18 oktyabr 2023 02:57
360

“Böyük Ermənistan” xülyasının tarixi üzqaralığı

Bəşəriyyət o zaman xoşbəxtliyə, əmin-amanlığa, sülhə, dinc yaşayışa qovuşar ki, terrorun kökünü yerli-dibli kəsə bilsin. Bunun üçün çox uzaq ölkələrdə axtarış aparmaq lazım deyildir. Terroru da, soyqırımı da törədənlərin beşiyi məhz Ermənistan dövləti, erməni siyasəti olmuşdur. Şərqin böyük şairi Sədi Şiraziyə məxsus bir fikri yada salaq: Ermənidir Yer üzünün əhriməni, İnsanlığın düşmənidir, düşməni! "Əhrimən" sözünün mənası şər və zillət mənbəyi deməkdir. Millətimizin taleyinə yazılan amansızlığın bəlkə də ən birincisi onun ermənilərlə qonşuluqda yaşaması, öz ərazisində bu namərdlərə yer verməsi olmuşdur. Mənşə etibarilə Qafqaz xalqları sırasına mənsub olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları uzun və mürəkkəb bir tarixə malikdir. Tarixi sənədlərin, fakt və dəlillərin işığında, eləcə də erməni tarixçilərinin öz sözləri ilə bəzi məsələləri bir daha xatırlatmaq yerinə düşər.

Məlumdur ki, ermənilər tarix boyu ən alçaq və rəzil üsullardan istifadə edərək qonşu xalqların torpaqlarını zəbt etmək və onları özlərinin dədə-baba yurdu adlandırmaq üçün hər cür riyakarlıqdan çəkinməmişlər. Ermənilər Qarabağa həmişə xüsusi maraq göstərmişlər. Bunun səbəbi aydındır: erməni tarixşünaslığında belə bir saxta konsepsiya özünə möhkəm yer tutmuşdur ki, bu bölgə ermənilərə məxsusdur. Qatı şovinist mövqeli “Daşnaksütyun” partiyası məhz bu qondarma ideyaya uyğun olaraq keçən əsrin sonlarından başlayaraq “dənizdən-dənizə böyük Ermənistan” dövləti yaratmaq və Azərbaycanın Kür çayından cənuba olan ərazisini də zəbt etmək siyasəti yürütmüşdür. Bu planı əməli surətdə həyata keçirmək ideyası ermənilərin səfərbərliyini təmin etmişdir. Halbuki bunu əyani sübut edən, ermənilər tərəfindən 1978-ci ildə Ağdərə ərazisində ermənilərin bura köçürülməsinin 150 illiyi münasibətilə abidə tikilmişdir. Bu abidənin qoyulması köçürülmənin tarixi reallığıdır. Bunu hətta erməni tarixçisi V.A.Parsamyan da etiraf etmişdir. O yazırdı: “Rusiyaya birləşənə qədər Şərqi Ermənistanın 169 min 155 nəfər əhalisinin 57305 nəfəri, yaxud 33,8 faizi erməni, 84089 nəfəri yaxud 49,7 faizi müsəlman, 26911 nəfər, yaxud 16 faizi kürd və 850 nəfər, yaxud 0,55 faizi kənar millətlər idi”.

Tarix boyu Avropa dövlətlərinə arxalanan ermənilər öz çirkin niyyətlərindən əl çəkməyərək, həmin dövlətlər vasitəsi ilə ərazi iddiası qaldıraraq, onları türklərlə müharibəyə sövq edirdilər. Lakin Avropa dövlətlərinin başçıları gözəl bilirdilər ki, dinin eynilik zəminində onları müsəlman Şərqinə qarşı qıcıqlandırmaq və acıqlandırmaq kimi mənfur erməni planı düşünülüb ortaya atılmışdır. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, 1699-cu ildə erməni məlikləri katalikos Minası İsrayil Oriyə qoşub Almaniyaya yola salırlar. İsrail Ori bu dəfə özgə torpaqlarını ələ keçirmək üçün hazırladıqları 36 bənddən ibarət planı da özü ilə Almaniyaya aparır. Elə bu planla tanış olan kimi alman knyazı İohann Vilhelm ermənilərin hiyləsini və niyyətini başa düşüb onları iti qovan kimi saraydan qovdurur. Bütün bu axtarışlara rəhbərlik edən İsrail Ori İtaliyada, Almaniyada və Avstriyada apardığı danışıqlardan sonra heç bir Avropa dövlətinin ermənilərin hiyləsinə uyub Türkiyə ilə müharibəyə girməyəcəyinə tam əmin olduqdan sonra  son ümid yerini Rusiyaya bağlayır. 1701-ci ilin yayında İsrail Ori arximandrit Minası da yanına alıb I Pyotrun görüşünə yollanır. Almaniya knyazı İohann Vilhelmə təqdim etdikləri “proqramı” bir qədər təkmilləşdirilmiş şəkildə rus çarı İ Pyotra təqdim edirlər. I Pyotr Qafqaz, xüsusilə Azərbaycanla çoxdan maraqlanırdı. Məhz buna görə də ermənilərlə marağı üst-üstə düşürdü. Birinci Pyotr axır ki, işğalçılıq iştahını boğa bilmir, ermənilərə havadarlığı öz boynuna götürür və İsrail Orini polkovnik rütbəsi ilə təltif edərək Səfəvilər dövlətinə göndəriləcək nümayəndənin başçısı təyin edir. İsrail Ori 1703-cü ildə uydurduğu “Ermənistan”ın xəritəsini hazırlayıb I Pyotra təqdim edir. Xəritədə Azərbaycanın qədim İrəvan xanlığından, Zəngəzur, Qarabağ mahallarından, bir də Anadolunun bir hissəsindən bəhs olunur. Mənbələrdən aydın olur ki, ermənilər birinci Pyotrdan sonrakı bütün rus çarları ilə əlaqə saxlayıblar. Ermənilərin əsl böyük qardaşı I Nikolay olmuşdur. O, 21 mart 1828-ci il tarixli fərmanı ilə ermənilərin üstündən “qul” adını götürmüşdür. Belə ki, həmin vaxta kimi ermənilər yer üzərində rəsmən qul adlanan iki xalqdan biri olmuşdur.

1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycan Rusiya ilə İran arasında rəsmən bölündü. Beləliklə, İrandan Cənubi Qafqaza, xüsusilə İrəvan xanlığına və Azərbaycana ermənilərin kütləvi axını başlandı. V.A.Parsamyan yazır: “1828-ci il mart ayının 20-də I Nikolay bu müqaviləni (yəni Türkmənçay müqaviləsini)  təsdiq etdi. Martın 21-də isə erməni vilayətinin yaradılması haqqında fərman imzaladı”. Həmin fərmana görə, Naxçıvan və İrəvan xanlıqları ləğv edildi. Bununla da Ədirnə (1829-cu ildə) müqaviləsindən sonra Türkiyədən də Zaqafqaziyaya xeyli miqdarda erməni gətirildi. Təkcə Ərzurumun arxiyepiskopu Karapet minə yaxın erməni gətirmişdi. 1828-1830-cu illər arasında Zaqafqaziyaya İrandan 40 mindən artıq, Türkiyədən isə 84 min erməni köçürülmüşdü.

