26 sentyabr 2023 13:40
184

Azərbaycan-Türkiyə münasibətləri regionda sülh və təhlükəsizliyə təminat verən güc mərkəzinə çevrilib - Əhməd Abbasbəyli

Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan və Türkiyə dövlətlərinin əlaqələri son illərdə müstəsna səviyyəyə yüksəlib. İki dövlətin unikal və təkrarolunmaz münasibətlərində diqqətçəkən məqam odur ki, Türkiyənin taleyində həlledici dövrlərdə Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqının qardaş ölkənin yanında olduğu kimi, Azərbaycan üçün də tarixi məqamlarda Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqı bizimlə olub.

“İki sahil” xəbər verir ki,  bunu siyasi ekspert Əhməd Abbasbəyli deyib.

Ekspertin sözlərinə görə, mübaliğəsiz demək olar ki, bu münasibətlər artıq iki dövlət arasındakı müttəfiqlik, qardaşlıq çərçivəsini aşıb:

“Bu münasibətlər regionun siyasətini müəyyən edən, regionda sülhə və təhlükəsizliyə təminat verən güc mərkəzinə çevrilib. Son illər Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşləri, bu görüşlərdə səslənən bəyanatlar və imzalanan sənədlər sanki təkcə bu iki qardaş ölkənin deyil bütöv regionun gələcəyinə, onun inkişafına, perspektivinə hesablanmış layihə və proqramlardır”.

O bildirib ki, hər dəfə bu görüşlərin keçirildiyi şəhərlərdən (Şuşa, Naxçıvan və s.) tutmuş, imzalanan sənədlərin adına, mahiyyətinə, məqsədlərinə və sair kimi bütün amillərlə dünyaya bir pozitiv mesaj göndərilir. Bu görüşlər, hər dəfə həm bu ölkələrin taleyində, həm də regionun geosiyasi durumunda ciddi müsbət dəyişikliklərin, əhəmiyyətli hadisələrin baş verməsinə zəmin yaradır.

“Həmişə olduğu kimi, bu dəfə də Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda keçirilən regionun iki mühüm aktoru olan Türkiyə və Azərbaycanın prezidentlərinin görüşü həm dövlətlərin, həm regionun, həm də ümumilikdə dünya siyasətinə yeni perspektivlər, yeni yanaşmalar vəd edir. Eyni zamanda, bu, ölkələrimiz arasında nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirməklə yanaşı, regionun iqtisadi, o cümlədən ticari inkişafına, yeni müstəviyə keçməsinə təkan verəcəyinə inam yaradır. İmzalanan sənədlər keçirilən tədbirlər bu iki qardaş ölkə arasında münasibətlərin səmimi və dərin olmasını bir daha nümayiş etdirməklə yanaşı, gələcəkdə regionda sülhün və təhlükəsizliyin bərqərar olması, o cümlədən enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir.

Belə ki, təməlqoyma mərasimi keçirilmiş İğdır-Naxçıvan qaz kəməri bu gün Naxçıvanın qazla təchizatında ciddi rol oynayacaqsa, gələcəkdə Zəngəzur dəhlizi açıldıqdan sonra yeni boru kəmərləri ilə Azərbaycandan Türkiyəyə birbaşa qaz ötürülməsi üçün imkanlar yaradacaq və nəhayətdə Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək. Prezidentlərin açılışında iştirak etdikləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksi isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qüdrətinin daha artmasına, hərbi silah və sursatların təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, Türkiyə-Azərbaycan tandeminin hərbi potensialının və regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi nüfuzunun artmasına zəmin yaradacaq”, - deyə ekspert vurğulayıb.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokoluna diqqət çəkən Əhməd Abbasbəyli əlavə edib: “Bu sənədin imzalanması deməyə əsas verir ki, ən yaxın zamanlarda Zəngəzur dəhlizi açılacaq, bu dəhliz vasitəsilə Azərbaycanla Türkiyə arasında logistik imkanlar genişlənəcək və yükdaşıma həcminin daha da artacağına şərait yaranacaq.

Hesab edirəm ki, Azərbaycan Respublikası 30 ildən artıq dövr ərzində təzyiqlərə, məhrumiyyətlərə məruz qalmasına səbəb olan problemini – Qarabağ problemini birdəfəlik həll etdikdən, bütün ərazisində suverenliyini tam təmin etdikdən 5 gün sonra, müttəfiqi Türkiyə ilə həm bu iki dövlət, həm region, həm də bütövlükdə Avrasiya məkanı üçün vacib və əhəmiyyətli olan bir layihənin - Zəngəzur dəhlizinin reallaşması istiqamətində fəaliyyətə başladı fikrini söyləmək olar. Qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi regionda sülhün və təhlükəsizliyin bərqərar olması, Cənubi Qafqaz ölkələrinin – Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi və sosial inkişafı baxımından mühüm rol oynayacaq, “Qafqaz evi” ideyasının təşəkkül tapmasına zəmin yaradacaq”.