23 sentyabr 2023 00:58
388

Suverenlik tam bərpa edildi

44 günlük müharibə bitən gündən indiyə kimi Qarabağdakı erməni silahlı birləşmələri təxribata, terrora davam edirdi. Azərbaycan tərəfi daima danışıqlardan və sülhdən yana olsa da, Ermənistan Qarabağdakı erməni əsilli vətəndaşlardan istifadə edərək dövlətimizin xoş niyyətindən sui istifadə edirdi. Xüsusilə, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyi daha da artırırdı.

19 Sentyabr 14:00 radələrində başlayan lokal xarakterli antiterror əməliyyatı zamanı Azərbaycan, vətəndaşlarının təhlükəsizliyini təmin etməyə nail oldu. Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki əhalini hədəf götürmədi, yalnız hərbi hədəflər vuruldu, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görüldü, əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olunmadı. Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq, yaranan problemlərinin həlli ilə bağlı hərbçilərə müraciət edilmək tövsiyə olundu, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər görüldü. Həmçinin Azərbaycan tərəfi sülhməramlıların öz funksiyalarını yerinə yetirməsi üçün tam şərait yaratdı. Antiterror tədbirləri zamanı sülhməramlılar da əhalinin təhlükəsizliyi ilə məşğul oldular. Rusiya sülhməramlıları Qarabağ əhalisinə tibbi və humanitar yardım göstərmək üçün lazım olan hər şeyi etdilər. Çox nadir nümunədir ki, bu miqyasda tədbirlər zamanı mülki əhali demək olar ki, zərər görmədi. Hətta BMT əməliyyatlarında belə mülki əhali arasında itki olduğu halda Azərbaycan buna yol vermədi və dünyaya daha bir nümunə göstərdi.

Sentyabrın 19-da Azərbaycan lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Qarşıda duran bütün vəzifələr lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq,  hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi, hərbi texnikası məhv edildi və sıradan çıxarıldı.

Sən bir tarixin ironiyasına bax! Bir zamanlar lovğalıqla tankların, BTR-lərin üstündə Yevlağa kimi gəlib bizi Kür çayına tökəcəklərini  vəd edirdilər. Axır ki, gəldilər. Amma bizi Kür çayına tökməyə yox, 35 il ərzində törətdikləri ciyayətlərə, soyqırımlarına, qətliamlara görə vətəndaşı olduqları humanist Azərbaycan dövlətindən əfv diləməyə... Bu məqamda “Adın nədir, Daşdəmir, yumşalısan, yumşalı” məşhur Azərbaycan atalar məsəlini xatırlamamaq olmur...

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı