21 sentyabr 2023 22:59
250

Niyyətimiz sülh, anlaşma və qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır - Dönüş nöqtəsi

Dövlət başçısı İlham Əliyev xalqa müraciətində Azərbaycanın, ümumilikdə regionun gələcəyi ilə bağlı fikirlərini açıqladı

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz, məğrur Azərbaycan Ordusu üəzərinə düşən növbəti vəzifəni şərəflə yerinə yetirdi. Sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu. Azərbaycan artıq bütün ərazisinə nəzarət edəcək. «Boz zona» aradan qaldırılır. Növbəti qələbəmiz ordumuzun peşəkarlığının, döyüş ruhunun, planlı şəkildə fəaliyyətinin dünyaya təqdimatı oldu.

Şərtlərimiz qəbul edildi

Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bir daha diqqəti antiterror tədbirlərini şərtləndirən amillərə yönəldərək bildirdi ki, əməliyyatdan bir qədər sonra vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başladı və Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Sentyabrın 20-si səhər beynəlxalq tərəfdaşların verdiyi məlumat bu oldu ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar: «Bizim şərtlərimizi isə mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir.»

Şərtlərimiz qəbul edildi. Hətta bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri təklif etdiyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazır olduqlarını bildirdilər. Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da, düşmənlərimiz də bilir: «Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi.»

Azərbaycan hər zaman sülh tərəfdarı olub. Azərbaycan dövləti 30 ilə yaxın müddətdə Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həlli istiqamətində səylər göstərdi. Təkrar da olsa bu faktları hər zaman qeyd etmək istəyirik ki, rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan etmişdir ki, biz imitasiya naminə danışıqlar aparmaq istəmirik. Mənasız, nəticəsiz danışıqlar yalnız münaqişənin həlli prosesinin uzanmasına xidmət edir. O zaman münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən, hazırda tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədrləri-Rusiya, Fransa və ABŞ problemin hərb yolu ilə həllinin mümkünsüzlüyünü, sülh danışıqlarının səmərə verəcəyini bildirdilər. Reallıqda isə tamamilə başqa bir mənzərə yaşanırdı. Ermənilərin işğal edilmiş ərazilərimizdə qurduqları istehkamlar onların heç zaman torpaqlarımızı geri qaytarmaq niyyətində olmadıqlarını sübut edirdi. Eyni zamanda, yeni ərazilər uğurunda müharibə planı hazırlayan işğalçı dövlətdən torpaqlarımızı geri qaytaracağını gözləmək real idimi? Sadəcə görünən tərəflərdən biri bu idi ki, Ermənistan hakimiyyəti düşünmürdü ki, Azərbaycan Silahlı Qüvvələrinin belə əks-hücum əməliyyatı ilə üzləşəcək, güclü, qüdrətli ordumuz onları diz çökdürəcək, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini edəcək. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi, dünyaya sübut olundu ki, beynəlxalq hüquq, ədalət deyilən məfhum var, sadəcə bugünədək maraqların arxasında əriyib. Dünya gördü ki, bu torpaqların sahibi Azərbaycandır. Ermənilərin istər torpaqlarımızı işğal altında saxladıqları, istərsə də işğaldan azad edildikdən sonra 10 noyabr razılaşmasına uyğun olaraq qaytarmaları ərəfəsində etdikləri vəhşiliklərlə nə zamansa bu torpaqların öz sahibinə qayıdacağını, onlara məxsus olmadığını bildiklərini bir daha nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış edən bir dövlətin hansı inkişafdan danışdığını qeyd etməklə yanaşı, bu siyasətin Ermənistanı uğursuz ölkəyə çevirdiyini qeyd edir.

Cənubi Qafqazda uzunmüddətli sülh şansı...

Azərbaycan müstəqil siyasət həyata keçirən dövlətdir. Bu, hər sahədə atılan addımlardan aydın görünür. Dövlət maraqları hər şeydən öndə saxlanılır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurur. Cənab İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti, müsahibələri Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngin olur. Dövlət başçısı sentyabrın 20-də xalqa müraciətində bu inamı da ifadə etdi ki, atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri sülh danışıqları üçün maneəni aradan qaldıracaq. Bu, Cənubi Qafqazda yeni reallıq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur.Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü tanıyır: «Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin.»

Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması prosesini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını vacib amil kimi önə çəkir. Ölkəmiz tarixi Zəfərimizin ilk günlərindən qarşı tərəfə sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən təklifini təqdim etdi. Bu prinsiplərdən biri təbii ki, BMT-nin sənədlərində təsbit olunmuş hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipidir. Zəfərimizdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərin, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada və Soçidə, ABŞ-ın təşkilatçılığı ilə bu ölkədə baş tutan görüşlərin hər biri sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım kimi dəyərləndirilsə də bəzi ermənipərəst mövqeli dövlətlərin məsələnin həlli prosesinin uzanmasında, yaxud sülh müqaviləsinin imzalanmamasında maraqlı olması diqqətdən kənarda qalmır.

Bakının əsas hədəfi

Azərbaycanın ilk gündən sülh müqaviləsinin imzalanması təklifi regionun gələcəyini necə görmək istəyini açıqlayır. Dövlət başçısı İlham Əliyev hələ 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində Azərbaycanın qələbəsinə böyük əminliklə yanaşaraq Azərbaycanın, ümumilikdə regionun gələcəyi ilə bağlı fikirlərini açıqlayırdı. Təbii ki, əsas hədəf yenə də işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması, ölkəmizin həyantında yeni mərhələnin başlanması idi. Qarabağ münaqişəsi hər zaman regionun iqtisadi inkişafına böyük maneə kimi dəyərləndirilirdi. Tarixi Zəfərimizdən sonra kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması fonunda iqtisadi imkanların genişlənəcəyi xüsusi qeyd edilir.

Reallıq budur ki, inkişaf modelinin tətbiqi ilə iqtisadi uğurlar qazanan, dünyada ən islahatçı ölkə kimi tanınan Azərbaycana maraq daha da artıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsində siyasi, hərbi, diplomatik uğurları ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən Azərbaycanın son üç ilə yaxın dövrdə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, abadlıq, yenidənqurma işləri möhtəşəmliyi ilə diqqəti cəlb edir. Azərbaycan quruculuq işlərini daxili imkanları hesabına davam etdirir.

Ermənistan üzərində Zəfərinə Füzuli şəhərinin azad olunması ilə başlayan, Şuşa istiqamətində uğurlu əməliyyatlar keçirərək düşmənə daha ağır zərbələr vuran Milli Ordumuzun işğaldan azad etdiyi ərazilərdə bərpa işləri sürətlənir, mühüm infrastruktur layihələri həyata keçirilir, ərazilərin su, elektrik enerjisi ilə təminatına, yolların çəkilişinə və bərpasına diqqət yetirilir. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı inamla bildirir ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Zəfərimizdən sonrakı illərdə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri ilə paralel olaraq soydaşlarımızın mərhələli şəkildə bu ərazilərə qayıdışı həyata keçirilir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edildi. 2021-ci ildə Füzuli, 2022-ci ildə Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması bu bölgələrin strateji əhəmiyyətini nümayiş etdirir.

«Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik» sözləri ilə tarixi ədalətin bərpa olunduğunu, ermənilər tərəfindən dağıdılan dini-mənəvi abidələrimizə yeni həyat veriləcəyini, Qarabağın bütün güşələrinin turizm mərkəzinə çevriləcəyini bildirən dövlət başçısı İlham Əliyev vurğulayır ki, bütün işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevriləcək.

Hazırda tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan Ermənistanın işğalçılıq siyasətini Zəfəri ilə sona çatdıran, BMT Təhlükəsizlik Şurasının illərdən bəri həll olunmayan qətnamələrini Azərbaycanın öz gücü ilə həyata keçirməsini ən yüksək tribunalardan qürur hissi ilə qeyd edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək» sözləri dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcəkdən xəbər verir.

Zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi nəhayət rahat nəfəs ala bilər

Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa tarixi müraciətində də bölgəmizdə yeni vəziyyətin yaranmasının labüd olduğunu əminliklə qeyd edərək vurğuladı ki, çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər: «Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.»

Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkədir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin, etnik qrupların, konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi. Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik. «Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq» söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib: «İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!»

Dövlət başçısı İlham Əliyev daim uğurlar fonunda bu reallığı da xüsusi qeyd edir ki, möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət, perspektivə işıq salan hədəflər uğurların davamlılığını şərtləndirir. Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Sentyabrın 19-da saat 13:00 radələrində lokal antiterror tədbirlərinin başlanması və bir gün ərzində uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Dövlət başçısı xalqa müraciətində bizə xor baxanlara, torpağımıza göz dikənlərə, uğurumuzu həzm edə bilməyənlərə də mesajlarını çatdırdı: «Heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!»

Yeganə Əliyeva, «İki sahil»