22 sentyabr 2023 00:48
250

Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! - Prezident İlham Əliyev

Bu günlərdə xalqa müraciətində bu reallığı bir daha diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi, qısa müddətdə başa çatan antiterror əməliyyatında separatçıların qaldırdıqları ağ bayrağın yerində Zəngəzur dəhlizinin açılmasına əminlik yaradan yaşıl bayrağın dalğalanacağı günə az qalıb

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məğlub kimi kapitulyasiya aktını imzalayan Ermənistanın baş nazirinə dəfələrlə bildirildi ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın şərtlərinə görə Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşlara təzyiq göstərən separatçı rejimdə kök salan qanunsuz silahlı dəstələr, terrorçular Xankəndidən, Xocalıdan, Xocavənddən və digər ərazilərdən çıxarılmalıdır. Vətən müharibəsindən sonra Azərbaycanın təklif etdiyi və beynəlxalq hüquqa əsaslanan beş bənddən ibarət sülh sazişini imzalamaqdan müxtəlif bəhanələrlə imtina edən Ermənistana həmçinin dəfələrlə  xəbərdarlıq edildi ki, bu şərtlərdən, məsuliyyətdən yayınma onlara baha başa gələcək. İrəvanın siyasətdən, diplomatiyadan xəbərsiz, dünyadakı hadisələri təhlil etmək bacarığından məhrum başbilənləri əksinə, illərdən bəri onların başının altına yastıq qoyub « miatsum» laylası ilə şirnikdirənlərin dirijor çubuğunun işarəsi ilə hərəkət etdilər. Qəflət yuxusuna gedən haylar röyalarında Şuşada, Cıdır düzündə yaşadıqları xoş günləri görərək « Bəlkə də o yerlərə qayıtdıq!» ümidi ilə günləri yola saldılar. «Ax necə keyf çəkməli əyyam idi!» dedikləri məqamda Fransanın Prezidenti Emmanuel Makronun, din pərdəsinə bürünmüş iranın ayətullaları Qıdı kirvənin dəsmalı ilə onların göz yaşlarını silib yalan vədlərlə aldatdılar.

İllərdən bəri İrandan, Fransadan, ABŞ-dan, Hindistandan, Rusiyadan daşınan istifadə müddəti ötmüş silahlara arxayınlaşaraq gücü, hərbi qüdrəti ilə seçilən Azərbaycanla razılaşmaq barədə düşünmədilər.

Azərbaycanın 30 illik səbrinin 44 gündə uğurla nəticələnən «Dəmir yumruq» əməliyyatını unudan haylar özgələrin atdıqları tula payına şirniklənərək başlarından böyük qələtlər etdilər. Bir şeirdə yazıldığı kimi, aylardan bəri gəzib, dolanıb, ayağı dəydiyi yeri məskən bilib dincələn, qışda isə daldalanmağa yer axtaran Cırcırama kimi Vətəni olmayan ermənilər Makronun, iranlı qaraguruhçuların, Qərbin korrupsioner siyasətçilərinin dili ilə danışdılar.

İkinci Qarabağ müharibəsindən sonra belə sülh sazişinin imzalanması üçün Azərbaycanın diplomatik, danışıqlar yolu ilə apardığı siyasəti dəyərləndirmədilər. Əksinə Xankəndi-Xəlfəli yolundan istifadə edərək separatçılar üçün əlavə silahlar daşıdılar. Havadarlarının yalanlarına, baştumarlamalarına aldanan Nikol «Makron mənə kor deyib, gələn gedənə vur» deyib nəqarətini təkrarladı. Azərbaycanın öz ərazisində yaratdığı Laçın  sərhəd- keçid məntəqəsində mövcud olan sərbəst şəraitdən belə narazılıq edərək bütün dünyaya car çəkdikləri. guya Xankəndidəki «humanitar fəlakət»in pərdəsi arxasında gizləndilər.

Erməni terrorçularının işğaldan azad edilən Azərbaycan torpaqlarında ağac kimi basdırdıqları minaların qurbanlarının sayı artdıqca Azərbaycan xalqının səbr kasası dolub, daşdı. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Ermənistanın başı havalı rəsmiləri separatçıları ərazidən çıxarmaq əvəzinə müharibə hazırlıqlarını sürətləndirdilər, Azərbaycanın mövqelərinə yaxın ərazilərdə mühəndis- texniki istehkamların tikintisinə cəhd etdilər. Beləliklə , separatçılara qarşı antiterror əməliyyatlarının başlanması üçün zərurət yarandı.

Son müsahibələrinin birində Laçın yolu, sülh danışıqları ilə bağlı qərəzli açıqlama verən Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanla Ermənistan arasında diplomatik yolun bitdiyini bildirməsi antiterror əməliyyatlarının başlanmasının işarəsi idi. Laçın yolu ilə bağlı məsələnin Ermənistanın maraqlarına uyğun həlli üçün BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasında israrlı olan Makron sonda istədiyinə nail ola bilmədiyi üçün «Azərbaycanın Laçın dəhlizinin blokadası səbəbindən aclıqdan ölmək ərəfəsində olan 120 minlik Qarabağ ermənisinə yardım göstərilməsi bəhanəsi»ilə yeni hiylələrə əl atdı. Azərbaycana qarşı təxribatın nümunəsi olan Xankəndiyə Fransadan göndərilən humanitar yükün Laçın sərhəd-buraxılış məntəqəsindən buraxılmamasını bəhanə edərək beynəlxalq ictimaiyyəti «Qarabağın 2500 ildən artıq erməni torpağı olduğu» yalanına inandırmaq üçün ideoloji təxribatını genişləndirən Makron Ermənistanı bilərəkdən müharibəyə sürüklədi. Ancaq ermənilər «qonşuya ümid olanın şamsız qalma” ehtimalı»nı hər zaman unudurlar. Guya ağır silahlardan istifadə etməklə Qarabağda ermənilərin yaşadıqları məntəqələrə Azərbaycan tərəfindən hərbi əməliyyata başlanmasını bəhanə gətirən Fransa Qarabağda lokal antiterror əməlyyatları zamanı ərköyün Ermənistanı meydanda tək qoydu.
 Azərbaycanı dərhal hücumu dayandırmağa və beynəlxalq hüquqa hörmət etməyə  çağıran Makron Eyfel qülləsindən «qorxma-qorxma» deməklə Ermənistana dəstəyini bitmiş hesab etdi. Nəticədə isə 9 noyabr 2020-ci ildəki hadisələr təkarlandı. Bu günlərdə separatçılara qarşı aparılan antiterror tədbirləri zamanı qüdrətli Azərbaycan Ordusunun gücü qarşısında dayana bilməyən Nikolun bivec komandası, erməni separatçıları, quldur dəstələri ağ bayraq qaldırdılar. «Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir» söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu dəfə də vədinə əməl etdi. Separatçılar ağ bayraq qaldıran kimi lokal antiterror tədbirləri dayandırıldı.

20 sentyabr 2023-cü ildə televiziya ilə Azərbaycan xalqına müraciət edən dövlət başçımız İlham Əliyev «Bizim şərtlərimizi isə mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir» söyləməklə əlavə olaraq bildirib ki, Ermənistanın baş naziri əgər vaxtilə «Qarabağ Ermənistandır və nöqtə»” deyirdisə, indi «Qarabağ Azərbaycandır”» deyir. Nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur.

Yevlax şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin qümayəndələri ilə  və Qarabağdakı erməni icmasının nümayəndələrinin görüşü zamanı isə artıq gələcəkdə Azərbaycanın Konstitusiyasına uyğun görüləcək işlər, birgəyaşayış üçün lazımi şərtlər geniş müzakirə olundu. Bu görüş fəaliyyətləri bölgəyə turist səfərlərini xatırladan  artıq dəfn edilmiş ATƏT-in Minsk qrupunun 30 illik «xidmətlərindən» daha səmərəli və tərəflər üçün əhəmiyyətlidir, qanunauyğundur.

Bu görüşün keçirilməsi ilə Zəngəzur dəhlizinin açılmasını istəməyən Ermənistanın , İranın, Fransanın və digər erməni havadarlarının bəhanələrinə də son qoyulacaq. Prezident İlham Əliyevin «İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!» sözləri haylara və havadarlarına daha bir qulaqburmasıdır. Separatçıların ağ bayrağı isə Zəngəzur dəhlizinin yolunda dalğalanacaq «yaşıl bayrağın» müjdəçisidir.

Fransızsayaq dəstəkçilərin, bölgədən uzaqda olsalar da Cənubi Qafqazdakı hadisələrə müdaxilə edənlərin erməni xalqından vasitə kimi istifadə eğmələrinin yaratdığı mənzərə göz qabağındadır. Öz maraqları naminə haylara «dəstək verən» Qərbin korrupsiyalaşmış siyasətçilərinin saxtakarlıqları beynəlxalq təşkilatların fəaliyyətində, əsassız qətnamələrin qəbulunda da hiss olunur.
 «Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!» söyləyən Prezident İlham Əliyev qətiyyətli dövlət başçısı kimi araqarışdıranların bölgəmizdən kənarda durmalarını tələb edir.

Separatçıların təslim olub, silah-sursatlarını təhvil vermələri ümidlər yaradır ki, Azərbaycanla və Ermənistan öz aralarındakı bütün problemləri ədalət, beynəlxalq qanunlar, tarixi faktlar əsasında tənzimləyəcək, sülh müqaviləsi imzalanacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Eyni zamanda, bölgədə vəziyyəti gərginləşdirməyə çalışanlara bildirilir ki, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər üçün «dəmir yumruq»” yerindədir və hər zaman yerində olacaq! «Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!» Dövlət başçımızın bu sözləri makronlara, mollakratiyalara, ümumiyyətlə qıraqda durub ortalığı qarışdıran hər kəsə son, qəti, cəsarətli xəbərdarlıqdır.

Xuraman İsmayılqızı, «İki sahil»