22 sentyabr 2023 18:56
1582

Azərbaycan dövləti və xalqının tarixində yeni mərhələ başlayır

Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri dövlətimizin gücünü, Ordumuzun yüksək peşəkarlığını bir daha nümayiş etdirdi. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılığın əldə olunması artıq nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın tarixində yeni bir səhifənin açıldığını söyləməyə əsas verir.
Ermənistan üçtərəfli bəyanatın imzalanmasından sonra keçən dövr ərzində Azərbaycanın sülhlə bağlı çağırış və təşəbbüslərini düzgün qiymətləndirə bilmədi, əksinə, münasibətlərin normallaşması ilə əlaqədar danışıqların nəticəyönümlülüyünü azaltmaq, prosesi uzatmaq yolunu seçdi:
“Vətən müharibəsindən sonra Ermənistan, eləcə də onun dəstəyi ilə ərazilərimizdə qurulan xunta rejimi Azərbaycanın sülhsevər siyasətini adekvat dəyərləndirmədi. Bununla da əslində ciddi bir fürsəti əldən vermiş oldular. Azərbaycan Prezidentinin də xalqa müraciətində qeyd etdiyi kimi, vəziyyəti gərginlik həddinə çatdıran Ermənistan tərəfi və artıq ləğv edilmiş xunta rejiminin addımları oldu. Halbuki əgər Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə əməl etsəydi, indiki nəticəyə danışıqlar yolu ilə də çatmaq mümkün idi”.
Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri yalnız legitim hərbi obyektləri hədəfə almışdı, dinc sakinlərin qorunması üçün mümkün olan bütün zəruri addımlar atılmışdı:
“Bu, bir tərəfdən yüksək hərbi peşəkarlıq nümunəsi idi, digər tərəfdən, Azərbaycan xalqının, dövlətinin humanist mahiyyətini ifadə edirdi. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yaşayış yerlərinin yaxınlığında atəş vasitələri yerləşdirdiyini nəzərə alaraq, dinc sakinlərə mümkün olan bütün vasitələrlə xəbərdarlıq etdi. Azərbaycan zəmanət verdi ki, qanunlara və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi üçün zəruri tədbirlər görüləcək. Uşaqlara, qadınlara, yaşlılara, əlillərə, yardıma ehtiyacı olan bütün insanlara müvafiq dəstək göstəriləcək. Həmişə olduğu kimi, Azərbaycan dövləti öz sözünün üstündə durdu”.
Yevlax şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə aparılan dialoq reinteqrasiya prosesinin sürətlənməsinə imkan yaradacaq:
“Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin reinteqrasiyası qaçılmazdır. Artıq bu geriyə dönüşü olmayan bir prosesdir. Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Azərbaycan dövlətinin dinc sakinlərlə heç bir problemi yoxdur. Azərbaycan çoxmillətli, çoxkonfensiyalı bir dövlətdir. Bu, bizim xalqımızın sərvətidir. Erməni sakinlərin reinteqrasiyası ilə bağlı proqramın hazırlandığı da bəyan edilib. Bu baxımdan, düşünürəm ki, Azərbaycan dövləti və xalqının tarixində yeni mərhələ başlayır”.

Prezident İlham Əliyevin müraciətində Azərbaycanın Ermənistana lazımi cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Dövlətimizin başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi bildirilib, Azərbaycan Prezidentinin “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır” fikri diqqətə çatdırılıb.
Azərbaycan Prezidentinin Qarabağda aparılan əməliyyatın tamamilə legitim, qanuni və ədalətli olması barədə fikirlərini sitat gətirir. Materialda qeyd olunub ki, qanunsuz silahlı birləşmələr tam tərksilah olunacaq, onlardan müsadirə olunan texnika məhv ediləcək.

