22 sentyabr 2023 12:34
294

Ermənistan və havadarları Prezident İlham Əliyevin son mesajlarından ciddi nəticə çıxarmalıdırlar - Mahir Abbaszadə

"Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər."

Milli Məclisin deputatı Mahir Abbaszadə Ali Baş Komandan İlham Əliyevin sentyabrın 20- də xalqa müraciətində səsələnən bu fikirlərini həm beynəlxalq aləm, həm də işğalçı Erməistan üçün ciddi mesaj olduğunu bildirib.  Deputat «İki sahil» açıqlamasında Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağ iqtisadi zonasında separatçı və terrorçu xuntaya qarşı başlatdığı antiterror tədbirlərinin cəmi bir günə uğurla başa çatmasını da tarixi hadisə adlandırıb: « Artıq ağ bayraq qaldıraraq təslim olan xunta  Azərbaycanın haqlı və ədalətli şərtləri ilə razılaşmaq məcburiyyətindədir.»

Deputat daha sonra Prezident İlham Əliyevin məlum müraciəti ilə bağlı deyib: «Uzun müddətdir ki, bəzi dövlətlər  və beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşməsində xüsusi canfəşanlıq ediblər. Onlar hətta keçmiş Dağlıq Qarabağ probleminin ətrafında bəzi manipulyasiyalar edərək Azərbaycanın haqq işinə kölgə salmağa çalışıblar. Eyni zamanda, həmin qüvvələr tək Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə Cənubi Qafqazda proseslərin qızışdırılmasında və sülh, firavan şəraitdə yaşanılmasına mənfi təsirlər edən hərəkətlər icra ediblər. Bir sözlə, onlar  Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına öz töhfələrini vermək əvəzinə, konktret Ermənistanın tərəfini tutaraq vəziyyəti daha da pisləşdiriblər. Məhz həmin təşkilatların və dövlətlərin atdığı yanlış və qərəzli addımlar sayəsində biz işğaldakı torpaqlarımızı  30 il ərzində  dinc və diplomatik yolla azad etməyə çalışsaq da alınmayıb. Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğal altında olan torpaqlarımızın hamısını geri qaytardı.  Bununla da bütün dünya bizim qətiyyəimizi və böyük  gücümüzü nəinki gördü, hətta bizimlə hsablaşmağa başladı.

Bundan başqa, 2023-ci ilin aprelin 23- də  şərti sərhəddə Laçın sərhəd- məntəqəsinin qurulması ilə ölkəmiz öz gücünü həm işğalçı Ermənistana, həm də onun havadarlavrına bir daha göstərmiş oldu.  Onlar anladılar ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək naminə hər  şeyə qadirdir.»

M. Abbaszadə xüsüsi vurğulayıb ki, özlərini superdövlət adlandıranlar Cənubi Qafqaza yönəlik  siyasətlərində beynəlxalq hüquqa istinad etməlidirlər. Yəni ikili standartlara, qərəzə  yol verməməlidirlər:  «Xüsusilə, Azərbaycanın haqlı mövqeyi birmənalı şəkildə nəzərə alınmalı və Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsinə diqqətlə fikir verilməlidir.»

Elçin Zaman, «İki sahil»