26 sentyabr 2023 15:34
425

Azərbaycan və Türkiyə əməkdaşlığının regional təhlükəsizlik baxımından əhəmiyyəti getdikcə artır

Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı layihələr iki qardaş ölkənin bir-birinə yaxınlığının növbəti sübutu olmaqla yanaşı həm də regional məsələlərin həllinə və inkişafına təkan verir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri, birgə imzalana sənədlər, qədim Azərbaycan diyarından verilən mesajlar regionda rifahın və təhlükəsizliyin təmin olunmasına yönəlib. Naxçıvanda təməli qoyulan İğdır-Naxçıvan qaz kəmri isə Azərbaycan-Türkiyə münasibətlərinin tarixində ən önəmli hadisələrdən biridir. Dövlət başçılarının da bəyan etdiyi kimi, bu kəmərin çəkilişi əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Azərbaycanla Türkiyənin enerji sahəsində ortaqlığını daha da dərinləşdirəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh və əmin-amanlıq olsun.  

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva qeyd edib ki,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məhz lokal xarakterli antiterror tədbirlərindən sonra Naxçıvana səfər etməsi xüsusi önəm kəsb edir. Belə ki, dövlət  başçılarının da bəyan etdiyi kimi, artıq bölgədə əhatəli normallaşma üçün yeni fürsət yaranıb. Bu fürsətin dəyərləndirilməsi isə olduqca vacibdir. Görünən budur ki, mövcud reallıqlar fonunda istənilən təhdidə qarşı iki qardaş ölkə birgə mübarizə aparır.

Ümumiyyətlə, dünyada qardaş xalqlar çoxdur, amma heç də bütün dövlətlər xalqların bu qardaşlığını, tarix, din, dil birliyini strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə yüksəltməyi bacarmır. Azərbaycan-Türkiyə qardaşlığı bu mənada da dünyaya nümunədir. Münasibətlərin ən yüksək səviyyəyə çatmasında liderlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Hər iki dövlət başçısının söylədiyi kimi, Azərbaycanla Türkiyə arasında hər hansı bir sıxıntı müzakirə mövzusu ola bilməz. Ankara və Bakı bütün beynəlxalq təşkilatlar çərçivəsində də vahid mövqedən çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyevin də hər zaman vurğuladığı kimi, biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda fəal işbirliyi aparmaqla bir-birimizin gücünü artırırıq. Təsadüfi deyil ki, Azərbaycanın Qarabağda keçirdiyi local xarakterli antiterror tədbirlərindən  sonra BMT-də müzakirələr keçiridi. Məhz Türkiyə Prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən, ədalətli bəyanatlar verdi. Ərdoğanın Qarabağın Azərbaycan torpağı olduğunu bəyan etməsi  Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımı idi. 
Deputat bildirib ki, bu gün münasibətlərin ən fəal dövrünü yaşayan qardaş ölkələr iqtisadi əlalqələrin inkişafı istiqamətində də effektiv addımlar atmaqdadır.Belə ki, dövlət başçıları Naxçıvanda Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardılar. Hazırda hədəf yaxın aylarda bu yolun imkanlarını 5 dəfə artırmaqdır. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla davam edir.  Tərəflər Qars-Naxçıvan dəmir yolu layihəsi, yaşayış binaları və elektrik enerjisi ilə bağlı müqavilələr imzalamaqla nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələri inkişaf etdirməklə bağlı iradəni  bir daha ortaya qoydular. Dövlət başçılarının açılışını etdikləri Bərpa-istehsalat hərbi kompleksinin açılışı isə müdafiə sənayesi sahəsində əməkdaşlığa ciddi töhfədir.