25 sentyabr 2023 10:40
117

Təhlükə mənbəyi -“Boz zona” ləğv edildi

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra hesab edilirdi ki, Ermənistan regionda sabitliyin yaranması üçün konstruktiv addımlar atacaq, sülh razılaşmasının əldə olunmasına çalışacaq. Amma görünən odur ki, Ermənistan yenə sülh danışıqlarını imitasiya edərək, regiona uzaq olan ölkələrin gəlməsinə, erməni lobbisinin və maraqlı dairələrin təsiri ilə separatizmin yenidən dirçəldilməsinə səy göstərdi. Həmçinin ərazimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının olduğu bölgədə qondarma respublikanı yenidən formalaşdıraraq, həmin yerləri “boz zonaya” çevirmək istədi.

Paşinyanın sentyabr ayının əvvəlində qondarma respublikanı “müstəqillik günü” münasibətilə təbrik etməsi, ayın 9-da orada keçirilən “prezident” seçkiləri, ümumiyyətlə, son zamanlar Ermənistan silahlı qüvvələrinin mövqelərimizi sistemli şəkildə atəşə tutması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis-istehkam cəhətdən təkmilləşdirilməsi, terror qruplarının və hərbi texnikanın yerdəyişməsi, döyüş vəziyyətinə gətirilməsi, səfərbərlik tədbirləri və kəşfiyyat fəaliyyətlərinin artırılması, mülki təyinatlı yolların terror məqsədilə minalaması müəyyən tədbirlərin görülməsini zərurətə çevirdi. Eyni zamanda, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni diversiya qrupunun basdırdığı minanın partlaması nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının həlak olması Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə antiterror tədbirlərini həyata keçirməsini qaçılmaz etdi. Əlbəttə, bu barədə Prezident İlham Əliyev dəfələrlə Ermənistana, separatçılara və separatizmi dəstəkləyən qüvvələrə açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan separatizmin baş qaldırmasına, erməni təxribatlarına və təhdidlərinə dözməyəcək.

Həyata keçirilən antiterror tədbirləri nəticəsində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelər Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürülüb. Azərbaycan 2020-ci ildən sonra öz Ordusunu daha da təkmilləşdirərək, müxtəlif təyinatlı yeni hərbi birliklər yaradıb. Yeni yaradılmış qüvvələr dağlıq, meşəlik və yaşayış məntəqələrində müasir silah və texniki vasitələrdən istifadə etməklə əməliyyat aparmaq imkanına malikdirlər. Elə ona görə də antiterror tədbirləri nəticəsində mülki əhaliyə və infrastruktura zərər vurulmadan xeyli sayda qanunsuz silahlı dəstələr məhv edilmişdi.

Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi, əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verib ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Bu, Azərbaycan humanizminin növbəti nümayişidir. Azərbaycan dövləti bütün addımlarında beynəlxalq hüquqa, humanizm prinsiplərinə, demokratik ənənələrə, beynəlxalq konvensiyalara əsaslanır. Humanizm və insanpərvərliyə əsaslanan dövlət siyasəti isə bugünkü uğurlarımızda böyük rol oynayır. Bu, Azərbaycanın tolerant və multikultural həyat tərzinin təcəssümüdür ki, Qarabağın erməniəsilli sakinləri bunun növbəti dəfə əyani şəkildə şahidi oldu.

Qısa müddətli lokal xarakterli antiterror tədbirləri bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan regionda siyasi, iqtisadi və hərbi baxımdan böyük gücə sahibdir və ərazi bütövlüyünün qorunması, suverenliyinin təmin olunması, ona qarşı olan təxribatların qarşısının alınması üçün heç bir qüvvəyə güzəşt etməyəcək.

Ülvi Abbasov,
YAP Xətai rayon təşkilatında məsləhətçi