22 sentyabr 2023 13:54
375

Könül İsmayılova: Qarabağdakı erməni əsilli vətəndaşlarımız da bundan nəticə çıxarsınlar

Hələ 44 günlük müharibə dövründə Azərbaycan xalqı cənab Prezident, Ali Baş Komandanın ətrafında sıx birləşmişdi. Bu gün də o birlik var.

“İki sahil” xəbər verir ki,  bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciət çıxışını şərh edərkən bildirib.

K.İsmayılova qeyd edib ki, ölkə başçısının diplomatik müharibədə də uğur qazanması xalqımızın inamını bir daha artırır. Budur, artıq antiterror tədbirlərində da uğur qazandıq, üstəlik Qarabağdakı erməni əsilli vətəndaşlarımıza da sahib çıxırıq.

Könül xanım bildirdi ki, Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunan görüş də müsbət həllini tapacaq. Onun sözlərinə görə, Qarabağdakı erməni vətəndaşlarımız nəhayət kimin qanunları altında yaşamaq istədiklərinə qərar verəcəklər:

İşğaldan azad etdiyimiz torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və bu torpaqlarda yaşayan hər kəs – hansı millətdən olmasından asılı olmayaraq – Azərbaycanın vətəndaşı sayılır. Qarabağdakı erməni separatçılar oradakı erməni sakinlər arasında çaşkınlıq yaratsalar da, ölkə başçımız şəxsən erməni əsilli Azərbaycan vətəndaşlarına çağırış etməklə məsələni kökündən çözdü. Bu gün separatçılar tərksilah edilir, torpaqlarımızdan çıxarılır. Bu o deməkdir ki, suverenliyimizin tam bərpası öz həllini tapdı. Azərbaycanda başqa millətlərdən olan vətəndaşlarımız çoxdur və onlar dövlətimizin qanunları ilə yaşayırlar burada. Erməni əsilli vətəndaşlarımız da bu sıradandır.

İndi Qarabağdakı erməni əsilli vətəndaşlarımız da bundan nəticə çıxarmalıdır. Cənab Prezidentimizin də dediyi kimi – “Bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!”