25 sentyabr 2023 13:53
234

Zəfərin diktə etdiyi reallıq

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Bununla yanaşı, təcavüz nəticəsində yüz minlərlə vətəndaş doğma yurdundan didərgin düşərək öz hüquq və azadlıqlarından məhrum edilmiş, məcburi köçkün halına düşmüş,  minlərlə azərbaycanlı indiyədək hələ də  erməni terrorunun qurbanı olaraq itkin düşmüş hesab edilir. Təcavüzün nəticələri heç bir Azərbaycan ailəsindən təsirsiz ötüşməmiş, demək olar ki, hər bir Azərbaycan ailəsinin üzvü Dağlıq Qarabağ müharibəsinin qurbanına çevrilmişdir.

Azərbaycan müxtəlif  sivilizasiyaların və mədəniyyətlərin  qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin  nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınmışdır.

Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz sadəcə öz torpaqlarımızı işğaldan azad etmək istəyirik.

“Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir”. Bu sözləri cənab Prezident İlham Əliyev xalqa müraciətində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstəriblər:

Azərbaycanın dövlət başçısı Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən mina terrorundan sonra dərhal lazımı addımlar atıldığını, düşmənin layiqincə cəzalandırıldığını bəyan etdi. O, vurğulayıb ki, lokal xarakterli antiterror tədbirlərinə başlanılıb və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirilib. Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə düşməni bir daha məğlub etməyə nail oldu. Bu dəfə 23 saat 43 dəqiqəyə məsələ həll olundu. Yəni 24 saat belə tam dolmadan erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq, təslim oldular,  Azərbaycanın şərtlərini yerinə yetirməyi qəbul etdilər. Heç şübhəsiz bu, qələbə də  cənab Prezident  Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və prinsipial mövqeyinin təzahürüdür. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan yeni uğurlara imza atır. Son olaraq lokal antiterror tədbirlərinin zəfərlə başa çatdırılması və hədəfə nail olunması buna ən gözəl nümunədir. Azərbaycan bir daha göstərdi ki, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına əsla icazə verməyəcək. Ermənistan növbəti dəfə ölkəmizə qarşı təxribat törədəcəyi təqdirdə onun dövlət kimi mövcudluğu sual altına düşəcək. Çünki, onların qarşısında Cənubi Qafqazın ən güclü ordusu dayanır.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərin bütün hüquqlarının təmin ediləcəyini də söyləyib.

Bu müasirləşən, peşəkar davranış və intizam qaydalarına yiyələnən Azərbaycan ordusunun əldə etdiyi növbəti və rekord müddətdə baş tutan qələbəsi oldu. Azərbaycan əsgəri bir daha gücünü göstərdi, əgər tələblərimiz yerinə yetirilməsə, yenə təxribatçı əməllərinə davan etsələr “Dəmir yumruq”la  yenidən qarşılaşacaqlar  və qətiyyətlə məhv ediləcəklər.

Nəticə etibarilə bütün dünya Azərbaycan Ordusunun imkan və potensialının nə qədər yüksək olduğunu bir daha gördü. Ordumuzun çox qısa zamanda yazdığı uğur hekayəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, yüksək döyüş ruhunu, mükəmməl plan əsasında fəaliyyətini nümayiş etdirməklə yanaşı, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi. Peşəkarlığın daha bir nümunəsi isə antiterror tədbirləri zamanı heç bir mülkü şəxsə zərər dəyməməsi oldu. Azərbaycan əsgəri peşəkar olmaqla yanaşı həm də yüksək insani keyfiyyətlərə malik, intizamlı bir vətənpərvər şəxsdir. Buna biz əsgərlərimizin 44 günlük Vətən Müharibəsindəki şücaəti zamanı da şahid olmuşuq. Terrorçular cəzalandırıldı və bir daha qarşı tərəfə göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri