21 sentyabr 2023 16:15
412

Qarabağ bölgəsində antiterror tədbirləri həyata keçirmək Azərbaycanın suveren hüququdur

Tarixən  kiməsə  yarınmaq, imkan düşən kimi öz ağasına  belə asi olmağı özlərinin həyata  devizinə  çevirmiş  ermənilər  onlara verilən  tarixi vürsəti yenə  əldən verdilər. 2020- ci ilin 10  noyabrında  imzalanmış  üçtərəfli Bəyanatın müddəalarından biri də Ermənistan silahlı qüvvələrinin  Azərbaycan ərazisindən çıxarılması, orada yaşayan  Qarabağın  erməni əhalisinin  reinteqrasiya  məsələsi  daim bu üç il ərzində Azərbaycan tərəfinin gündəmində olmuşdur  və bununla  bağlı dəfələrlə  Ermənistan tərəfinə  təkliflər verilmişdir. Ancaq  nə fayda ki,  “Dəmir yumuruğ”un dadını yenidən dadmaq istəyən separatçı rejim 19 sentyabr 2023-cü il tarixində 23 saat 43 dəqiqəlik  antiterror tədbiri qarşısında aciz qalaraq,  ağ bayraq  qaldıraraq Azərbaycanın təkliflərini qəbul etdilər. Bu tədbirlərin aparılmasına qarşı çıxan  qatı ermənipərəst  mövqeyi ilə çıxış edən nə  Fransa, nə də ki, Qərbin bir  sıra dairələri Prezident  İlham Əliyevin Strateqliyi qarşısında mat qaldılar.

Son bir neçə ayda  Azərbaycanın Qarabağ bölgəsindəki  Ermənistan silahlı qüvvələrinin birləşmələri  tərəfindən  Azərbaycan Ordusunun  mövqelərinin  müxtəlif  çaplı silahlardan sistemli şəkildə  atəşə tutulması , ərazilərimizin minalanmasının  davam etdirilməsi, döyüş  mövqelərinin  mühəndis  istehkam  tədbirlərinin təkmilləşdirilməsi , eləcə də səngər və sığınacaqların sayının  artırılması gərginliyin artmasına  səbəb olmuşdur. Sentyabrın 19-da  Ermənistan silahlı qüvvələrinin  Azərbaycanın Qarabağ bölgəsində  yerləşən birləşmələrinin  kəşfiyyat –diversiya qrupları tərəfindən  Əhmədbəyli-Füzuli-Şuşa  avtomobil yolunda  terror məqsədilə  əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə  məxsus nəqliyyat  vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan  nəqliyyat vasitəsinin də  Ermənistan silahlı qüvvələrinin  kəşfiyyat-diversiya  qrupları tərəfindən  quraşdırılmış minaya düşməsi  nəticəsində  hərbi qulluqçularımız  həlak olmuş və yaralanmışdır. 10  noyabr 2020- ci ildə  imzalanmış  üçtərəfli bəyanatın müddəalarına  zidd  olaraq  Azərbaycanın Qarabağ bölgəsindəki  Ermənistan  silahlı qüvvələrinin  birləşmələrinin mövcudluğunu  davam etdirməsi  regional sülh və sabitlik  üçün ciddi  təhlükə  mənbəyidir. Odur ki, üçtərəfli  bəyanatın müddəalarının  təmin olunması,  Qarabağ iqtisadi rayonunda  törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə, Ermənistan silahlı qüvvələrinin  birləşmələrinin  tərksilah edilərək ərazilərimizdən çıxarılması , onların hərbi  infrastrukturunun  zərərsizləşdirilməsi, işğaldan azad edilmiş  ərazilərə qayıdan dinc  əhali, habelə  bərpa quruculuq  işlərinə cəlb olunmuş mülki işçilər  və hərbi qulluqçularımızın təhlükəsizliyinin  təmin olunması  və Azərbaycan Respublikasının Konstitusiya  quruluşunun  bərpa edilməsi məqsədilə  bölgədə  lokal xarakterli antiterror  tədbirləri aparılmışdır. Antiterror  tədbirləri çərçivəsində  Ermənistan silahlı qüvvələrinin  birləşmələrinin  ön xətt və dərinlikdə olan  mövqeləri və uzunmüddətli  atəş nöqtələri, eləcə də döyüş vasitələri  və hərbi təyinatlı  obyektləri yüksək dəqiqliklə sıradan çıxarılmışdır.

İstənilən tapşırığı yerinə yetirməyi qarşısına məqsəd qoymuş  Azərbaycan Ordusu bu sınaqdan da üzüağ  çıxdı. Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarının qüsursuz və qalibiyyətlə yerinə yetirilməsi xalqımızın orduya və Ali Baş Komandana  etimad və etibarını bir daha  möhkəmləndirmiş oldu.

Bəli, cənab Prezident  İlham Əliyev  həqiqətən xalqın sevgisinə layiq bir şəxsiyyətdir. Elə bir şəxsiyyətdir ki, bu gün onun mahir  diplomat olmasını  nəinki  xalqımız, dünyanın bir çox nüfuzlu şəxsləri, dövlət başçıları, siyasi xadimlər, beynəlxalq   siyasi və iqtisadi sahədə  fəaliyyət göstərən ekspertlər onun peşəkar diplomat,  fenomen şəxsiyyət, müdrik  rəhbər olmasını şəksiz qəbul edirlər. Budur  cənab  İlham Əliyevin Zəfər   dastanı...  

Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi