

Haradan gəldi, niyə getdi?..

Qarabağdan könüllü şəkildə Ermənistana köçmüş ermənilər bir sıra səbəblərə görə geri qayıtmayacaqlar

Lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycan suverenliyini tam şəkildə bərpa etdikdən sonra Qarabağda yaşayan erməniəsilli əhalinin böyük əksəriyyətinin könüllü şəkildə Ermənistana köç etməsi gözlənilən idi. Baxmayaraq ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror tədbirləri vaxtı da mülki insanların hədəfə çevrilməməsi və zərər görməməsi üçün ordumuz tərəfindən bütün lazımi tədbirləri görülmüş, Azərbaycan dövləti isə ermənilərin Qarabağda qalıb təhlükəsiz şəkildə yaşamalarına zəmanət vermişdi. Bu zəmanətin reallığı əks etdirməsi elə ilk andan atılan praktiki addımlarla özünü təsdiq edirdi – mülki ermənilərə ərzaq, yanacaq göndərildi, TƏBİB-in həkim briqadaları ehtiyacı olanlara tibbi yardım göstərmək üçün əraziyə yola düşdü və qısa müddət sonra Xankəndidə fəaliyyətə başladı. Yəni, Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək istəyən, qanunlarımız çərçivəsində yaşamağı qəbul edən ermənilər üçün ilkin zəruri addımlar atıldı. Ancaq onların çoxu könüllü şəkildə Qarabağı tərk etmək variantına üstünlük verdilər ki, bunun da iki əsas səbəbi var.

Əvvəla, Qarabağda yaşayan ermənilərin nisbi say faizi ilə çoxu torpaqlarımızın işğalından sonra buraya köçürülmüş insanlar idi. Vaxtilə xaricdəki erməni lobbisinin, “Hayastan” və digər fondların təşkilatçılığı ilə şirin vədlərlə Suriyadan, Livandan Azərbaycana gətirilmiş həmin erməni ailələri suverenliyimizin bərpasından sonra daha burada qala bilməyəcəklərini yaxşı başa düşürdülər. Xatırladaq ki, Azərbaycan dəfələrlə münaqişədən əvvəl Qarabağda yaşamış ermənilərin dəqiq sayları və kimlikləri haqqında məlumatlara malik olduğunu, ərazilərimizdə qanunsuz məskunlaşma aparıldığını bəyan etmişdi. Ermənistana gedərkən Laçın sərhəd-buraxılış məntəqəsində azərbaycanlı jurnalistlərin suallarını cavablandıran ermənilərin əksəriyyətinin Qarabağda otuz il və daha az yaşadıqlarını etiraf etmələri də onların ərazilərimizə sonradan gətirildikləri faktını təsdiqləyir. Bu mənada həmin əcnəbilərin elə ilk fürsətdə gəldikləri kimi geri qayıtmaları gözlənilən idi.

İkincisi, uzun illər xunta rejiminin əsirliyində yaşamış, separatçılar tərəfindən azadlıqları və başqa yerə köçmək imkanları məhdudlaşdırılmış ermənilər üçün antiterror tədbirlərinin nəticələri sanki göydəndüşmə fürsət oldu. Böyük ehtimalla, onların əksəriyyəti yaranmış vəziyyətdən başda Fransa olmaqla Avropa ölkələrinə, ABŞ-a, Kanadaya və Rusiyaya miqrasiya etmək üçün istifadə edəcəklər. Ermənistana gedənlər içərisində münaqişədən əvvəl də Qarabağda yaşasa da Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər də az deyil. Bunun əsas səbəbləri isə həmin ermənilərin separatçılarla, Azərbaycan əleyhinə cinayətlər törətmiş şəxslərlə ailə və qohumluq bağlarının olması, onların xunta rejiminin müxtəlif “vəzifələrində” çalışmaları, azərbaycanlılarla birgəyaşayışın mümkünlüyünə inamsızlıq, daha doğrusu bunu istəməmələri və digər amillərdir. Hər bir halda, bu, xarici KİV-in, beynəlxalq müçahidəçilərin də təsdiq etdiyi kimi, Qarabağdakı erməniəsilli şəxslərin öz könüllü seçimi idi, Azərbaycan dövləti onların istəklərinin reallaşması üçün lazımi şərait yaratdı.

Bəs hazırda Ermənistanda məskunlaşdırılmış həmin ermənilərin geri qayıtmaq ehtimalları varmı? Bu məsələdə ermənilərdən daha çox Cənubi Qafqazda baş verən proseslərə nəzarət etməyə çalışan xarici dairələr maraqlı görünsə də könüllü “köçkünlərin” Qarabağa geri dönmələri ehtimalı çox azdır. Çünki burada da Qərbin və Rusiyanın maraqları ciddi şəkildə toqquşur. Əgər Qarabağda ermənilərin sayının çoxluğu Rusiyaya sülhməramlı kontingentinə ehtiyacın mövcudluğu üçün lazımdırsa, ermənipərəst Fransanın başçılıq etdiyi Qərb “beynəlxalq müşahidə missiyası” adı altında Qarabağa daxil olmaq və rusların yerini tutmaq arzusundadır. İki cəbhənin çəkişməsi isə Azərbaycanın işinə yarayır – son nəticədə nə Rusiya Qərbin, nə də Qərb Rusiyanın erməniləri geri qaytarmasına imkan verməyəcək.

Heç ermənilərin özlərinin də Qarabağa qayıtmaq fikirləri yoxdur. Onların könüllü köçünü şərtləndirən yuxarıda sadalanan səbəblərdən başqa, başqa ölkələrə getmək üçün “qaçqın” statusunun verəcəyi imkanlar, beynəlxalq təşkilatların yardımları və digər amillər ermənilərin kütləvi geri dönüşü ehtimalının üstündən xətt çəkir. Azərbaycan üçün isə Xankəndidə qalmış vətəndaşlığımızı qəbul edən, bayrağımız altında yaşamağa razı olan az sayda erməni də kifayətdir.

Mahir Rəsuloğlu, “İki sahil”