20 sentyabr 2023 21:15
281

Dünyada ədalət var və bunun qarşısını almaq mümkün deyil - Nizami Cəfərov

Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm Qələbəsinin, yəni Vətən müharibəsi səviyyəsində olan bir Zəfərin üçüncü ildönümündə yenidən Ordumuz bizə qələbə sevinci yaşatdı. Bu dəfə Ermənistanın tör-töküntülərini ilə üz-üzə gəldik. Elə məqamlar var ki, o, tarix adlanır. Elə məqamlar da var ki, o, tarixdən sonrakı dövr kimi qiymətləndirilir. Ermənistan öz məğlubiyyəti ilə barışmaq istəmədi və daha böyük bir məğlubiyyətə düçar oldu. Bundan sonra da Ermənistan nə vaxt, belə bir fikrə düşsə, yenə də cəzasını alacaq.

Bu fikirləri “İki sahil”ə açıqlamasnda Milli Məclisin deputatı Nizami Cəfərov deyib.  

Onu sözlərinə görə 1990-cı illərin əvvəllərində Sovetlər Birliyi çökəndən sonra onun tərkibindəki bütün xalqlar azadlıq aldılar, müstəqillik qazandılar. Amma hər xalq bu müstəqillikdən bir cür nəticə çıxartdı. Azərbaycanda müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkədə müəyyən hərc-mərclik hökm sürürdü. Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmiz xilas oldu və tədricən çox güclü bir ölkəyə çevrildi. Dövlətimiz bu gün güclü, qüdrətli dövlətə çevrilib. Amma Ermənistan hansı vəziyyətə düşdü? Ermənistan tipli dövlətlərin müstəqil yaşamaq imkanı yoxdur. Bu cür xalqlar mütləq hansısa bir dövlətin tərkibində olmalıdırlar. Ermənistanın müstəqillik illəri bu ölkənin əhalisinin sayının 2 dəfə azalması ilə müşayiət olundu.

Nizami Cəfərov bildirib ki, amma belə görünür ki, 44 günlük məğlubiyyətdən sonra 24 saatlıq məğlubiyyətə də ehtiyac var imiş.  Belə məğlubiyyət hələ heç vaxt tarixdə görünməyib. Bu qələbəmiz sadəcə Azərbaycan dövlətinin öz ərazi bütövlüyü ilə bağlı apardığı tarixi mübarizənin nailiyyəti deyil. Eyni zamanda, bu yanaçmanı dəstəkləyənlərə bir dərsdir. Ermənistan da, havadarları da dərs götürsələr, yaxşı olar. Belə münasibət heç vaxt tarixdə bağışlanmır. Bununla möhkəm bir məntiq sübut edir ki, bu dünyada haqq və ədalət var, bunun qarşısını almaq mümkün deyil.

Cavid Əkbərov, “İki sahil”