Dövlətimizin başçısının rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, car ilin sentyabr ayının 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırmışdı. Prezident cənab İlham Əliyev çıxışlarında, dəfələrlə bu tədbirlərin bir növ anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq. Bəli, Qarabağdakı antiterror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur, legitimdir. Bu tədbirləri gözləmək olardımı? Bəli! Çünki 2020-ci ildən başlayaraq, Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı. Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxladı. Üstəlik, müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı ki, bunların hamısı ölkəmizin konstitusion quruluşuna ziddir, dövlət suverenliyimizə təhdiddir.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin başlanması gözlənilən idi. Belə ki, Ermənistan, xüsusilə son dövrlərdə həm informasiya cəbhəsində, həm də hərbi müstəvidə Azərbaycana qarşı çeşid-çeşid, sistemli və ardıcıl şəkildə təxribatlar həyata keçirməkdə idi. Azərbaycana qarşı həyata keçirilən təxribatçı addımların qarşılığında Azərbaycan tərəfi hər dəfə Ermənistan tərəfinə bununla bağlı xəbərdarlıq etmişdir. Lakin bütün bunara baxmayaraq Ermənistan həm şərti sərhəddə, həm də Qarabağ iqtisadi rayonunda separatist qüvvələrlə birgə təxribatlara son vermədi.
Bəzi Qərb ölkələrinin dəstəyindən ruhlanan Xankəndində və ətraf qəsəbələrdə mövcud olan qanunsuz erməni silahlı dəstələri regionda sabitliyə ciddi təhlükə idi. Həmin silahlıların dinc yolla zərərsizləşdirilməsi, bölgədə sabitliyin təmin edilməsi məqsədilə aparılan danışıqlar hər dəfə nəticəsiz qalırdı.
Məhz bütün bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi. Artıq həmin addımlar atılaraq lokal xarakterli antiterror əməliyyatı başlanıldı. Unutmamalıyıq ki, qeyri qanuni erməni silahlıları yalnız region üçün deyil, həmçinin Qarabağın sakinləri olan dinc ermənilər özü üçün də ciddi təhlükə mənbəyidir. Bir sözlə regionun gələcəyi, inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən asılıdır.
Belə ki, bütün bu prosesə qədər rəsmi Bakı 30 ilə yaxın bir müddətdə BMT-nin məlum 4 qətnaməsinin həyata keçirilməsini gözlədi. Lakin bu gözləmə və aparılan danışıqların səmərəsizliyi 2020-ci ilin 27 sentyabrında başa çatdı. Daha dəqiq desək, 44 gün ərzində Ermənistanın işğalçı siyasəti darmadağın edildi. BMT-nin qətnamələri məhz Azərbaycan ordusu tərəfindən həyata keçirildi. Lakin sonrakı 3 ildə də Bakı səbir və təmkin nümayiş etdirdi, bir sıra dövlət başçılarının Azərbaycanın ərazi bütövlüyünü tanıması faktoruna qarşılıqlı hörmətlə yanaşdı. Amma son anda Qarabağdakı saxta rejimin qondarma "prezident seçkilərini" keçirməsinə, ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi.Qarabağdakı separatçı rejim bölgənin erməni əhalisini girov saxlayır, onları özünün siyasi avantürizminə alət etmək yolu tutmaqla, ölkəmizin reinteqrasiya çağırışlarına məhəl qoymurdu. Ermənistan hakimiyyəti isə yeritdiyi siyasətlə belə yolverilməz təmayüllərə dəstək göstərir, dünya ermənipərəstlərinin köməyilə həmin rejimi legitim statusa malik dövlət quruluşu qismində təqdim edirdi. Təbii ki, belə “fəaliyyətin” qarşısının alınması üçün qətiyyətli addımlara ehtiyac var idi.
