22 sentyabr 2023 01:56
347

Çox nadir nümunə: Mülki obyektlər, mülki əhali hədəf olmadı

Azərbaycan bir daha bütün dünyaya örnək oldu. Lokal antiterror tədbirləri zamanı yalnız hərbi hədəflər vuruldu. Hətta BMT-nin bu cür  əməliyyatlarında belə mülki əhali arasında itkilər olur

Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirdiyi lokal xarakterli antiterror tədbirləri cəmi 24 saat ərzində başa çatdı.

Təbii ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağdakı bədnam xunta rejimi Azərbaycanın tələblərini yerinə yetirməyə hazır olduğunu bildirdi.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də günorta saatlarında lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Əldə edilən razılaşmaya görə, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Həmçinin yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib ki, Prezident Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş təşkil olunur.

Bütün bunların fonunda sentyabrın 21-də  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirildi.

Böyük qürur hissi ilə demək lazımdır ki, sentyabrın 19-da başlayan lokal antiterror tədbirləri ölkəmizin başçısının bildirdiyi kimi, uğurla başa çatdı. Azərbaycan öz suverenliyini bərpa etdi.

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğur əldə edildi, strateji hədəflərə tam nail olundu. Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini bildirib: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.

Ən əsası odur ki, Silahlı Qüvvələrimiz yaşayış məntəqələrinə daxil olmadı. Yalnız kommunikasiyalar və yüksəkliklər nəzarətə götürüldü. Yalnız hərbi hədəflər vuruldu. Həmçinin lokal antiterror tədbirləri zamanı mülki obyektlər, mülki əhali hədəf olmadı.

Əməliyyat başlamazdan əvvəl ölkəmizin başçısı tərəfindən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilib ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməsin və mülki əhali qorunsun. Yüksək dəqiqliyə malik silahlardan istifadə edən hərbiçilərimiz bu tapşırığı yüksək peşəkarlıqla yerinə yetirdi.

Dövlətimizin başçısı bildirib ki, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər: “Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.

Bəli, cox nadir nümunədir ki, bu miqyasda tədbirlər zamanı mülki əhali demək olar ki, zərər görmədi. Hətta BMT əməliyyatlarında belə mülki əhali arasında itki olur. Azərbaycan bir daha bütün dünayaya nümunə göstərdi.

Zahid Rza, “İki sahil”