Ermənilərin Qarabağa köçürülməsi ilə Azərbaycan xalqının tarixində faciəli və ən ziddiyyətli bir dövr başlandı. Əsası 1887-ci ildə Cenevrədə gənc tələbə Avetis Nazarbekyan tərəfindən qoyulan “Qnçak” (“Zəng”) partiyası Plexanovun təsiri altında idi. Bu partiyanın proqramında Rusiya, İran və Türkiyədə olan bütün erməniləri öz bayrağı altında birləşdirərək Samsunda, Vanda, Ərzurumda və digər bölgələrdə “böyük Ermənistan” yaratmaq və İrəvan quberniyası, Qarabağ, Qazax, Zəngəzur, Axalkalaki, Axarsix və başqa Azərbaycan və Gürcüstan torpaqlarını da birləşdirmək nəzərdə tutulmuşdu. Həmin partiyanın fəaliyyətinin üç ili ərzində az qanlar axıdılmadı. Bu azmış kimi 1918-ci ilin martında törətdikləri kütləvi qırğın ermənilərin azərbaycanlılara qarşı növbəti soyqırımının davamı idi. Bu qırğın nəticəsində təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bir çox bölgələrində də amansız vəhşiliklər, iyrənc əməllər törədildi. Bu soyqırımı zamanı 50 minə qədər azərbaycanlı qətlə yetirilmişdi. Xəyallarında “böyük Ermənistan” reallaşdırmaq istəyən ermənilər növbəti dəfə iyrənc addımlara əl atdılar. Belə ki, 1945-ci ilin payızında ərazi iddiası qaldıraraq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etdilər. Belə ki, M.Bağırov Şuşa istisna olmaqla Dağlıq Qarabağın ermənilərə verilməsinə o şərtlə razı oldu ki, tarixi Azərbaycan torpaqları olan Zəngəzur və Göyçə mahalları Azərbaycana birləşdirilsin. Bununla razılaşmayan ermənilər yenidən susdular. Lakin çox keçmədi ki, onların səyi ilə SSRİ Nazirlər Soveti 1947-ci il dekabr tarixli qərarı ilə azərbaycanlıların Kür-Araz çayı ətrafına köçürülməsi planını hazırladı. Bu plan 1948-ci il martın 10-da təcili tədbirlər planı ilə təsdiq olundu. 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası başlandı. Beş il ərzində 150 mindən çox azərbaycanlı öz doğma ata-baba yurdundan zorla, Azərbaycanın Saatlı, İmişli, Sabirabad, Göyçay, Kürdəmir kimi aran rayonlarına köçürüldü. Ermənilər hər vəchlə çalışırdılar ki, azərbaycanlılar Dağlıq Qarabağ ərazisinə köçürülməsin. Beləliklə, çirkin əməllərinə nail olan ermənilər havadarlarının köməyi ilə 1988-ci ilin dekabrına kimi Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlını zorla vətənlərindən qovdular. Ermənilər 1992-1993-cü illərdə Azərbaycanın 20 faiz torpağını  işğal edərək 1 milyondan çox əhalisini öz doğma yurdundan didərgin salmışdılar.

Azərbaycan son 200 illik tarixində işğallara məruz qaldığı halda, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ilk dəfə öz torpaqlarını işğaldan həmişəlik azad etdi. Lakin daxildə qara yara kimi qalmış erməni separatizminin kökü hələ tam kəsilməmişdi. Yəni, zamanı yetişməmişdi. Prezident İlham Əliyevin dediyi “Nəyi, necə və nə zaman etmək lazımdırsa, mən bilirəm” ifadəsinin doğruluğunu zaman sübut etdi. Bu il sentyabrın 19-da ordumuz 24 saata yaxın bir müddətdə Ermənistanın 10 min qeyri-qanuni silahlısının tutduğu mövqelərin böyük bir hissəsini məhv etməklə separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Ermənistanın “böyük Ermənistan” xülyalarına birdəfəlik nöqtə qoyuldu.

Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib Sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil. Ali Baş Komandanın qondarma rejimdə seperatçıların “prezident sarayı” kimi istifadə etdiyi binaya baxış keçirdiyi zaman həmin binada otaqların birində “böyük Ermənistan xəritəsi”nə rast gələrkən belə dedi: “Bunların xəstəliyi bax, budur - dırnaqarası böyük Ermənistan. Onu bədbəxt edən bax, budur”.

Sevinc Azadi, “İki sahil”