Ermənistan Azərbaycanın haqlı tələblərinə məhəl qoymayaraq, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını da pozub. Rəsmi İrəvan ötən müddətdəki fəaliyyəti ilə, eyni zamanda, göstərdi ki, ölkənin baş naziri Nikol Paşinyanın 6 oktyabr 2022-ci il tarixdə Praqada və 14 may 2023-cü il tarixdə Brüsseldə üç tərəfli görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suveren haqlarını tanımasına dair fikirləri boş söz yığınından başqa bir şey deyildi. Bəli, rəsmi İrəvan davamlı olaraq Qarabağdakı separatçı rejimi müstəqil siyasi hakimiyyət kimi təqdim edir, habelə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini Azərbaycanla sülh müqaviləsi müstəvisinə gətirir, bölgə ilə bağlı avantürist planları reallaşdırmaq əzmini göstərirdi. Qarabağda humanitar böhran şousu, bölgənin erməni əhalisinə qarşı etnik təmizləmə və soyqırımı iddiaları da Ermənistanın xarici siyasətinin başlıca istiqamətlərini təşkil edirdi.Qarabağda antiterror tədbirləri başlayandan dünyanın müxtəlif dairələri, o cümlədən ermənipərəstlər bəyanatı bəyanat ardınca sıralamaqdadırlar. Artıq Fransadan, Avropa Birliyindən və digər təşkilatlardan olan “demokratiya carçıları” ortaya çıxıb çağırışlar səsləndirməklə məşğuldurlar. Onların bəziləri bir qədər də “irəli gedərək” ölkəmizi öz qanuni ərazilərində gördüyü tədbirləri pisləmək yolu tuturlar. Bundan əlavə Avropa Parlamentinin xarici məsələlər üzrə komitəsinin bir qrup ermənipərəst üzvləri belə Azərbaycana sanksiyaların tətbiq edilməsi və Azərbaycandan neftin, qazın tədarükünün dayandırılması tələbi ilə çıxış etmişdir. Əlbəttə, belə gedişlərin heç bir xeyri olmadı, ola da bilməzdi.
Azərbaycan xarici təzyiqlərə baxmayaraq artıq lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonuna olan separatizm yuvasını məhv etdi və milli suverenliyini bərpa etdi. Cari ilin sentyabrın 20-də qondarma xunta rejimi lokal antiterror əməliyyatına qarşı müqavimət göstərə bilməyərək təslim oldu. Bu təslimiyyət regionun gələcək inkişafının əsas istiqamətlərindən birini təşkil edəcəkdir. Cari ilin sentyabr ayının 20-də Prezident cənab İlham Əliyev xalqa müraciətində bir sıra məsələlər toxunaraq lokal xarakterli antiterror əməliyyatının zəruriliyi, qraşıya oyulan vəzifələrin 1 gün içində yerinə yetirilməsi və əməliyyat nəticəsində suverenliyimizin bərpa olunmasını qeyd etmişdir. Bundan əlavə Cənab Prezidentin müraciəti həm regionun, həm də Qarabağın erməni sakinlərinin gələcək inkişaf perspektivi və yol xəritəsidir.
Beləliklə, tarixi ədalət Azərbaycanın gücü və dəmir iradəsi ilə tam olaraq bərpa olundu.

 


 
Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə silahların tətbiqi ilə sıradan çıxarılmışdır. Məsuliyyətli ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı. Lakin ordumuz bütün lazımi xəbərdarlıqları etmişdir. Sülhün bir sıra şərtləri vardır. Bunlar bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur.
 
Ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunmuşdur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz olmuşdur.
 
Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırmışdır. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir.
 
Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirmişdir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam edəcək. Qarabağdakı tanınmayan hakimiyyət silahı yerə qoyaraq təslim olmağa və Azərbaycanın şərtləri altında Yevlax şəhərində görüşməyə hazır olduğunu bildirdi.
 
Azərbaycan Yevlax şəhərində görüşü bir neçə aydır ki, təklif etsə də, Qarabağ erməniləri belə bir görüşün üçüncü ölkə ərazisində keçirilməsini tələb etmişdilər. Və gözlənilən görüş 21 sentyabr tarixdə Yevlax şəhərində baş tutmuşdur.

Orxan İsmayılov
YAP Xətai rayon təşkilatının fəalı