26 sentyabr 2023 15:09
121

Anim Günü iftixar hisslərinin səbəbidir

Məlum olduğu kimi işğalçı və terrorçu mahiyyətini öz cılız siyasəti və nankor əməlləri ilə sübut edən Ermənistan bir an belə olsa bu çirkin niyyətindən əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görülməmiş vandalizm aktları törətmişdir. Qədim tarixi , əsrlərlə yaşı olan şəhər və kəndlərimizi qəsdən dağıdaraq xalqımızın tarixi irsini özündə əks etdirən izlərin silinməsinə kobud cəhdlər etmişdir. Hər bir tarixi , mədəni və dini abidəni talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa süni şəkildə erməniləşdirməyə çalışmışdır.

27 sentyabr 2020-ci il tarixi millətin yaddaşından, tariximizdən heç bir vaxt silinməyəcək. Məhz həmin tarix ilə uzun illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı qoyuldu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İllərdir səbr edən xalqımız bir anda səfərbər və tək yumruq oldu. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərində əməliyyat apardı. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz düşmənə “dəmir yumruq” ifadəsinin nə olduğunu, necə olduğunu anlatdı. Ordumuzun sentyabrın 27-də Qa­rabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qu­badlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik düşməndən təmizləndi.

Ali Baş Komandanımız cənab İlham Əliyevin tapşırıqları əsasında işğaldan azad edilmiş ərazilərdə şəhər planlaşdırılmasını həyata keçirilir və Qarabağda yenidən həyat canlanır. İşğaldan azad olunmuş Füzuli və Zəngilan şəhərlərində qısa müddət ərzində müasir standartlara cavab verən beynəlxalq hava limanı inşa edilib. Hava limanı bu şəhərləri beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.

Bu gün biz hamımız Böyük Qələbənin təsiri altındayıq, döyüş təcrübəsi və təchizatı ilə bir sıra inkişaf etmiş ölkələrin hərbi qurumlarının araşdırma mövzusuna çevrilmiş ordumuzla da fəxr edirik. Lakin,onu unutmamaq lazımdır ki, biz bunu ölkəmizin güclü iqtisadiyyatı olmasaydı, belə bir ordu qura bilməzdik. Eyni zamanda da, azad edilmiş ərazilər ölkə iqtisadiyyatının gələcək inkişafına güclü təkan verəcək, həmin ərazilərdə yüksək texnoloji istehsalatların və “ağıllı şəhər" və "ağıllı kənd"lərin yaradılması barədə mütərəqqi planlarının həyata keçirilməsi isə rahat və əlverişli yaşayış şəraitini təmin edəcəkdir.

Biz hamımız ölkəmizin ləyaqətini qorumalı və müdafiə etməliyik. Bu məsuliyyətli və həm də şərəfli işimizdə sizləri, o cümlədən xalqımızı Ali Baş Komandanımızın “Dəmir Yumruğ”u ətrafında sıx birləşməyə səsləyirəm.

Bir daha Ali Baş Komandanımızın ordu quruculuğuna verdiyi layiqli qiymət də aşağıda səsləndirdiyi fikirdə öz əksini tapmişdır:

“Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və bu sahədə də biz beynəlxalq əməkdaşlığa verdiyimiz əhəmiyyətlə böyük nailiyyətlərə çata bilmişik”.

Həsən Ağayev,
YAP Xətai rayon təşkilatının fəal gənci,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı