25 sentyabr 2023 14:15
456

“Hərbi ekspert”lərin mövqeyində “erməni izi” açıq-aydın görünür

“Azərbaycan bu gün işğaldan azad etdiyi Qarabağda suveren hüquqlarını, ərazi bütövlüyünü bütün beynəlxalq norma və prinsiplər əsasında bərpa edir. Bu, bizin haqqımızdır. Azərbaycan 30 ildən artıq idi ki, ədalətsizliklə, ikili standartlarla üzləşmişdi, dünyanın aparıcı ölkələri, beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətini görməzdən gələrək bütün qanunların ziddinə addımlar atırdılar, işğalçı ilə işğala məruz qalanı eyniləşdirib, tərəzinin bir gözünə qoyurdular. Təbii ki, həm II Qarabağ müharibəsində, həm də antiterror tədbirlərində Azərbaycan ordusu beynəlxalq təşkilatların üzərinə götürdüyü öhdəliyi onların əvəzinə həll etməli oldu. Əslində, həmin güclər problemin həllinə yox, onu daha çox dondurmağa çalışırdılar. Üstəlik, işğalçı Ermənistana hər cür dəstək olurdular, dolayısı ilə Azərbaycan torpaqlarında, Qarabağda yaradılmış separatçı qurumun daha da azğınlaşmasına şərait yaradırdılar. Ötən illər ərzində xarici havadarlarından aldıqları hərtərəfli kömək sayəsində erməni separatçıları Qarabağda və Şərqi Zəngəzurda möhkəmlənə bilmişdilər”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. 

Deputat bildirib ki, müharibənin yazılan və yazılmayan qanunları var: “Yazılan qanunlara ermənilər heç bir vaxt əməl etmədiklərindən bu barədə danışmağı lazım bilmirəm. Əgər onlar həqiqətən sivil xalq olsaydılar heç olmasa azərbaycanlı uşaqlara, qadın və qocalara rəhm edərdilər. Yazılmayan qanunlardan biri budur ki, adətən hücum edən tərəf daha çox itki verir. İkinci Qarabağ müharibəsində isə Azərbaycan silahlı qüvvələrinin və Ali Baş Komandanımızın zərgər dəqiqliyi ilə hesablamaları, taktikası bu “qanunlar”ı təsirsiz hala gətirdi. Ermənistan ordusunun birləşmələri bir neçə qatlı müdafiə səddinə, eyni zamanda yüksəkliklərdə mövqe tutmalarına baxmayaraq ordumuzun hücumlarına bir gün belə tapb gətirə bilmədilər. Nəticədə Ermənistan silahlı qüvvələrinin itkiləri üçqat oldu. Bu, hərb tarixində misli görünməmiş hadisə idi. Sentyabrın 19-da başlayan və cəmi 24 saat ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur edən antiterror tədbirləri zamanı da düşmən ölkənin tör-töküntüləri arasında ölənlər yüzlərlə ölçülür. Bizim də şəhidlərimiz var. Düşmənin illərlə möhkəmləndiyi, yüksək ərazilərdə mühəndis istehkam qurğuları yaratdığı mövqeləri ələ keçirmək o qədər də asan başa gəlmədi. Hərbi mütəxəssislər bunu daha yaxşı bilirlər. Amma bu gün bəzi şər qüvvələr, özünü “hərbi ekspert” kimi təqdim edən ünsürlər Ordumuzun çox ağır şərtlər altında keçirdiyi antiterror tədbirlərinin əhəmiyyətini azalmağa çalışırlar. Silahlı qüvvələrimizin yalnız legitim hərbi hədəfləri nişan alması, düşmənin isə əsasən yaşayış binalarına yaxın mövqelənməsi işləri çətinləşdirirdi. Buna baxmayaraq mülki vətəndaşlar arasında ölənlər olmadı, separatçı qurumun qanunsuz hərbi birləşmələri, daha doğrusu Ermənistan silahlı qüvvələrinin hissələri ağır itkilər verdilər. Adını çəkdiyimiz “ekspertlər”in yanaşmasında isə erməni izi açıq-aydın görünür. Onların iddiaları əsassız və daha çox “erməni dəyirmanına su tökmək”dir”.