19 oktyabr 2023 02:36
471

Samvel Babayan niyə sərsəmləyir?

Və yaxud ac toyuq yuxuda darı görər

Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndidəki separatçı rejim 2023-cü ilin sentyabr ayında 23 saat davam edən lokal antiterror tədbirlərindən sonra tarixin zibilliyinə atıldı. Üstəlik, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində azərbaycanlılara qarşı soyqırımlar törətmiş və hərbi cinayətlərdə əli olmuş bir qrup separatçı, həmçinin qondarma rejimin üç təlxəyi (Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan) həbs olunaraq Bakıya gətirildi. Şübhəsiz, bu canilərin hər biri Azərbaycan qanunları ilə layiqli cəzalarını alacaqlar.

Amma separatçılardan bəziləri, o cümlədən qondarma rejimin “təhlükəsizlik şurası”nın sabiq katibi, sabiq “müdafiə naziri”, əli yüzlərlə soydaşımızın qanına batmış “Daşnaksütyun” partiyasının yetirməsi Samvel Babayan həbsdən yayına bilib.  Artıq o, Ermənistanda Qarabağ mövzusu ilə gündəmi zəbt etməyə başlayıb. Hətta Ermənistan mediasına, həmçinin ölkəsinin İctimai Televiziyasına verdiyi açıqlamaların birində bildirib ki, guya qondarma rejimin keçmiş “başçısı” Samvel Şahramanyanın  xuntanın ləğvi ilə bağlı “fərman”ı etibarsız sayıla bilər. Belə ki, Samvel Babayan qondarma “parlamentin” həmin “fərmanı” “konstitusiya məhkəməsi”nə göndərilməsini, qondarma məhkəmənin isə bunu ləğv etməsini istəyib. Özü də o bildirib ki, bunu Şahramanyan etməlidir, əgər bunu etmirsə,  “prezident” vəzifəsindən kənarlaşdırılacaq və yeni idarəetmə yaradılacaq.

Yeri gəlmişkən, Ermənistan mətbuatına istinadən qeyd edək ki, separatçılar əsasən İrəvandakı “nümayəndəlik”də toplaşırlar. Oktyabrın 17-də Samvel Şahramanyan bir qrup separatçı ilə görüş keçirib. Məlumata görə, həmin görüşdə qondarma rejimin ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərarın dəyişdirilməsi müzakirə olunmayıb. Sadəcə bildirilib ki, qondarma “parlament”in sessiyasının çağırılmasının zamanı deyil.  Yəni, bunun üçün bir qədər geniş müzakirə aparıb, yekunda qərar veriləcək.

Bəli, bu biçarələr, o cümlədən Samvel Babayan hələ də anlamır ki, həmin “fərman”ın “ləğvetmə” cəhdlərinin heç bir hüquqi əsası yoxdur. Çünki   qondarma  rejimin fəaliyyəti heç bir beynəlxalq normalara əsaslanmırdı və elə bu səbəbdən onu Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsi tanımamışdı. Bir sözlə, bu rejimin təşkili legitim deyildi və bilavasitə təxribatçılığa əsaslanırdı. Azərbaycan isə müdrik siyasəti ilə sadəcə, həmin qurumu öz “rəhbər”lərinin əli ilə gorbagor etməklə dünya miqyasında tanınan ərazilərində  suverenliyini tam bərpa etdi.

Babayan, həmçinin Qarabağa “muxtar vilayət” statusu verilməyəcəyi halda ermənilərin geri qayıtmayacağını bildirib. Əvvəla, qeyd edək ki, indi bütün şərtləri bölgədə söz sahibi olan qalib Azərbaycan diktə edir. Bu mənada Ermənistan yalnız icraçı rolunu oynayır. Yəni, belə bir situasiyada Ermənistan və onun havadarlarının regionda hansısa gündəlik üzrə söz demək haqqı yoxdur. Digər tərəfdən, bu qaniçən terrorçu hələ  də anlamır ki, rəsmi Bakı  Qarabağ ermənilərinə birgəyaşayışla bağlı bütün zəmanətləri verib. Onların həmin ərazilərdə yaşayıb-yaşamayacaqları isə öz seçimlərindən asılıdır. Bakının reinteqrasiya ilə bağlı konkret proqramı da onlara təqdim edilib. Qəbul edən erməni qayıda bilər.

Bu debil separatçı hələ də anlamır ki, ermənilərin Azərbaycanda 100 il ərzində törətdikləri vəhşiliklərdən sonra onların burada nəyəsə iddia etməyə heç bir mənəvi haqları qalmayıb. 44 günlük müharibədə qondarma rejimin “status”u cəhənnəmə göndərilib. Cəhənnəmə gedənin qaytarılması isə qeyri-mümkündür. Bir sözlə, rəsmi Bakının dinc ermənilərin qayıdışını əngəlləmədiyini, haylara müstəqil Azərbaycanın təkibində  heç vaxt “muxtar” statusun verilməyəcəyini Babayanın özü də yaxşı bilir. Hətta erməni politoloq Suren Surenyants öz “Facebook” səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağının qaldırılması anında çəkilmiş fotonun altında bu sözləri yazıb: “Bu foto Qarabağ münaqişəsi səhifəsini bağlayan “artsax”ın sonudur. Və heç kim xalqı aldatmağa çalışmasın ki, Qarabağın erməni səhifəsi hələ bağlanmayıb”. Bu, bir daha belə bir reallığı təsdiq edir ki, Qarabağ məsələsi bitib və Azərbaycan bir daha onu düşmənin ixtiyarına verməyəcək.

Bəs bu ruhi xəstə Samvel Babayan niyə  sərsəmləyir? Şübhəsiz, bütün bunlar samvel babayanların növbəti konfliktlər üçün ideoloji-siyasi zəmin yaratmaq, reinteqrasiya proqramının gerçəkləşməsinə mane olmaq istiqamətində çalışmalarından xəbər verir. Amma bunu həm də ac toyuğun yuxuda darı görməsinə də bənzətmək olar.

Qeyd edək ki, hazırda Bakı təcridxanalarında  10 separatçı cəzalarını gözləməkdədir. Çox çəkməz barələrində axtarış elan edilmiş cəllad Samvel Babayanın, qanunsuz rejimin rəhbərlərindən biri olmuş Vitali Balasanyanın, eləcə də  Qarabağın ilk "prezidenti" Robert Koçaryanın və Xocalı qatili Serjik Sarkisyanın da təcridxanalarımızda çay içmələrinin şahidi olacağıq. Bəli, illər öncə Xankəndidə bayrağımızın dalğalanacağı, “üç təlxəyin” Bakıya gətiriləcəyi bizə yuxu kimi gəlirdi. Artıq  bunlar reallığa çevrilib. Bütün bunları edən rəsmi Bakı bundan sonra lazım olanları da beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edəcək.

Bir məsələ çox maraqlıdır: Görəsən bu gün sivişib aradan çıxmağa nail olan, İrəvanda Azərbaycanın ünvanına hədyanlar yağdıran Samvel Babayan əli qandallı Bakıya gətiriləndə indiki sərsəmlərini davam etdirəcək, yoxsa Ruben Vardanyan, Vaqif Xaçaturyan kimi terrorçular sayaq göz yaşları axıdacaq?..

Qvami Məhəbbətoğlu, “İki sahil”