23 sentyabr 2023 02:58
314

İrəvanda ara qarışır: Paşinyan impiçment məngənəsində

Artıq 3 gündür ki, Ermənistan paytaxtında müxalifətin Paşinyan hakimiyyətini devirmək məqsədilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimək bilmir 

Bu gün Ermənistanda sözün əsl mənasında anarxiya yaşanır. İşğalçı ölkədə insanları, cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirəcək yeganə ümummilli ideya bədnam “miatsum” idi ki, artıq o da puç olub. Nikol Paşinyan iqtidarına müxalifətdə olan qüvvələr yaranmış boşluqdan istifadə edərək insanları asanlıqla müxtəlif istiqamətlərə çəkir, onları bir-biri və yaxud hakimiyyətlə qarşı-qarşıya qoyurlar.

Azərbaycanın özünün suverenliyini və konstitusiya quruluşunu bərpa etmək məqsədilə sentyabrın 19-da Qarabağ bölgəsində  başladığı və cəmi bir gün ərzində uğurla tamamladığı lokal xarakterli antiterror tədbirləri Ermənistanda Nikol Paşinyan hakimiyyətinə müxalifətdə olan qüvvələrin daha da fəallaşması üçün bir növ göydən düşmə fürsət olub. Ordumuz əvvəlki dövrlərdə özünün suveren ərazilərinin digər hissələrində qanunsuz silahlı dəstələrə qarşı anti­terror tədbirləri keçirərkən Ermənista­nın baş naziri özünü oda-közə vurur, dünyanın böyük dövlətlərinin rəhbər şəxslərinə zənglər edir, haray-həşir salır, necə deyərlər, daş atıb başını tuturdu. Bu dəfə isə biz bunun şahidi olmadıq. Əlbəttə, normalda elə bu cür də mövqe sərgilənməli idi. Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir və burada baş verənlər ölkəmizin daxili işi­dir. 

Xatırladaq ki, tədbirlər nəticəsində Qarabağdakı silahlılar təslim olublar. Bu isə Ermənistandakı siyasi-ictimai vəziyyəti daha da gərginləşdirib. Ermənistanın müxalifət partiyaları xalqı meydanlara çıxmağa səsləyib. Onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. aksiya iştirakçıları paytaxtda bir neçə küçəni bağlayıb. Aksiya keçirilən ərazilərə çox sayda polis cəlb olunub. Hökumət binasının qarşısında isə canlı sədd qurulub. İrəvan polisi aksiya iştirakçılarını saxlamağa davam edir.

Verilən məlumata görə, 20 sentyabr tarixində hökumət binası yaxınlığında etiraz aksiyaları fonunda Paşinyan tərəfdaşları ilə görüşüb onlara istefa verməyəcəyini və nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını bəyan edib. Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər.

Nikol Paşinyanla haqq-hesab çəkməkdən ötrü hər şeyi etməyə hazır olan sabiq prezidentlər Serjik Sarkisyan, Robert Koçaryan və onlara bağlı olan qüvvələr yaranmış vəziyyəti qisas almaq və indiki hakimiyyəti əvəzləmək üçün ən uyğun məqam kimi dəyərləndirirlər. İrəvan küçələrində, “Respublika” meydanında sentyabrın 19-dan başlayan etiraz mitinqləri səngimək bilmir. Aksiyaların iştirakçıları baş nazir Paşinyan əleyhinə şüarlar səsləndirirlər. Birləşmiş Ermənistan müxalifəti Milli Komitə yaratdığını bəyan edib. Bu komitə baş nazir N. Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması mexanizmini hazırlamalıdır. Ermənistan parlamentinin keçmiş vitse-spikeri, “Daşnaksütyun” partiyasının sədri İşxan Saqatelyan qeyd edib ki, parlament çoxluğu N.Paşinyanın impiçmenti məsələsini qaldırıb.

Ermənistanın internet resurslarında yayılan xəbərlərə görə, İrəvanda aksiya keçirən insanlar Nazirlər Kabinetinin qarşısına toplaşıblar. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək bildirirlər ki, məhz N. Paşinyanın yürütdüyü yanlış siyasət nəticəsində Ermənistan təcrid olunmuş vəziyyətə düşüb.

Hökumət binasını mühasirəyə alan, küçələrdə gediş-gəlişi iflic vəziyyətə salan etirazçılar, həmçinin Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında etiraz aksiyaları keçiriblər. Bir qrup qəzəbli kütlə səfirliyin bağlanılmasını tələb edib. Eirazçılar   “Rusiya düşməndir!”, “Nikol satqındır!” şüarları səsləndiriblər.

Baş nazir Nikol Paşinyan isə Ermənistanda əhalini “vəziyyətə ayıq yanaşmağa, soyuqqanlılığı qorumağa, bəzi qüvvələrin Ermənistan dövlətçiliyinə zərbə vurmasına imkan verməmək üçün təxribatlara boyun əyməməyə” çağırıb. “Biz imkan verməməliyik ki, kimlərsə Ermənistanın dövlətçiliyinə zərbə vursunlar. Gözlənildiyi kimi, artıq Ermənistanda dövlət çevrilişinə çağırışlar müxtəlif yerlərdən eşidilir. Bütün bunlara dövlətin qanunvericiliyi əsasında cavab verilməlidir. Lakin təbii ki, bu vəziyyətdə çox şey Ermənistan vətəndaşlarından, xalqından asılıdır ki, mənim qənaətimə görə, onlar nə qədər çətin olsa da, yaranmış vəziyyətdə ayıq və soyuqqanlı davranmalıdırlar. Vəziyyət hər kəs üçün nə qədər çətindirsə, mənim və bütün ölkə rəhbərliyi üçün bir o qədər çətindir. Amma biz indiki məqamda kəskin, avantürist hərəkətlər etməməliyik”, - deyə Paşinyan söyləyib.

Ermənistanın baş naziri əlavə edib ki, o, müəyyən informasiya çatışmazlığının mövcudluğunu başa düşür. O deyib ki, vəziyyətə uyğun olaraq lazımi tədbirlər görüləcək. Paşinyan vətəndaşları  təxribatlara boyun əyməməyə, sakit olmağa çağırıb: “Ölkədə hüquq sistemi tam qaydasında fəaliyyət göstərir və sabitlik qorunur. Hamı başa düşür ki, qanunun aliliyini və sabitliyi pozmaq Ermənistan əleyhinə hərəkət edən və hərəkət etmək niyyətində olan qüvvələrin qarşısına qoyduğu məqsəddir”.

Qeyd edək ki, müxalifət N.Paşinyanın məhz Almatı Bəyannaməsinə istinadən Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımasını və sülh sazişini məhz bu sənədə istinad etməklə imzalamağa hazır olduğunu bildirməsini böyük yanlışlıq kimi dəyərləndirir. Müxalifət təmsilçiləri iddia edirlər ki, bununla N.Paşinyan “Qarabağın itirilməsinə”  hüquqi əsaslar yaradıb.

“Bu gün biz çətin dövrlərdən keçirik, amma başa düşmək vacibdir ki, niyə bu yolu keçməliyik. Sülh lazımdır. Bu, təhlükəsizliyi, müstəqilliyi, suverenliyi təmin edən amildir. Çoxları hesab edir ki, bu gərgin regional vəziyyətdə sülhdən danışmaq mümkün deyil, lakin məhz bu şəraitdə sülhdən danışmaq lazımdır və bunu atəşkəslə qarışdırmaq olmaz. Bu çətin yol daxili və xarici sarsıntılardan keçir və biz dövlətçilik, müstəqillik, gələcək naminə bu yolu keçməliyik”.

Bu fikirləri isə Nikol Paşinyan xalqa müraciətində ifadə edib. O vurğulayıb ki, 1991-ci ildə respublikanın SSRİ-dən ayrılması ilə bağlı Almatı Bəyannaməsi Ermənistanın müstəqilliyinin əsas amillərindən biridir.

Görünən odur ki, son günlər Ermənistan əməlli-başlı ara qarışıb, məzhəb itib. Maraqlıdır, görəsən Paşinyan etiraz alovunu söndürə biləcək, yoxsa daha da körükləyəcək? Hər halda yaşıyarıq görərik…

Yaqut Ağaşahqızı, “İki sahil”