23 sentyabr 2023 12:49
559

Prinsipial, əqidəli və ədalətli!

Heç bir təhlükə Ələkbər Quliyevi əqidəsindən döndərə bilməmiş və o, qətiyyətlə Ümummilli Liderin ardıcılı kimi öz yoluna davam etmişdir

2023-cü il sentyabrın 21-də Azərbaycan Respublikasının Əməkdar müəllimi, Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sabiq sədri mərhum Ələkbər Nuru oğlu Quliyevin anadan olmasının 75-ci yubiley ildönümü idi.

Ələkbər Quliyev 1948-ci ildə Babək rayonunun Qaraçuq kəndində (hal-hazırda Naxçıvan şəhərinin inzibati ərazisinə daxildir) dünyaya göz açmışdır. Tam orta təhsilini öz doğma kəndində yerləşən məktəbdə alan Ələkbər Quliyev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsini bitirmiş, həmin ildən Babək rayon Cavidabad (Qaraçuq) kəndində müəllim kimi əmək fəaliyyətinə başlamış, qısa müddətdə özünü əsl pedaqoq və təhsil təşkilatçısı kimi təsdiq edərək, direktor vəzifəsinə yüksəlmiş və 1981-ci ilədək bu vəzifədə işləmişdir. Ələkbər müəllim 1983-cü ildən öz pedaqoji fəaliyyətini Naxçıvan şəhər 11 saylı orta məktəbdə müəllim kimi davam etdirməyə başlamış, burada da özünün fəallığı ilə seçilərək az müddət sonra təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilmiş, 1989-1996-cı illərdə isə həmin məktəbin direktörü vəzifəsində çalışmışdır. Ələkbər Quliyevin qazandığı zəngin pedaqoji təcrübə, təşkilati-rəhbərlik bacarığı onun bu sahədəki ən yüksək zirvəyədək ucalmasına gətirib çıxarmış, tanınmış təhsil işçisi 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təyin olunmuşdur. Keçid dövrünün səbəb olduğu çətin durğunluq illərindən sonra bu vəzifədə işlədiyi altı il ərzində Ələkbər müəllim Naxçıvanda orta təhsilin inkişafı üçün var qüvvəsi ilə çalışmış, təhsilin dərindən bildiyi problemlərinin həlli istiqamətində yorulmaz fəaliyyət göstərmişdir. Onun nazir işlədiyi dövrdə müxtəlif ixtisas sahibi olan yüzlərlə gənc müəllim yüksək diqqət və qayğı sayəsində muxtar respublikada mövcud olan orta məktəblərdə işə qəbul olunmuşlar. İndi artıq 20 ildən çox pedaqoji stajı olan həmin müəllimlərin öz işlərinə yüksək məhəbbət və vicdanla yanaşmasında bu böyük maarif xadiminin danılmaz əməyi vardır. Ələkbər müəllim özündən əvvəlki təhsil nazirlərinin maarifçilik xəttinin və muxtar respublika orta təhsilinin daha da inkişaf etdirilməsi üçün əzmlə çalışmış, eyni zamanda, öz xələflərinə layiqli irs qoymuşdur.

Dövlətimiz əzmkar maarif xadimi və təhsil təşkilatçısının zəhmətini layiqincə qiymətləndirmiş, Ələkbər Quliyev 1991-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, 2001-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüşdür.

Ələkbər müəllimin həyatı kifayət qədər dinamik və zəngin çalarlı olmuşdur. Belə ki, muxtar respublika ictimaiyyəti onu yalnız bacarıqlı təhsil xadimi kimi yox, eyni zamanda mübariz və sarsılmaz əqidəyə malik ictimai-siyasi fəaliyyəti ilə də tanımışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda baş verən ictimai-siyasi proseslərdə Ələkbər Quliyev yaxından və fəal şəkildə iştirak etmişdir. O, Ulu Öndər Moskvadan Naxçıvana qayıtdıqdan sonra Heydər Əliyevə qarşı ölkədə hakimiyyətdə olan partnomenklatura, daha sonra isə psevdodemokratların haqsız hücumlarına və böhtan kampaniyasına qarşı keçirilən bir çox mitinqlərin fəal iştirakçısı və təşkilatçısı idi. Xüsusən Yeni Azərbaycan Partiyasının təşəkkül tapması prosesinə fəal şəkildə qoşulan Ələkbər müəllim 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının iştirakçısı olmuşdur. Onun YAP-ın təşəkkülü və formalaşması prosesində iştirakı bununla məhdudlaşmamış, Yeni Azərbaycan Partiyasının Sədri, Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə partiyanın Naxçıvan şəhər təşkilatının yaradılması prosesinə rəhbərliyi üzə üzərinə götürmüş, bu işin öhdəsindən uğurla gəlmişdir.

Qeyd edək ki, bu proses heç də hamar getməmişdir. Həmin dövrdə hakimiyyəti zəbt etmiş Azərbaycan Xalq Cəbhəsinin həm ölkə, həm də muxtar respublika miqyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə qarşı təxribatları özünün pik nöqtəsinə çatmış, 1992-ci il oktyabrın 24-də Naxçıvanda AXC Naxçıvan şəhər və Ordubad rayon təşkilatlarının rəhbərlərinin və  qanunsuz silahlı dəstələrinin iştirakı ilə dövlət çevrilişinə cəhd edilmişdi. Azərbaycan Respublikasının ozamankı daxili işlər naziri İsgəndər Həmidovun başçılığı altında həyata keçirilən bu dövlət çevrilişi cəhdi Naxçıvan əhalisinin ciddi müqaviməti nəticəsində iflasa uğrasa da, həmin qüvvələr bir tərəfdən Yeni Azərbaycan Partiyasının yaradılması və fəaliyyətinə mane olmağa çalışmış, digər tərəfdən isə, muxtar respublikada ictimai-siyasi şəraitin gərginləşməsi istiqamətində fəaliyyət göstərmişlər.

Məhz belə bir şəraitdə Ələkbər Quliyev YAP Naxçıvan şəhər təşkilatının yaradılması işinə rəhbərliyi zamanı AXC Naxçıvan muxtar respublika və şəhər orqanlarının rəhbərlərinin başçılığı altında dəfələrlə ciddi fiziki və psixoloji təzyiqlə üzləşmişdir. Hətta bir sıra hallarda həyatına təhlükə yaranması belə, Ələkbər müəllimi öz dəmir əqidəsindən döndərə bilməmiş, o, qətiyyətlə Ümummilli Lider Heydər Əliyevin ardıcılı kimi öz yoluna davam etmişdir. Beləliklə, 1993-cü il noyabrın 5-də YAP Naxçıvan Şəhər Təşkilatının təsis konfransında Ələkbər Quliyev yekdilliklə təşkilatın sədri seçilmişdir. O, ömürünün sonunadək – 18 il bu vəzifədə çalışaraq, tutduğu mövqedə YAP-ın inkişafına və fəaliyyətinə öz töhfələrini vermişdir. Bu müddətdə YAP üzvlərinin sayı dəfələrlə artmış, təsis konfransındakı bir neçə yüz nəfərdən 13 min nəfərə çatmışdır. Ələkbər Quliyev ona etimad edilən siyasi işin öhdəsindən layiqincə gəlmiş, minlərlə insanın Ulu Öndər Heydər Əliyevin ideyaları işığına, Yeni Azərbaycan Partiyasının sıralarına cəlb olunmasında mühüm rol oynamışdır. Məhz bu fəallığın nəticəsi idi ki, o, eyni zamanda 1995-2000-ci illərdə YAP Naxçıvan Muxtar Respublika təşkilatı sədrinin müavini vəzifəsində çalışmış, istər muxtar respublika miqyaslı, istərsə də respublika miqyaslı partiya tədbirlərinin fəal iştirakçısı olmuşdur.

Ələkbər Quliyevin ictimai-siyasi fəaliyyəti yalnız partiya işi ilə məhdudlaşmamış, o, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci (1995-1996), ikinci (2002-2005), üçüncü (2005-2010) çağırışlarının deputatı seçilmiş və Ali Məclisin komissiya (komitə) sədri olmuşdur.

Ələkbər Quliyev 2010-cu ilin yanvar ayında ömrünün 62-ci ilində həyatla qəfildən vidalaşsa da, o, bu ömrə zəngin bir həyat salnaməsi sığışdıra bilmişdir. Məhz bunun nəticəsidir ki, bütün muxtar respublika sakinləri, təhsil mühiti, yeni azərbaycançılar Ələkbər müəllimi, onun ictimailəşmiş həyatını, pedaqoji-maarifçi və ictimai-siyasi fəaliyyətini böyük ehtiramla xatırlayır. O, hər şeydən əvvəl prinsipial, ciddi, əqidəli, səmimi və ədalətli insan kimi bu gün də öz müasiri olan nəsillərin yaddaşında müsbət obrazı ilə qalmaqdadır. Həm siyasi əqidəsinə, ideoloji baxışlarına, həm də maarifçilik fəaliyyətinə görə özünün vətənpərvər Azərbaycançı obrazı ilə xüsusi rəğbətlə anılan Ələkbər Nuru oğlu Quliyevin xatirəsi onun əqidə yoldaşlarının və Naxçıvan təhsil ictimaiyyətinin qəlbində daim yaşayacaqdır.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı