22 sentyabr 2023 23:13
340

Zəngəzur dəhlizi: Orta Dəhlizin reallaşmasında mühüm faktor

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər nəticəsində tarixi ədalət bərpa edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, şanlı ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə əldə edilən möhtəşəm Qələbə sayəsində Azərbaycan regionda yeni reallıqar yaratdı. Prezident İlham Əliyevin uzaqgörən diplomatiyası ilə bu reallıqlar beynəlxalq birliyin dəstəyini qazandı.

Tarixi və böyük strateji əhəmiyyət kəsb edən bu dəhliz dövlətimizin başçısının bildirdiyi kimi, azad edilmiş torpaqlara Böyük Qayıdışa əhəmiyyətli töhfələr verəcək, eləcə də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Şübhəsiz, bu unikal layihənin regionda yeni nəqliyyat imkanları yaratması Qərblə Şərqin, Cənubla Şimalın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, Azərbaycan-Türkiyə əlaqələrinin yüksəlməsinə böyük töhfələr verəcək, türkdilli dövlətlər arasında əməkdaşlığa yeni nəfəs gətirəcək. Regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin təminatçısı rolunu oynayan, Azərbaycanı Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə, Orta Asiyanı Avropa ilə birləşdirəcək, Aralıq dənizindən dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çinə qədər nəhəng bir ərazini əhatə edəcək bu dəhlizin açılması tarixin diktəsi, zamanın tələbi, qaçılmaz reallıqdır.

Bu gün dünyanın ayrı-ayrı güc mərkəzlərinin diqqətini çəkən Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə əlaqələndirəcək sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə sahib olacaq. Dəhliz həm də Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmiryol şəbəkəsini genişləndirəcək ki, bu da regional ticarətə müsbət təsir göstərəcək. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək. Orta Dəhlizin potensialı gündən-günə artır, Zəngəzur dəhlizinin açılması isə onun gələcək inkişafı və genişlənməsində mühüm amil olacaq.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib ki, Ermənsitanın Zəngəzur dəhlizi olmaqla verdiyi vədləri yerinə yetirməsini gözləyirik. Türkiyə lideri, həmçinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə Orta Dəhlizin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizi məsələsinin sürətlə həll edilməsi Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsinə imkan verəcək: “Zəngəzur dəhlizi məsələsinin həlli bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlarla Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələr də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin güclənməsinə imkan verəcək”.

Bu gün bölgədə davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün səylərini əsirgəməyən Azərbaycanın Ermənistanla sülhün əldə edilməsi, kommunikasiya xətlərinin açılması, eləcə də Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bütün dünyaya bəllidir. Ölkəmizin başçısı beynəlxalq tədbirlərin mötəbər kürsülərindən bunları dəfələrlə bəyan edib. Ona görə də Zəngəzur dəhlizi reallaşdıqdan sonra regionun mənzərəsini dəyişəcək, Asiyadan Avropaya qədər geniş bir bir əraziyə rifah, inkişaf gətirəcək Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür və dəstəkləyirlər. Bu səbəbdən də istər Azərbaycanla sülh əldə edilməsi, istərsə də Zəngəzur dəhlizinin açılması məsələsində nala-mıxa vuran Ermənistanın və ona dəstək verənlərin, xüsusilə İranın müqaviməti əbəsdir.

Təbii ki, Ermənistanın və ona qahmar çıxanların qırx dörd günlük Vətən müharibəsinin yaratdığı yeni reallıqlar fonunda inkişafının yeni mərhələsinə qədəm qoyan, beynəlxalq münasibətlər sistemində mövqeyini gündən-günə möhkəmlədən Azərbaycanla baş-başa gəlmələri mümkün deyil. Bu reallığı tanınmış beynəlxalq ekspertlər də etiraf edirlər.

Zaman Ermənistanın əleyhinə işləyir. Ona görə də bu ölkənin rəsmiləri qısa müddtədə əsassız iddialarından əl çəkməli, müxtəlif bəhanələrlə vaxtı uzatmaq taktikasından imtina etməli, proseslərin sürətlənməsi üçün iradə nümayiş etdirərək götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.

Zahid Rza, “İki sahil”