18 oktyabr 2023 00:00
365

Müstəqilliyimiz əbədidir, dönməzdir

Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın möhtəşəm uğurları ilə qürur duyuruq

Sovetlər İttifaqının dağılması nəticəsində Azərbaycan Ali Soveti böyük tərəddüdlərdən sonra dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi.

Ulu Öndər Heydər Əliyev 1990-cı ilin əvvəlində 20 Yanvar hadisələrinə Moskvada öz kəskin etirazını bildirərək Bakıya gəldi. Lakin burada onu istəməyən oyunbaz, hakimiyyət hərislərinin əks münasibətini görərək Naxçıvana getməli oldu. Bütün məhdudiyyətlərə rəğmən Ümummilli Lider Naxçıvanda olarkən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli şanlı bayrağını qaldırıb, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından “Sovet Sosialist” sözlərini götürdü.

Sovetlər hakimiyyətinin ən sərt zamanlarda Ulu Öndərin bu addımı Bakıda hələ də şübhə ilə qarşılanırdı. Mərkəz müstəqillik haqqında qərarı bir ilə yaxın gecikdirdi. Lakin sonda ölkə ictimaiyyətinin böyük təsiri, ziyalıların müdaxiləsi və Ulu Öndər faktoru nəticəsində 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi. Konstitusiya Aktında göstərilirdi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə səs verdi.

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.

Şübhəsiz, müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Ancaq müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur.

1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada hökm sürən acınacaqlı vəziyyət bunu bir daha təsdiqləyir. Həmin dövrdə sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifahının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan vermirdi. Hakimiyyətdə olan qüvvələrin dövlətin, xalqın taleyi və gələcək inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin olmaması insanlarda keçmişə – sosializmə “nostalgiya” hisslər yaradır, ümumən milli müstəqillik idealının mahiyyətinə mənfi təsir göstərir, onun ictimai rəydə adekvat dərkinə mane olurdu.

2021-ci ildə Azərbaycanda “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi hazırlanıb. Ölkəmizdə oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Ancaq həmin gün iş günüdür. Layihəyə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilir. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla, ilk növbədə, Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdi. Bu, müsəlman Şərqində ilk demokratik respublika idi. Amma, eyni zamanda, Azərbaycan sözünün siyasi termin kimi istifadə olunduğu ilk müstəqil dövlətimizdir. Biz cümhuriyyətçi babalarımızın 105 illik müstəqillik mirasına sahib çıxaraq, onu tarixi torpaqlarının üzərində bərpa edərək dövlətçiliyimizi davam etdiririk. Hətta 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində göstərilir: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.

Bu gün ölkəmizdə 28 May – Respublika Gününün Müstəqillik, 18 Oktyabr – Müstəqillik Gününün isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması tarixi zərurətdir. Bugünkü reallıqlar və əldə etdiyimiz rəşadətli Zəfər bu bayramların adlarının da doğru yazılmasını tələb edir. 44 günlük şanlı Zəfər tariximiz haqqında çox danışılacaq, çox layihələr icra olunacaq, kitablar yazılacaq. Vətən müharibəsində qalib gəlməklə biz ərazi bütövlüyümüzün və azad olunmuş ərazilərdə suverenliyimizin təmin olunması ilə yanaşı, müstəqillik tarixində ilk dəfə itirilmiş torpaqların geriyə alınmasına nail olduq. Müstəqilliyin bərpasının 32-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, rəşadətli ordumuz və canlarını Vətənə qurban verən şəhidlərimiz tərəfindən xalqımıza bəxş edilmiş şanlı Zəfər tariximiz bizim qürur mənbəyimizdir.

Prezidentin də xüsusi vurğuladığı kimi, “Azərbaycan xalqı öz tarixi torpaqlarında bundan sonra da yaşayacaqdır. Heç kim bizi öz ata-baba yurdlarımızdan çıxara bilməz! Yaşasın Azərbaycan!”

Cavid Əkbərov, “İki sahil”