21 sentyabr 2023 00:23
329

“Kərimə” kərimin "quyu"suna düşdü...

İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm qələbəsindən sonra İran onsuz da həmişə bizə olan soyuq münasibətini qızışdırıb düşmənçilik həddinə çatdırdı. "Azərbaycan" sözünü eşidəndə belə allergiyası tutan bədxahlarımız bu səbəbdən Şimali Azərbaycanı "Bakı respublikası" adlandırır, işğalda saxladığı Cənubi Azərbaycanı isə ostanlara parçalayıb yox etməyə girişir.

Ermənistan üzərindəki Qələbəmizi gözü götürməyən qonşu dövlət Azərbaycan ərazisində casus şəbəkəsi təşkil edərək konkret tapşırıqlar verdi. Separatçı dəstələrin üzvləri narkotik və silahlarla təmin edildi. Azərbaycanda, xüsusilə Bakı şəhərində mövcud olan ayrı-ayrı qruplar müxtəlif vaxtlarda öz varlıqlarını nümayiş etdirmək üçün hətta silahlı insidentlər də törətdilər, qarışıqlıq salmağa cəhd etdilər. Taleh Bağrzadənin başçılıq etdiyi radikal dəstənin Nardaranda qanlı hadisələr törətməsi yaddaşlardan silinə bilməz. Bundan sonra xüsusi təlimatlandırılmış satqınlar ətraflarına daha çox tərəfdar toplamaq məqsədilə zərərli dini ədəbiyyat yayır, nifaq salan dini təbliğat aparır, həssas insanları pulla şirnikləndirərək öz sıralarına qoşurdular. Ancaq sayıq xüsusi xidmət orqanlarımız onları aşkar edərək zərərsizləşdirdilər. İranın tapşırığı ilə “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Acınacaqlıdır ki, “kərimə” sözünün mənasını belə bilməyən bir çoxları İslam dininin qanunlarına zidd olaraq qan tökməklə “dövlət” qurmaq kimi mənfur niyyətlərə qulluq ediblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Qeyd edək ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayonunun sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.  

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.

Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.

Dəstə üzvləri, eyni zamanda, İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitin bir hissəsini mənimsəyib harın həyat sürüblər.  Digər qismini isə Azərbaycanda dini radikalizmin təbliğinə və başqa pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

İranın ölkəmizə qarşı niyyətləri məlumdur. Bunu bütün soydaşlarımız bilir. Lakin burada təəssüf doğuran odur ki, bəzi soydaşlarımız pul müqabilində öz vicdanlarına ləkə gətirir, düşmənə qulluq edərək onun dəyirmanına su tökürlər. Onlara ar olsun!

Vəli İlyasov, “İki sahil”