22 sentyabr 2023 19:52
149

Antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi

Erməni terroru

 

2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın imzalanmasından üç ilə yaxın zaman ötməsinə baxmayaraq, ermənilər üzərlərinə götürdükləri öhdəliklərdən yayınmağa çalışırlar. Qarabağda hələ də tərksilah olmamış qanunsuz erməni silahlı birləşmələri təxribatlar törədirlər. Təəssüf ki, Ermənistanın imzaladığı kapitulyasiya aktından sonar yüzlərlə azərbaycanlı mina terrorunun və erməni təxribatının qurbanı olmuşdur. Bu ilin 19 sentyabrında baş vermiş mina terroru Azərbaycan tərəfinin antiterror əməliyyatı keçirməsinə səbəb oldu. Müzəffər Ordumuzun şücaəti sayəsində təxminən 24 saat ərzində ermənilər bir daha məğlubiyyətlərini etiraf edərək ağ bayraq qaldırmağa məcbur edildilər. Bununla əlaqədar sentyabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət etdi.

Ölkə başçısı xalqa müraciətində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra bu günə qədər erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu təəssüflə bildirdi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz minalar gətirilərək müxtəlif yerlərdə basdırılmışdır. Azərbaycan Silahlı Qüvvələri bu faktları Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərərək onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Minaların 2021-ci ildə Ermənistanda istehsal olunması ermənilərin məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirməsinin sübutudur.

Cənab Prezident İlham Əliyev Azərbaycan tərəfinin bütün bunlara son qoyaraq lokal xarakterli antiterror tədbirlərinə başlayaraq cəmi bir gün ərzində terrorçuları cəzalandırdığını bildirdi. Ermənistan onların istənilən təxribatına layiqli cavab veriləcəyini bir daha gördü. Antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi.

Dövlətimizin Başçısı antiterror tədbirlərində ağır relyef şəraitinə, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri aparılmasına, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimizin böyük qəhrəmanlığını, şücaətini, peşəkarlığını xüsusi vurğuladı. Əməliyyat zamanı Qarabağ bölgəsində yaşayan erməni əhalinin zərbə altına düşməməsinə və mülki əhalinin qorunmasına diqqət yetirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev antiterror tədbirləri zamanı şəhidlərimizin olduğunu təəssüflə bildirərək yaralı əsgər, zabitlərimizə şəfa dilədi.  

Ali Baş Komandan İlham Əliyev qalib ölkənin başçısı kimi müraciətində bu sözlərilə bir daha təxribata yol verməmək üçün bunları bildirdi: “Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub”.  

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri