25 sentyabr 2023 23:46
322

Ermənistanın şəksiz məğlubiyyəti

Sentyabrın 19-da ölkəmiz 10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı.  Düşmən bu dəfə “Dəmir Yumruğun” qarşısında bir gün belə davam gətirə bilmədi. Belə də olmalı idi. Çünki Ali Baş Komandan, Prezident İlham Əliyev istər 44 günlük Vətən müharibəsindən əvvəl, istərsə də bir gün belə davam etməyən ikinci qələbəmizdən əvvəl dəfələrlə xəbərdarlıq etdi. “Düz yola gəlin, “Dəmir Yumruğ”u unutmayın!”,-çağırışını etdi.  Bir gün ərzində şanlı  ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Cəmi bir gün davam edən döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycanın şərtlərini qəbul etməyə hazır oldular.

20 sentyabr tarixində Prezident cənab İlham Əliyev xalqa müraciətində bəyan etdi ki, antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.

Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir”. Bu sözləri cənab Prezident İlham Əliyev xalqa müraciətində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstəriblər.

Azərbaycanın dövlət başçısı Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən mina terrorundan sonra dərhal lazımı addımlar atıldığını, düşmənin layiqincə cəzalandırıldığını bəyan etdi. O, vurğulayıb ki, lokal xarakterli antiterror tədbirlərinə başlanılıb və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirilib. Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib. Cənab Prezident, həmçinin, Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərin bütün hüquqlarının təmin ediləcəyini də söyləyib.

Bu müasirləşən, peşəkar davranış və intizam qaydalarına yiyələnən Azərbaycan ordusunun əldə etdiyi növbəti və rekord müddətdə baş tutan qələbəsi oldu. Azərbaycan əsgəri bir daha gücünü göstərdi, əgər tələblərimiz yerinə yetirilməsə, yenə təxribatçı əməllərinə davam etsələr “Dəmir yumruq”la  yenidən qarşılaşacaqlar  və qətiyyətlə məhv ediləcəklər.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı