18 oktyabr 2023 00:09
369

Kor-kor, gör-gör...

Radikal müxalifətin növbəti hiyləsi: Tarixi Zəfərə niyə xor baxırlar?

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən 3 il ötür. Əlbəttə ki, ağlasığmaz dərəcədə qısa bir müddətdə əldə edilən bu tarixi Qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və müzəffər Azərbaycan Ordusunun şücaəti ilə qazanıldı. Bu Zəfər həm də Azərbaycan xalqının 30 il əvvəl əzilmiş qürurunu, əzmini geri qaytarmış oldu.

Bu gün xalqımız torpaqlarının işğaldan azad olunmasının sevincini, qürurunu yaşayır. Müharibə bitər-bitməz Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə sürətli quruculuq, infrastrukturların qurulması işinə başlayıb. Ərazilər minalardan təmizləndikcə və infrastrukturlar qurulduqca torpaqların əsl sakinləri o bölgələrə səfər edir, otuz illik həsrətə son qoyurlar. Bütün bunlarla yanaşı, Qələbəmizi hələ də həzm edə bilməyən, ona “mız qoyan” bir ovuc adam var. Onlar zaman-zaman öz neqativ fikirləri ilə bu Qələbəyə “kölgə salmağa” çalışırlar.

Buna əyani sübut kimi Azərbaycanın radikal müxalifətini misal çəkmək olar. Bunlar AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, qondarma “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu və Gültəkin Hacıbəyli və digər 3-5 dağıdıcı ünsürdür. 30 ildir ki, torpaqlarımızın işğal altında olmasını əllərində bayraq edən bu üzdəniraqlar Vətən müharibəsindən sonra sosial şəbəkələrdə qeyd edirdilər ki, torpaqlarımız tam olaraq azad edilməyib. Oktybarın 15-də isə Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağı qaldırdıqdan sonra radikal müxalifət, eləcə də ermənilər, onlarla əlbir olan digər ermənipərəst ünsürlər yenə də cığallıq etməyə başlayıblar.

Bu düşmən qüvvələr indi də bildirirlər ki, Qarabağ 30 il işğal altında qalmamalı idi. Bu Qələbəyə xor baxmaq heç bir ifadə ilə anlaşılan məsələ deyil. Çünki Şuşa adı bizim üçün artıq əlçatmaz olmuşdu. Biz Şuşanın, həmçinin Qarabağın digər bölgələrinin, eləcə də Şərqi Zəngəzurun adlarını ancaq ədəbiyyatlarda, restoranların adlarında görməyə başlamışdıq. İllər keçirdi və xalqın bütövlükdə ümidli olsa da, bu inam getdikcə daha da azalmağa doğru gedirdi. Bizim üçün bu Qələbə əlçatmaz bir zirvə idi. Şuşa daxil. Qarabağın, həmçinin Şərqi Zəngəzurun qaytarılması çox böyük uğurdur. Antimilli ünsürlərin Qələbəni kiçiltməyə - əhəmiyyətini azaltmağa çalışmaları Vətənə və dövlətə xor baxmaqdır. Əvvəl “Qələbə yarımçıqdır” deyirdilər. İndi isə “bu məsələni həll etmək niyə 30 il çəkdi”, - deyə dövləti ittiham etməyə çalışırlar. Halbuki torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistan haqqında bir kəlimə də söyləmirlər.

Xalqımızın həm siyasi iradəsi, həm də qardaş müttəfiq ölkələrlə birliyi ərazi bütövlüyümüzə zidd olan istənilən qüvvənin qarşısını almağa qadirdir. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı erməni işğalından azad edərək şanlı tarix yazdı. Bu Zəfər bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.

Biz 44 gün ərzində yalnız irəli gedirdik. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdi. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Faktiki olaraq, müharibənin ilk günlərindən işğalçı dövlət təşviş içində idi, bəzi hallarda panikaya, isterikaya qapılırdı. Məhz buna görə də Ermənistan ordusunda 10 mindən çox fərari olub, onların özlərinin etirafıdır. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə atılırdılar. Bu döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərən gənclərin əksəriyyəti Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər.

Heç şübhəsiz ki, radikal ünsürlərin çirkin iddialar irəli sürmələri onların vəzifə hərisliyindən, pula olan sevgilərindən irəli gəlir. Bütün bunlara görə onlar tarixi Zəfərimizə xor baxırlar. 

Cavid Əkbərov, “İki sahil”