26 sentyabr 2023 00:11
319

Şərçilər və qarayaxanlar...

Əli Kərimlinin, Qənimət Zahidin Qarabağdakı antiterror hərəkətlərinin nəticələrinə kölgə salmaq cəhdləri xəyanətdən başqa şey deyil 

Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni, zəfərlərlə dolu şanlı tarix yazmaqda davam edir. Şanlı ordumuzun sentyabrın 20-də Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinə, daha dəqiqi Ermənistan ordusunun bölmələrinə qarşı keçirdiyi heç iyirmi dörd saat belə çəkməyən lokal xarakterli antiterror tədbirləri suveren ərazimizdəki “boz zona”nı aradan qaldırmaqla yanaşı, Cənubi Qafqazın siyasi mənzərəsini də dəyişdi. İllərdir torpaqlarımızda kök atmış terror yuvaları, separatizm ocaqları cəmi bir gün ərzində dağıdılaraq məhv edildi, xəyallarımız gerçək, arzularımız çin oldu. Düşmənlərin Qarabağ üzərindən ölkəmizə qarşı qurmağa çalışdığı bütün çirkin oyunlar Azərbaycanın növbəti şanlı Zəfəri ilə pozularaq iflasa uğradı. Dünya bir daha dövlətimizin başçısının qətiyyətinin, əzminin, cəsarətinin, ordumuzun gücünün şahidi oldu. Özü də təkcə şahidi olmadı, həm də 44 günlük Vətən müharibəsindən sonra olduğu kimi qiymətləndirməkdədir. ABŞ-ın məşhur “Politico” nəşri regionumuzdakı son proseslərlə bağlı təhlilində yazır: “Vaşinqtondan Brüsselə, Moskvadan Pekinə qədər heç kim Azərbaycanla mübahisə etmək istəmir...

Bakı dünyaya coğrafiyadan və geologiyadan necə öz xeyrinə istifadə etməklə bağlı master-klass keçdi.”

Otuz ildən artıq davam edən düşmən işğalının başa çatması, müqəddəs Vətən torpaqlarımızın – Xocalının, Xankəndinin, Əsgəranın, Xocavəndin, Ağdərənin murdar düşmən tapdağından azad edilməsi ürəyində Azərbaycan sevgisi olan hər kəsi sevindirir, qürurlandırır. Bu gün elə bir tarixi anlar yaşayırıq ki, Qarabağda baş verənləri sevinc göz yaşları axıtmadan izləmək mümkün deyil.

Möhtəşəm Qələbəmizə sevinməyən, ordumuzun zəfərinə kölgə salmaq istəyənlər isə bir ermənilər və onların havadarlarıdır, bir də öz mənliyini, azərbaycançılığını, “vətənpərvərliyini” düşmənlərin çirkli pullarına satmış içimizdə olan AXCP sədri Əli Kərimli və onun əlaltıları, ReAL Partiyasının sədri İlqar Məmmədov, Tofiq Yaqublu, Qənimət Zahid kimi xainlər. Hər şeyə qara yaxmağa çalışan, açıq-aşkar Ermənistanı və onun baş naziri Nikol Paşinyanı, Azərbaycana düşmən mövqeyini gizlətməyən Fransanı və Prezident Emmanuel Makronu müdafiə edən, ən həssas məqamlarda dövlətimizi, ordumuzu şərləməyə, ləkələməyə çalışan bu və adlarını çəkmədiyimiz bunlar kimi satqınların antiterror tədbirlərinin nəticələrini şübhə altına alan yanaşmaları hər şeydən əvvəl müqəddəs şəhidlərimizin ruhlarına hörmətsizlikdir. O şəhidlərimizin ki, onların adlarını ağızlarına almağa, öz iyrənc məqsədləri üçün spekulyasiya etməyə heç birinin mənəvi haqqı yoxdur. Əli Kərimli də, Qənimət Zahid də yaxşı bilirlər ki, sözügedən tədbirlərin planının ən yüksək peşəkarlıqla hazırlanması və həyata keçirilməsi on mindən artıq tam təhciz edilmiş ordu qarşısında itkilərimizi minimuma endirib. Təkcə antiterror tədbirlərindən sonra tərksilah edilmiş düşmənin təhvil verdiyi, həmçinin azad edilmiş ərazilərdəki mülki obyektlərdə aşkarlanan külli miqdarda silah-sursat, hərbi texnika, müasir atıcı silahlar, mərmilər, raketlər, uzun illər boyu aparılmış mühəndis-istehkam işləri nəticəsində keçilməz hala gətirilmiş mövqelər qəhrəman əsgərlərimizin qısa müddətdə necə rəşadət və ustalıq nümayiş etdirərək qələbə qazandıqlarını göstərir. Özü də dinc insanlara, mülki obyektlərə zərər vermədən.

Əlbəttə, nə qədər istəməsək də, hər biri üçün ürəyimiz ağrısa da şəhidlik məqamına ucalan oğullarımız oldu. Torpaq məhz onların sayəsində Vətəndir. Ancaq unutmayaq ki, zaman var idi biz bir millət kimi işğal altında olan ərazilərimizi, Qarabağımızı, Xocalını, Xocavəndi, Xankəndini qaytarmaq üçün hər şeyimizi qurban verməyə hazır idik. Çünki bu, bizim milli mövcudluq məsələmizə çevrilmişdi...

Vətənpərvərlik həm də vicdanlı və namuslu vətəndaş olmaqdır. Əgər əli kərimlilərin, qənimət zahidlərin bir zərrə vicdanları olsaydı heç olmasa indi, bütün xalqımızın yumruq kimi birləşib Azərbaycanın xoşbəxt gələcəyi naminə tarix yazdığı bu günlərdə ömürlərində tək bircə dəfə şər atmadan, qara yaxmadan, şəhidlərimizin ruhunu narahat etmədən heç olmasa susardılar. Axı xainliyin də, satqınlığın da bir həddi olmalıdır. Görəsən, heç düşünmürlərmi ki, satıldıqlarından alacaqları bir qarın pay naminə xəyanətkar mövqelərinə görə gələcəkdə azad və qüdrətli Azərbaycanda yaşayan xələflərimiz onları yada salıb lənətləyəcəklər?

Mahir Rəsuloğlu, “İki sahil”