24 sentyabr 2023 11:35
256

Azərbaycanın atdığı bütün addımlar legitimdir

Azərbaycanın rəşadətli ordusunun Qarabağda qanunsuz erməni hərbi birləşmələrinə qarşı həyata keçirdiyi lokal antiterror tədbirləri xalqımız tərəfindən böyük qürur hissə qarşılanır 

Azərbaycan dövləti hər zaman humanist prinsiplərə dəyər vermişdir. Humanizm beynəlxalq hüquqda da  yer alır. Azərbaycan Respublikasının Konstitusiyasında, din dövlətdən ayrı olsa da, bizlər müsəlman ölkəsi olaraq,  hər zaman sülhə daha meylli olmuşuq. Bəlkə də elə buna görədir ki, illərlə, əsrlərlə, tarixə nəzər salsaq, müsəlmanın mərhəmətindən, saflığından digərləri istifadə etmişlər... Bunun ən bariz nümunəsidir ki son illər ərzində Azərbaycanın səylərinə baxmayaraq, Ermənistan postmüharibə dövründə bütün vasitələrdən yararlanaraq ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib. Delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri” Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş çoxsaylı təxribatçı addımlardan bəziləridir.
Sentyabrın 19-da Azərbaycan lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Qarşıda duran bütün vəzifələr lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq,  hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi, hərbi texnikası məhv edildi və sıradan çıxarıldı.

Müzəffər Ali Baş Komandan bir daha əminliklə qeyd etdi ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!

Ekspertlərin fikrincə, Azərbaycan dövlətinin təkcə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq deyil, ümumiyyətlə, son onilliklərdə atdığı bütün addımlar legitimdir, ədalətlidir və beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanır. Onu da vurğulayaq ki, Azərbaycan dövlətinin atdığı bütün addımlar legitim və ədalətli olduğu kimi, bundan sonrakılar da məhz həmin səviyyədə, obyektivlik çərçivəsində, ədalət prinsipləri əsasında olacaq.

Manaf Talıbov
Bakı Ali Neft Məktəbinin böyük metodisti