23 sentyabr 2023 02:37
336

24 saatlıq lokal antiterror tədbirləri dünya mətbuatında

Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində inadkarlıqla saxladığı terrorçu qruplaşmaya qarşı keçirilən lokal xarakterli antiterror tədbirləri dünya mətbuatının diqqətini cəlb edib.

Azərbaycan əleyhinə dəfələrlə qərəzli mövqe nümayiş etdirən “Le Monde” qəzeti erməni separatçıların silahı yerə qoymasından sonra Azərbaycanın Qarabağda nəzarəti tam bərpa etdiyini qeyd edib. "Le Monde" Prezident İlham Əliyevin böyük bir zəfər qazandığını vurğulayıb.

"France 24" kanalı isə Azərbaycanın 24 saat ərzində qazandığı qələbədən sonra “Ermənistanın baş naziri Nikol Paşinyan dəyişiklik vədi ilə hakimiyyətə gəlsə də, təhqiredici hərbi məğlubiyyət və Qarabağdakı dramatik gərginlik bu zavallı ölkənin etibarını zədələyib” ifadəsi ilə öz mövqeyini belə bildirib.

ABŞ-in nüfuzlu “Politico” nəşri Azərbaycanın antiterror tədbiri ilə bir gündə əldə etdiyi uğuru “Azərbaycan Qarabağdakı ildırım hərəkatında zəfər elan etdi” başlığı ilə yayımlayıb. Nəşr digər xəbərində isə Qarabağda ikinci uğursuzluğun səbəbini ermənilərin Nikol  Paşinyana qarşı nifrətinin aşıb-daşması ilə izah edib. Bu ölkənin “ABC News” kanalı isə “35 il davam edən toqquşma nəhayət Azərbaycanın lehinə nəticələnmiş kimi görünür” xəbərini tirajlayıb.

Başqa bir nəşr- İngiltərənin “The Telegraph” nəşri Azərbaycanın Zəfərinin Ermənistanı Qərb müttəfiqlərinə tərəf itələdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti də dünyanın bir sıra ölkələrinin mətbuatında geniş işıqlandırılıb.

Qardaş Türkiyənin nüfuzlu “A Haber”, “TRT Haber”, “CNN Türk”, “TV 100” kanallarında, “Yeni Şafak”, “Takvim”, “Beyaz qazete”, “Star”, “Yeni çağ”, “Haber vitrini” qəzetlərində, “Ensonhaber.com” və digər elektron nəşrlərində dövlətimizin başçısının müraciətində səsləndirdiyi fikirlər oxucuların diqqətinə çatdırılıb. Həmin xəbərlərdə Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktları və təxribatlar, eləcə də mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması pislənilib.

Prezident İlham Əliyevin xalqa müraciətində Azərbaycanın Ermənistana lazımi cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Dövlətimizin başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi bildirilib, Azərbaycan Prezidentinin “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır” fikri diqqətə çatdırılıb.

Dünyanın bir çox nəşrləri də sözügedən mövzuya həsr etdikləri məqalələrdə  Azərbaycanın haqlı və ədalətli mövqeyini təqdir ediblər.

Nüfuzlu televiziya kanalları da antiterror əməliyyatı ilə bağlı süjetlər və verilişlər yayımlayıblar. Qətərin “Əl-Cəzirə” kanalı Qarabağda böyük məğlubiyyətə uğrayan baş nazir Nikol Paşinyanın istefasını istəyən minlərlə irəvanlının mərkəzi meydana yığışdığını əks etdirib.

Səudiyyə Ərəbistanının “Al -Arabiya” kanalı zəfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasını ön plana çıxararaq manşetə “Azərbaycan lideri Qarabağda lokal antiterror tədbirlərinin suverenliyi yenidən bərpa etdiyini bildirdi” xəbərini çıxarıb.

Hər dəfə erməniləri dəstəkləyən “Hindistan Times” isə “Azərbaycan Qarabağdakı separatçıların təslim olmasından sonra zəfər elan etdi” tipli xəbər yayımlayıb. Hindistanın "NDTV" kanalı da yaydığı xəbərdə qeyd edib ki, erməni terrorçularının silahı yerə qoymaq qərarı separatçı müqavimətin həzin sonudur. Bu isə Prezident İlham Əliyevin Qarabağa nəzarəti bərpa etməsi ilə böyük bir zəfəri təmsil edir.

 Sadəcə bu misalları çəkməkdə məqsədimiz odur ki, artıq bütün dünya Azərbaycanın haqlı olduğunu qəbul edib. Bu, Azərbaycan rəhbərinin, onun diplomatiyasının, xarici siyasət kursunun sərrastlığı və peşəkarlığı sayəsində mümkün olub. Həm də təkcə bunlar deyil, başqa bir çox amillər də var ki, onlar barədə növbəti yazılarımızda ətraflı söhbət açacağıq. Qeyd edilməli ən əsas məsələ odur ki, Azərbaycan Ermənistan və onun havadarları tərəfindən zorla cəlb edildiyi müharibələrdən qalib kimi çıxdı. Otuz beş illik münaqişədən qələbə ilə çıxan Azərbaycanın bu Zəfəri tarixdə yüz illərlə yaşayacaq, xalqımız hər zaman bununla qürur duyacaq, fəxr edəcəkdir.

Vəli İlyasov, “İki sahil”