12 oktyabr 2024 00:57
83

Qürur və iftixarımız: Laçın

"Qarabağın qapısı" adlandırılan Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilməsi həm də haqq savaşımıza, qazanılan Zəfərimizə ehtiram nümunəsidir

Xəbər verildiyi kimi, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Bu barədə Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında söyləyib. "MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar", - deyə dövlətimizin başçısı vurğulayıb.

Bu xəbər həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıq və sevinc hissi ilə qarşılandı. Məlumdur ki, müharibədən az sonra azad ərazilərimizdə müxtəlif mədəni tədbirlərə start verildi. Həmin dövrdən etibarən milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlandı. 2021-ci il “Nizami Gəncəvi İli” elan olundu. O zaman il girər-girməz dövlətimizin başçısının bizi “Nizami Gəncəvi İli” sevinci ilə müjdələməsi mədəni iqlimə köklənməyə gözəl bir vəsilə oldu. 2022-ci il “Şuşa İli” elan edildi. 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. Bununla bağlı Sərəncam bizim bir xalq, dövlət kimi varlığımızın siması – sülhün və mədəniyyətin çağırışçısı statusunda tanıdılmağımız üçün mühüm dəyər kəsb edirdi. İndi də Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi xəbəri hər bir azərbaycanlıya qürur hiss yaşatdı. Bu qərar həm də haqq savaşımıza, qazanılan Zəfərimizə ehtiram nümunəsi kimi səciyyələnir.

Xatırladaq ki, hələ sovetlərin dövründə Ermənistanla həmsərhəd ərazilərimizin hər birində olduğu kimi, Laçının da taleyinə yazılan ağ günlər az olub. İllərlə onun maddi-mədəniyyət abidələrinə biganəlik göstərilib. Ucqar kəndlərinə avtomobil yolları çox gec çəkilən, gözdən-könüldən iraq düşən Laçının da tarixinə vaxtilə "əl uzadılıb". 1923-cü ildə Şuşa qəzası ləğv olunaraq Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Vaxtilə Şuşa qəzasının tərkibində olan Laçın bir ildən sonra inzibati rayon mərkəzinə çevrilib. Qəsəbə statuslu Laçın şəhərinin yerinin seçilməsi məsuliyyəti isə böyük ədibimiz Tağı Şahbazi Simurqa həvalə edilib. O, yeni şəhərə yaxınlıqdakı Laçın dağının adını verib. Qarabağla mənfur qonşuların arasında mərdlik qalası sayılan Laçını tarix boyu torpaqlarımıza göz dikən yağılar, daşnak quldurları "Qarabağın qapısı" adlandırıblar. Laçının şimalında Kəlbəcər, şərqində Xocalı, Şuşa və Xocavənd, cənubunda Qubadlı yerləşir. Qərbdən "qonşusu" olan mənfur ermənilərin illərlə gizli şəkildə apardığı işğalçılıq siyasəti nəticəsində təcavüzün qurbanı olan Laçın və onun əlçatmaz zirvələri zamanın sərt sınaqlarına dözməli olub. Laçın dağlarında qədim və möhtəşəm mədəniyyət abidələri ilə təbiət bir-birini sanki tamamlayırdı. Cicimli, Zeyvə, Malxələf, Malıbəy, Güləbird, Soltanlar, Yənqıça, Bülövlük, Araflı, Əliqululu, Hüsülü, Kosalar, Seyidlər, Pircahan, Kürdhacı və digər kəndlərdəki 12 qoç, 28 at fiquru, rəsmlər, müxtəlif dövrlərdə ərəb əlifbası ilə sal daş üzərində həkk edilən 36 müxtəlif süjetli yazılar, bir-birinə bənzəməyən sənət rəmzləri, qəbirüstü daşlar, məşhur Sarı Aşığın sevgilisi Yaxşının məzarı kimi tarixi abidələr bu torpaqlarda min illər boyu yaşayan əcdadlarımızın bizə yadigar qoyduğu nişanələr idi. Rayonun Cicimli kəndindəki məbəd, qədim anbar, Güləbirddə Sarı Aşığın qəbirüstü ziyarətgahı rayonun tarix-diyarşünaslıq muzeyi əsrlərin canlı salnaməsi idi. Muzeydə toplanmış nadir eksponatlar Laçının zəngin tarixi keçmişi haqqında dolğun təsəvvür yaradırdı. Təəssüf ki, otuz ilə yaxın işğal dövründə bu tarixi incilər də təcavüzün qurbanına çevrildi. Bütün bunlar az imiş kimi, tarixin yadigarları, milli mədəniyyət abidələrimiz olan qala və məbədlər saxtakarcasına erməniləşdirildi.

Ordumuzun şücaəti və Prezident İlham Əliyevin mahir diplomatiyası sayəsində Laçın rayonu 2020-ci il dekabrın 1-də döyüşsüz təhvil alındı. Rəşadətli Azərbaycan Ordusunun yenilməz iradəsi nəticəsində 2022-ci ilin 26 avqust tarixində Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü və bununla Laçının tarixində yeni bir səhifə açıldı. Bu, təkcə müzəffər ordumuzun qazandığı növbəti hərbi uğur deyildi, həm də Azərbaycanın tarixi ədalətinin bərpası idi. Hazırda dayanmadan aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Laçın öz füsunkar simasını bərpa etməkdədir. Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilir. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından birinə çevrilib. Artıq Həkəri çayı üzərində göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar salınıb, kotteclər tikilib. Göldə çimərlik də fəaliyyət göstərəcək. Rayon sakinlərinin və qonaqların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Ötən il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda dönüşünə start verilib. İndiyədək Laçına 3200-ə yaxın əhali köçürülüb. Onlardan 2100-ü Laçın şəhərində, 1100 nəfəri isə Sus və Zabux kəndlərində məskunlaşıb. Sus kəndinin yaxınlığındakı Bəylik kəndinə də 2025-2026-cı illərdə 91 ailənin köçürülməsi planlaşdırılır. Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu gün laçınlılar şəhər gününü doğma evlərində sonsuz qürur və sevinc hissi ilə bayram edirlər.

Sevinc Azadi, “İki sahil”