26 sentyabr 2023 02:37
298

200 illik erməni layihəsi darmadağın oldu

Torpaqlarımızdan çıxan terrorçuların murdar ləpirləri qaşınıb arxalarınca atılır

İldırım sürətli 24 saatlıq antiterror tədbirləri nəticəsində Silahlı Qüvvələrimiz hərb tarixinə daha bir parlaq səhifə yazdı. Qısa zamanda böyük bir ərazidə terrorçu dəstələr pərən-pərən salındı, onların möhkəmləndirilmiş müdafiə sistemləri, silah-sursat anbarları, ağır texnikaları, yaylım-atəş nöqtələri darmadağın edildi. Separatçıların başçıları və döyüşə rəhbərlik edən terrorçular müqavimətin mənasız olduğunu görərək öz canlarını qurtarmaq üçün ağ bayraq qaldırıb təslim oldular. Onlar silah-sursatları təhvil verərək Azərbaycanın şərtlərini qəbul etməyə razı olmaqdan başqa çarə olmadığını gördülər. Bir müddət əvvəl Azərbaycanın yardımından imtina edən Qarabağın radikal daşnak rəhbərlərinin təzyiqindən əziyyət çəkən erməni sakinlərinin təmsilçiləri Yevlaxdakı ilk görüşdə ərzağa və  yanacağa ehtiyaclarının olduqlarını dedilər. Artıq onların xahişi yerinə yetirilib, Xankəndiyə həyat üçün lazım olan hər şeyin göndərilməsinə başlanıb.

Qarabağda bundan sonra ancaq dinc sakinlər qalıb yaşayacaqlar. Pasport qaydalarına əsasən, Qarabağ münaqişəsi başlamazdan əvvəl doğulanlar pasport qeydiyyatına alınacaqlar, yəni, onlara öz yerlərində qalıb yaşamaq hüququ veriləcək. Azərbaycan qanunlarına tabe olmayanlar üçün isə yol açıqdır, onlar üçün yaradılmış dəhlizdən hara istəsələr gedə bilərlər. 1992-ci ildən sonra xaricdən gəlib Qarabağda pasport qeydiyyatına alınanlar Azərbaycan vətəndaşı sayılmayacaqlar. Çünki həmin vaxt on minlərlə xarici erməni və muzdlu terrorçular Qarabağa vuruşmağa gəlmişdilər və şübhəsiz, onlardan ilişib qalanlar var.

Ağdərə ilə Tərtərin arasında olan “Qlobus” yüksəkliyində bir dəstə terrorçunun bu günə qədər gizlənib təslim olmaması və müqavimət göstərməsi bunu sübut edir. Məlum olduğuna görə, orada yeraltı bunkerdə böyük bir silah-sursat anbarı var. Xatırladaq bu yüksəklik strateji əhəmiyyətə malik olduğuna görə hələ Birinci Qarabağ müharibəsində dəfələrlə əldən-ələ keçmişdi və indiyə qədər də erməni quldur dəstəsinin əlindədir. Təbii ki, Ermənistan ordusunu darmadağın edən ordumuz çətinlik çəkmədən bu “infeksiya ocağı”nı da “müalicə” edəcəkdir. Ancaq bu fakt göstərir ki, belə möhkəmləndirilmiş nöqtələr sərt dağlıq ərazilərdə  çox ola bilər, çünki ermənilər etibarsız millətdir və onlardan hər şey gözləmək olar.

Ordumuzun azad etdiyi Drombon, Qozlu, Kərəmli, Kasapet, Çərəktar, Çıldıran, Xaçın çayı sahilində yerləşmiş yaşayış məntəqələri keçmiş Ağdərə rayonuna daxil idi və həmin kəndlərdə iri hərbi birləşmələr vardı. Ancaq indi ordumuzun döyüşçüləri həmin yerlərdə çəkdirdikləri fotoşəkilləri paylaşırlar. Bu, əlbəttə,hamımızda xoş ovqat yaradır.

 Ağdərə və Xankəndi həmin yüksəkliklərə nisbətən çökəkdədir. Onların ətrafında olan hakim yüksəkliklər ordumuzun nəzarətindədir. Xankəndinin bütün giriş-çıxışlarında Azərbaycan Ordusunun hissələri dayanıb. Xankəndidən 600-800 metr məsafədə olan Kərkicahanda, Malıbəylidə, Quşçularda, Daşkənddə, Muxtarkənddə, Şuşakənddə silahlı qüvvələrimiz yerləşib. Fakt odur ki, bu gün Qarabağda ordumuzun nəzarətində olmayan ərazi yoxdur. Bundan sonra Qarabağın bütün yaşayış məntəqələrində Azərbaycan qanunları hökm sürəcək. Qarabağda dərəbəyliyə, itaətsizliyə, özbaşınalığa və terrora son qoyulacaq, dinc erməni vətəndaşlarımız azad nəfəs alacaqlar.

Vurğulamaq xoşdur ki, Ermənistan təkcə döyüş meydanında deyil, həm də diplomatiyamız tərəfindən  beynəlxalq aləmdə ciddi məğlubiyyətə uğradıldı. Erməni yalanları dünya miqyasında  ifşa edildi. Xankəndinin “blokadası” ilə, "humanitar fəlakət"lə bağlı BMT Təhlükəsizlik Şurasındakı cəhdləri də uğursuz oldu. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yalanlarının baş tutmadığını və məğlubiyyətlərini hiss edərək iclasdan yarımçıq çıxdı. İclasda  Ermənistanı qızışdırıb ortaya salan Fransanın isə bədxah planları və niyyətləri konkret faktlarla puça çıxarıldı. Moskvadan Xankəndiyə sərsəm xəyallarla göndərilmiş Rusiya vətəndaşı milyarder Ruben Vardanyan ”France 24” telekanalına müsahibəsində ürəyindən qara qanlar axa-axa etiraf edib ki, Azərbaycan artıq Qarabağa tam nəzarət edir. Qısaca desək, Azərbaycan bütün müstəvilərdə Ermənistan və onun havadarları üzərində yekun qələbə qazandı.

Beləliklə, otuz beş il Xankəndidə kök salmış separatizmin zəhərli yuvası dağıldı. Azərbaycan özünün bütün əraziləri üzərində suverenliyini bərpa etdi. Bəzi məsələlərin həlli qalıb ki, onlar detallardır və dövlətimiz onların hamısını səbr və təmkinlə həll edəcəkdir. Ümumilikdə isə Azərbaycan keçən iki yüz il müddətində  ilk dəfə Ermənistanın və onun himayəçilərinin üzərində möhtəşəm qələbə qazandı. Bu, Azərbaycan tarixində iki yüz ildən bəri qazanılmış ilk ən böyük hərbi qələbədir. Biz və gələcək nəsillər bu qələbə ilə həmişə fəxr edəcəyik.

Vəli İlyasov, “İki sahil”