23 sentyabr 2023 16:02
308

Azərbaycan ordusu mülki şəxslərə zərər dəyməməsi üçün xüsusi diqqət yetirib

Azərbaycan 30 ilə yaxın bir müddətdə BMT-nin məlum 4 qətnaməsinin həyata keçirilməsini gözlədi. Lakin bu gözləmə və aparılan danışıqların səmərəsizliyi 2020-ci ilin 27 sentyabrında başa çatdı. Daha dəqiq desək, 44 gün ərzində Ermənistanın işğalçı siyasəti darmadağın edildi. BMT-nin qətnamələri məhz Azərbaycan ordusu tərəfindən həyata keçirildi. Lakin sonrakı 3 ildə də Bakı səbir və təmkin nümayiş etdirdi, bir sıra dövlət başçılarının Azərbaycanın ərazi bütövlüyünü tanıması faktoruna qarşılıqlı hörmətlə yanaşdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçıran Ermənistan ona verilmiş dövlət olmaq, iqtisadi və siyasi yüksəliş şansını 3 il ərzində dəyərələndirə bilmədi. Məğlub dövlət olmasına baxmayaraq beynəlxalq qanunları görməzdən gələrək, hətta bəzi hallarda ayaqlayaraq Azərbaycanın suveren hüquqlarına açıq-aşkar təcavüz etməkdən belə çəkinməyən Ermənistan sözsüz ki, bu gücü havadarlarından alırdı. Bəyanatın imzalanmasından keçən 3 il müddətində 314 vətəndaşımız mina terrorundan zərər çəkmiş, 61 vətəndaşımız mina terrorunun, onlarla hərbi qulluqçumuz isə erməni qəsbkarlarının açdığı xain atəşin qurbanı olmuşdur. Təəsssüf ki, heç bir təşkilat səsini çıxarmamış, bu minaların və silah-sursatın haradan gətirildiyi barədə ermənilərdən hesab tələb etməmişdir. Keçmiş Minsk qrupu üzvlərinin açıq-aşkar dəstəyi Ermənistana riyakarlıq etməyə imkan verirdi. Məhz buna görə də Paşinyan Moskvada bir söz, Brüsseldə başqa bir söz deyirdi. 30 il ərzində Naxçıvanın blokada şəraitində yaşadığını görməzdən gələnlər bircə dəfə də olsun Zəngəzurdan yolun açılmasını tələb etmədikləri halda, erməni yalanlarına rəvac verərək Laçın yolundan Ermənistanın Qarabağ bölgəsinə silah, sursat daşımasına humanitar yardım adı verməkdə davam etdilər.  Amma son anda Qarabağdakı saxta rejimin qondarma "prezident seçkilərini" keçirməsinə, ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi. Qarabağdakı separatçı rejim bölgənin erməni əhalisini girov saxlayır, onları özünün siyasi avantürizminə alət etmək yolu tutmaqla, ölkəmizin reinteqrasiya çağırışlarına məhəl qoymurdu.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi ifadəsi bu dəfə də özünü sübut etdi. O bilir ki, nəyi, nə vaxt etmək lazımdır. Beynəlxalq hüquq və ədalət işləməyəndə Azərbaycan öz haqlarını öz biləyinin gücünə əldə edir. Nə regiondan çox uzaqda yerləşən qüvvələr, nə də yalnız sözlə Ermənistana dəstək verənlər real hərbi əməliyyatlar başlayarkən faktiki addımlar atmamışlar. 19 sentyabr 2023-cü il tarixli anti-terror əməliyyatları öncəsində də verilən irrasional bəyanatlar döyüş meydanında heç bir işə yaramadı. Artan təxribatlar fonunda sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə, dəmir yumruğun yerində qaldığını söyləməsinə, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün bütün şəraitin yaradılmasına baxmayaraq ermənilərin kor inadkarlığı öz nəticəsini verdi və Azərbaycanın səbr kasası daşdı. Məhz bütün bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi.

Bəzi Qərb ölkələrinin dəstəyindən ruhlanan Xankəndində və ətraf qəsəbələrdə mövcud olan qanunsuz erməni silahlı dəstələri regionda sabitliyə ciddi təhlükə idi. Həmin silahlıların dinc yolla zərərsizləşdirilməsi, bölgədə sabitliyin təmin edilməsi məqsədilə aparılan danışıqlar hər dəfə nəticəsiz qalırdı. Məhz bütün bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi. Artıq həmin addımlar atılaraq lokal xarakterli antiterror əməliyyatı başlanıldı.  Unutmamalıyıq ki, qeyri qanuni erməni silahlıları yalnız region üçün deyil, həmçinin Qarabağın sakinləri olan dinc ermənilər özü üçün də ciddi təhlükə mənbəyidir. Bir sözlə regionun gələcəyi, inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən asılıdır.

Prezident İlham Əliyev çıxışlarında, dəfələrlə bu tədbirlərin bir növ anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq. Qarabağdakı antiterror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur, legitimdir. 2020-ci ildən başlayaraq, Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı. Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxladı. Üstəlik, müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı ki, bunların hamısı ölkəmizin konstitusion quruluşuna ziddir, dövlət suverenliyimizə təhdiddir. Bəzi xarici qüvvələr məqsədli şəkildə lokal anti-terror əməliyyatını genişmiqyaslı hərbi əməliyyatlarla və ya müharibə ilə qarışdırmaq istəsələr də Azərbaycan ordusu çox peşəkar, həssas davranmış və sivillərə qarşı çox ehtiyatlı olmuşdur. Hətta qeyri-qanuni hərbi xunta rejiminin ordumuzla bacara bilmədiyi hallarda döyüşlərə cəlb etdiyi sivillərin olduğu döyüş epizodlarında belə Azərbaycan ordusu öz təmkinini qorumuş və heç bir vətəndaşa zərər dəyməməsi üçün xüsusi diqqət yetirmişdir. Nöqtə atışları ilə legitim hərbi hədəflər vurulmuş və düşmən təslim olmağa məcbur edilmişdir.  Azərbaycanın gücü və dəmir iradəsi ilə tarixi ədalət tam olaraq bərpa olundu.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri