22 sentyabr 2023 23:36
329

Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinə tam şərait yaradıb

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nə münaqişə dövründə, nə də indiki postmüharibə reallığında Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinin şahidi olmadıq. "Bitərəflik" kimi fundamental prinsipi rəhbər tutmaq barədə öhdəlik götürən BQXK daim Qərbin diktəsi ilə Ermənistanla vahid tərəf kimi çıxış etdi, hətta İrəvanın hərbi ortağına çevrildi. Belə ki, bu qurumun kəşfiyyat xarakterli məlumatların Ermənistana ötürülməsindən humanitar missiya adı altında quldur dəstələrinə dəstək verilməsinə qədər mandatına uyğun gəlməyən çoxsaylı riyakar fəaliyyəti barədə kifayət qədər faktlar var.

Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, separatçı silahlı qüvvələrin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra BQXK artıq əgər belə demək mümkünsə, haqq yoluna qayıdıb. Belə ki, BQXK tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə ərzaq və digər humanitar yardımın Xankəndiyə çatdırılması üçün bütün lazımi şəraitin yaradıldığını birmənalı formada etiraf edib. Bütün bunlar barədə  BQXK-nın Bakı Ofisi, həmçinin, digər beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə söz açılıb.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin verdiyi məlumata görə, Azərbaycan tərəfi həm də BQXK vasitəsilə erməniəsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazır olduğunu və və artıq bu istiqamətdə müəyyən addımlar atıldığını söyləyib. Bundan əlavə, müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilib: “Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq. Bakı ofisindən Xankəndi şöbəsinə əlavə heyətin göndərilməsinin tərəfdarıyıq”. 

Qeyd edək ki, dünən Xocavənddə olan Ermənistan silahlı qüvvələrinin doqquz yaralanmış hərbçisi Xankəndiyə aparılıb. Onları Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları aparıblar.

Bir sözlə, mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycanın hərbi və mülki şəxsi heyəti mülki şəxslərə BQXK ilə birgə yardım edir və bundan sonra da edəcək.  Qeyd edək ki, Azərbaycan dünən Qarabağda yaşayan erməniəsilli əhaliyə ərzaq yükü də göndərib. Ümid edirik ki, bu humanitar konsensus insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasında dəstək olacaq.

Bəli, Azərbaycan yenə öz humanistliyini nümayiş etdirərək BQXK xətti ilə humanitar məsələlər üçün lazimi şərait yaradıb. Amma bütün bunlara rəğmən Aİ, Fransa və Almaniya rəsmilərinin yoxlanılmamış və qeyri-ciddi bəyanatları anlaşılmaz olaraq qalır.

Qvami Məhəbbətoğlu, “İki sahil”