22 sentyabr 2023 02:57
346

Dünyaya daha bir nümunə

BMT əməliyyatlarında belə mülki əhali arasında itki olduğu halda, lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali zərər görmədi, yalnız hərbi hədəflər vuruldu, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görüldü

Ermənistanın işğalına son qoyulmasından keçən 3 il müddətində Azərbaycanın səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi, üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozdu, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini davam etdirdi. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təqribən 10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq qalmaqda idi. Həmçinin xeyli sayda zirehli texnika, raket sistemləri, ağır artilleriya qurğuları həmin ərazilərdə yerləşdirilmişdi. Niyyət isə bəlli idi: hərbi təxribatları davam etdirmək, separatizmi qızışdırmaq. Ermənistanın məğlub ölkə libasında imza atdığı üçtərəfli Bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışması antiterror əməliyyatını labüd etdi. Nəticədə Azərbaycan Ordusu növbəti dəfə dünya hərb dərsliklərinə salınacaq tarixi qələbəyə imza atdı. Sentyabrın 19-da günorta saatlarında başlanan lokal xarakterli antiterror tədbirləri sentyabrın 20-si sürətli, peşəkar və uğurlu şəkildə başa çatdırıldı. Nəticə: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Artıq Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə rəsmi Bakı arasında görüş baş tutub. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə olunub.

Lokal xarakterli antiterror əməliyyatı zamanı Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməyə nail oldu. Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki əhalini hədəf götürmədi, yalnız hərbi hədəflər vuruldu, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görüldü, əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olunmadı. Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq, yaranan problemlərinin həlli ilə bağlı hərbçilərə müraciət edilmək tövsiyə olundu, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər görüldü. Həmçinin Azərbaycan tərəfi sülhməramlıların öz funksiyalarını yerinə yetirməsi üçün tam şərait yaratdı. Antiterror tədbirləri zamanı sülhməramlılar da əhalinin təhlükəsizliyi ilə məşğul oldular. Rusiya sülhməramlıları Qarabağ əhalisinə tibbi və humanitar yardım göstərmək üçün lazım olan hər şeyi etdilər. Çox nadir nümunədir ki, bu miqyasda tədbirlər zamanı mülki əhali demək olar ki, zərər görmədi. Hətta BMT əməliyyatlarında belə mülki əhali arasında itki olduğu halda Azərbaycan buna yol vermədi və dünyaya daha bir nümunə göstərdi.

Aydındır ki, Azərbaycan 30 ilə yaxın bir müddətdə siyasi iradə nümayiş etdirərək məsələlərin dinc yolla həlinə çalışdı. Lakin erməni separatçıları göstərdilər ki, onlar sülh dilini yox, sopa dilini anlayırlar. Müxtəlif sərt bəyanatlar səsləndirən Qarabağdakı qondarma rejim Azərbaycan Ordusunun gücü qarşısında heç bir gün də dayana bilmədi. Cəmi 23 saat çəkən lokal antiterror əməliyyatlarına tab gətirməyən ermənilər ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan öz ərazisində “boz zona”nın yaradılmasına imkan vermədi. Bütün dünyaya növbəti dəfə öz hərbi və siyasi gücünü göstərdi! Danışıqlar Brüsseldə, Moskvada və digər xarici şəhərlərdə yox, Azərbaycan ərazisində - Yevlaxda baş tutdu. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər, Azərbaycan qanunlarına tabe olanlar Azərbaycan vətəndaşı kimi Xankəndidə və digər ərazilərimizdə yaşaya biləcəklər. Qondarma rejim və onun nümayəndələri, Qarabağdakı Ermənistan ordusunun tör-töküntüsü ərazilərimizi tərk edəcəklər. Azərbaycan növbəti dəfə göstərdi ki, şərtləri diktə edən tərəf kimdir, reallıqları formalaşdıran kimdir. Bundan sonrakı mərhələdə isə bölgədə quruculuq və reinteqrasiya prosesinə start veriləcək. Azərbaycan vətəndaşları Azərbaycan Bayrağı altında təhlükəsiz formada yaşayacaq.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi kimi: “Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Sevinc Azadi, “İki sahil”