26 sentyabr 2023 16:34
456

Zəfərə aparan yolun başlandığı gün

Azərbaycan 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı artıq bəyan etmiş oldu ki, bu işğalla barışmayıb və tarixi torpaqlarını azad etmək iqtidarındadır. Təbii ki, Ermənistan bu xəbərdarlığa əhəmiyyət vermədi. Bu da Ermənistanın Rusiyaya ifrat dərəcədə ümidli olmasının nəticəsi idi.  Qeyd etdiyim döyüşlərdən də nəticə çıxarmayan Ermənistana Azərbaycan ordusunun gücünü göstərmək artıq şərt oldu. Ermənistan silahlı qüvvələrinin azğınlığı 2020-ci il sentyabrın 27-də Azərbaycanın səbr kasasını daşırdı. Cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutdular. Bu Azərbaycana qarşı növbəti təcavüz idi və cavabsız qalmadı. Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Düz 44 gündən sonra Ermənistan öz məğlubiyyəti ilə qarşı-qarşıya qaldı.

“İki sahil” xəbər verir ki,  bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

O, qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir və mühüm əhəmiyyət kəsb edir.

Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbəmiz bir ox olaraq düşmənlərimizin gözünü dəldi. Ermənistanın artıq bir fiqur kimi işlərinə yaramayacağını görən dövlətlər yavaş-yavaş ondan əlini çəkir. 

Ölkəmizin başçısı deyib: “Nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”. Bu gün zavallı Ermənistan artıq bu söylənilənlərin əbəs yerə deyilmədiyini dərk edir. İndi qalır onların Azərbaycan şərtlərini qəbul etmələri.

Qarabağdakı erməni separatçıların törətdikləri mina təxribatı da cavabsız qalmadı. Sentyabrın 19-da törətdikləri terrora cavab olaraq Azərbaycan lokal xarakterli antiterror rədbirlərinə başladı. Nəticədə erməni silahlıları tərksilah edildi, severenliyimiz tam bərpa edildi.

Bütün bunların fonunda əminliklə deyə bilərəm ki, Ermənistanın işğalından azad edilən torpaqlarımızda canından keçən şəhidlərimizin qanı yerdə qalmadı. Biz öz tarixi torpaqlarımıza yenidən sahib çıxdığımız kimi, onu qorumağı da bir boc bilirik. Şəhidlərimizə əbədi borcluyuq və gələcək nəsil də bunu unutmayacaq.

Dövlətimiz var olsun!